Ana səhifə

Türkiyə əməliyyata başlasa: Putin kimi seçəcək?

    Tarix: 18-01-2018 17:12   
Türkiyə əməliyyata başlasa: Putin kimi seçəcək?

Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki YPG terrorçularına qarşı hücuma tam hazır vəziyyətə gətirilib. Son məlumatlara görə, Türkiyə silahlı qüvvələrinə məxsus artilleriya Afrindəki PYD/YPG mövqelərini top atəşinə tutur. Reyhanlı və Hassa əyalətlərinə daşınan qoşun hissələri daha sonra Türkiyənin Hatay vilayətinə gətirilib. İrimiqyasılı hərbi əməliyyata Hatay istiqamətindən start veriləcəyi gözlənilir. Zirehli texnika və tanklar isə xüsusi maşın karvanı ilə Qazientepə və Hataya gətirilib. Bölgədən gələn kəşfiyyat məlumatlarına görə, mülki əhali Afrini tərk edərək Hələb şəhərinin şimalına köçür.

ABŞ-ın son günlər tərkibinə PYD/YPG terror təşkilatının üzvlərinin də daxil olduğu 30 min nəfərlik sərhəd-mühafizə qüvvələrini yaratdığını və bu hərbi qüvvəni ağır silahlarla təmin etdiyini nəzərə alsaq, Afrin istiqamətində döyüşlərin gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Türkiyə Afrini terrorçulardan azad etməklə PKK-nın Aralıq dənizinə çıxışının qarşını almağa çalışır. Əks təqdirdə, PKK şimali İraqdan Suriyanın Menbiç bölgələri də daxil olmaqla Afrin üzərindən Aralıq dənizinə çıxış əldə etməyi planlaşdırır. Kürd terrorçular Menbiçlə Afrin arasında əlaqə yaratmaq üçün Türkiyə silahlı qüvvələrinin nəzarətində olan Əl-Bab-Hələb-İdlib-Afrin yolunu, ya da Suriya ordusunun əlində olan Hələbin şimalından keçməklə İdilbdən Afrinə qədər uzanan yolu ələ keçirməlidir.

Bu halda YPG yaraqlıları ya Türkiyə, ya da Rusiya silahlı qüvvələri ilə ağır döyüşə girməli olacaq. ABŞ-ın verdiyi zirehli texnikanın və raketlərin köməyi olmadan PKK terrorçuları belə çətin döyüşdə məqsədlərinə nail ola bilməzlər. Çox güman ki, PYD/YPG-yə yüksək səviyyədə silahlandırılmasının əsas hədəflərindən biri də Türkiyəyə və Rusiyaya qarşı müqavimət üçün hesablanıb. Eyni proses Afrin- Aralıq dənizi dəhlizi istiqamətinə də aiddir. YPG yaraqlıları Aralıq dənizinə Türkiyənin Hatay bölgəsini işğal etmək və ya Suriyanın Lazkiyə əyalətinin şimalını ələ keçirməklə çıxış təmin edə bilər. Hər iki halda da kürd yaraqlıları Türkiyə və Rusiyanın sərt müqaviməti ilə üzləşəcək. Çünki Hatayın işğalı Türkiyənin ərazi bütövlüyünün pozulmasıdırsa, Lazkiyə əyaləti də Rusiya hərbi bazalarının nəzarətindədir. Ona görə də rəsmi Ankara Ağ Evin Suriyada YPG-nin iştirakı ilə 30 minlik ordu yaratmaq qərarını Türkiyənin suverenliyinin pozulması kimi qymətləndirib.

Türkiyə ilə ABŞ-ın normal olmayan diplomatik münasibətləri ən gərgin səviyyəyə çatıb. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, Afrin əməliyyatını keçirməkdə qərarlı olduqlarını bildirib. Türkiyənin dövlət başçısı jurnalistlərlə görüşündə Afrin üzərinə hücumun Azad Suriya Ordusu ilə birgə həyata keçiriləcəyini açıqlayıb. Hətta Ərdoğan bu məsələni müzakirə etmək üçün amerikalı həmkarı Donald Trampa telefon zəngi etmək istəmədiyini bildirib. “O, mənə zəng etsin, mən nəyə görə ona zəng etməliyəm?”-deyə Ərdoğan ultimativ şəkildə etirazını bildirib.



Pentaqonun sözçüsü Adrian Ranki Qallovi isə ABŞ-ın Afrindəki PYD qüvvələrinə hər hansı dəstək vermədiyini söyləyib. Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akarla ABŞ-ın müdafiə naziri Ceyms Məttsin görüşü fonunda Pentaqonun bəyanatı özünü daha çox siyasi cəhətdən sığortalamaq cəhdi kimi başa düşülə bilər. Ancaq Qallovinin Birləşmiş Ştatların Afrindəki PYD qüvvələrinə dəstək vermədiyini xüsusi vurğulaması Kobanidə və ya Menbiçdən fərqli olaraq bu bölgədə hərbi əməliyyatların aparılmasına Vaşinqtonun etiraz etməyəcəyi anlamına da gələ bilər.

Məsələni ABŞ-ın dövlət katibi Reks Tillerson və müdafiə naziri ilə müzakirə edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə hərbi əməliyyatın Afrinlə yekunlaşmayacağını deyib: “Mən Kanadanın Vankuver şəhərində Tillersonla görüşümdə bildirdim ki, əlaqələrimizin geriyədönməz bir hala gəlməsini arzu etmirik. Ancaq vəziyyət o həddə çatarsa, çox ciddi qarşılığı olacağını da dedim. Afrindəki YPG/PKK-yə yönəlik tədbirlərimiz sadəcə Afrinlə bitməyəcək, bura Menbiç və Fərat çayının şərq hissəsi də var”-Çavuşoğlu belə deyib.

Siyasi müşahidəçilərin fikrincə, Türkiyənin Afrində hərbi əməliyyatlara başlaması Rusiya ilə münasibətlərə də mənfi təsir göstərə bilər. Buna səbəb Türkiyənin Bəşər Əsədə qarşı döyüşən Azad Suriya Ordusu ilə birgə hərəkət etmək qərarıdır. Əgər Afrin Türkiyənin nəzarətinə keçərsə, Suriyanın əsas strateji ərazilərindən biri, o cümlədən, İdlib və Quta əyalətlərində şimalı ASO-nun mövqeləri möhkəmlənəcək. Vəziyyətin belə dəyişməsi İdlibi tutmaq üçün hərbi əməliyyatları gücləndirən Əsəd ordusuna ciddi maneə yaradır. Son zamanlar Bəşər Əsəd rejiminə qarşı Ərdoğan iqtidarının artan sərt bəyanatları fonunda Afrinin Türkiyənin və ASO-nun nəzarətinə keçməsi rəsmi Dəməşqlə gərginliyi artıra bilər. Bu da öz növbəsində Rusiya ilə Türkiyənin Suriya böhranının həllinə dair mövcud olan taktiki müttəfiqliyini pozacaq addım hesab edilir. Təbii ki, Rusiya-İran-Türkiyə üçbucağının siyasi çat verməsi ilk növbədə, bölgədə getdikcə hərbi mövqelərini möhkəmlədən ABŞ-ın maraqlarına uyğundur. Lakin Türkiyənin indiki situasiyada Suriyadan sıxışdırılması və Amerikanın geosiyasi təsir zonasının genişlənməsi nəticə etibarı ilə Rusiya və İran üçün də əlverişli deyil. Çünki bu gün faktiki olaraq, Suriya daha çox iki böyük güc mərkəzinin-Rusiyanın və YPG-nin vasitəsilə ABŞ-ın nəzarət zonasına bölünmüş durumdadır.

Əgər Türkiyə silahlı qüvvələri Suriya ərazisni tərk edərsə, şimal bölgələri ABŞ tərəfindən yaxşı silahlandırılmış YPG -nin vasitəsilə Amerika orsusunun nəzarətinə keçə bilər. Bu isə Bəşər Əsədin hakimiyyətini bərpa etdiyi əraziləri yenidən itirməsi deməkdir. Ona görə də indi siyasi ekspertlər Rusiyanın Afrin əməliyyatında köhnə müttəfiqi olan kürdlərə, yoxsa Türkiyəyə dəstək verəcəyi sualına cavab axtarır. Ancaq mövcud durum taktiki baxımdan, Moskvanı nə qədər qane etməsə də strateji planda Rusiya Cerablusun şərqində qərargah qurmuş YPG-ni qurban vermək məcburiyyətindədir. Çünki PYD/YPG-nin Moskvada rəsmi təmsilçiliyinin olmasına baxmayaraq, ABŞ-ın yanında yer alır. Adıçəkilən terror təşkilatının bütün fəaliyyəti isə Rusiya-Türkiyə-İran ittifaqının Suriyadakı varlığına son qoyulmasına yönəldilib. Onlara yalnız bu məqsədə çatdıqdan sonra Türkiyəyə qarşı ərazi iddiasında dəstək veriləcəyi vəd edilir. Bunun isə olub-olmayacağını indi söyləmək mümkün deyil. Ona görə də Rusiyanın separatçı kürd təşkilatına qarşı mübarizədə Ankaranı dəstəkləməli olacağı ehtimalı yüksəkdir.

Müşfiq Abdulla

Cebhe.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net