Ana səhifə

Kreml Qarabağ planının üstündən xətt çəkdi: Lavrovun bəyanatının görünməyən üzü

    Tarix: 16-01-2018 16:27   
Kreml Qarabağ planının üstündən xətt çəkdi: Lavrovun bəyanatının görünməyən üzü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi illik mətbuat konfransında Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi barədə jurnalistlərin suallarını cavablandırıb.

Cebhe.info xəbər verir ki, Rusiyanın baş diplomatı münaqişənin həllinin tərəflərin siyasi iradəsindən asılı olduğunu deyib.

“Qarabağ problemi bir sənədlə həll oluna bilməz. Tərəflərin mövqelərini yaxınlaşdırmaq, onlardan münaqişənin bu və ya digər aspektinə uyğun yanaşmaları ayırmaq, tərəfləri bəzi məsələlərdə ortaq məxrəcə gətirə biləcək kompromisləri təlqin etmək üçün son illər intensiv səylər göstərmişik. Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın konkret planları ola bilməz, bu səbəbdən də problemi yalnız tərəflər özləri həll etməlidirlər”, - deyə Sergey Lavrov vurğulayıb.

Rusiyalı nazir qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri - ABŞ və Fransayla birlikdə Dağlıq Qarabağ münaqişənin həlli üçün hər şeyi edir.



Rusiyanın planı yoxdur, çünki….

Sergey Lavrovun çıxışında diqqətçəkən əsas məqam ilk növbədə Rusiyanın münaqişə ilə bağlı planının olmadığı və həll prosesinin tərəflərin siyasi iradəsindən asılılığı iddiasıdır. Hesab etmək olar ki, o, son zamanlarda Qarabağ probleminin həlli ilə əlaqədar Kremldə həlledici planının olması ilə bağlı irəli sürülən ehtimalların üzərindən xətt çəkdi. Lakin məsələ bu da deyil. Əslində Sergey Lavrov dolayı yolla tərəflərə onu izah etməyə çalışdı ki, indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün prioritet deyil. Ehtimal etmək olar ki, rusiyalı nazirin məntiqi bundan o tərəfə keçmir. Nəzərə alsaq ki, Rusiya mart ayında keçiriləcək prezident seçkilərinə hazırlaşır, bu baxımdan da ən az bu il üçün də Moskvanın Qarabağ məsələsinə az diqqət yetirəcəyi ehtimalına inanmaq olar. Digər yandan da ABŞ-la münasibətləri yenidən gərginləşən Rusiya əsas diqqətini Suriyaya ayırıb. Bu fonda Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol oynayacağını gözləmək ən az indiki məqamda inandırıcı gəlmir. Keçən ilin son aylarında Qarabağ problemini daha çox özünə yaxın politoloqlar və media qurumları vasitəsilə gündəmə gətirən Rusiya bir tərəfdən də nizamlanma prosesindəki fəaliyyətini Minsk qrupu çərçivəsində verilən ümumi bəyanatlarla yekunlaşdırır. Lavrov Ermənistanda səfərdə olarkən də açıq şəkildə bütün gözləntilərin üzərindən xətt çəkərək, həll prosesində heç bir irəliləyişin olmadığını dedi.

Bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Rusiya lideri Vladimir Putin Qarabağ probleminin həllinə inanmadığını deməklə, o ehtimalı təsdiq etdi ki, məsələ hələlik Kremlin maraq dairəsində deyil. Ara-sıra Moskvadan verilən açıqlamalara gəlincə, Rusiya bunu protokola uyğun olaraq - Minsk qrupunun üzvü kimi dilə gətirir. Yəni, bu format çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əsasən tamamilə səssiz qalmamalıdır və zaman-zaman ümumi, yaxud nəzəri açıqlamalar verərək, münaqişənin nəzərdə olduğunu və nə vaxtsa bu məsələyə qayıda biləcəkləri ehtimallarını yaradır. Amma Rusiya aktiv şəkildə “Qarabağ masası”na yenidən qayıdacaq. Lakin bunun nə vaxt baş verəcəyi naməlumdur.

Vasitəçilik imitasiyası

Sergey Lavrovun münaqişənin həllinin tərəflərin iradəsindən asılı olduğu iddiasına gəlincə, əlbəttə, bu nöqtədə rusiyalı diplomatın səmimiliyinə inanmaq mümkün deyil. Çünki ən az münaqişə tərəflərindən biri kimi qeyd edilən Ermənistanın bu prosesdə tərəf və söz sahibi olmadığını Lavrovun özü də bilir. Bu baxımdan, ehtimal etmək olar ki, Lavrov “münaqişə tərəfləri” deyəndə Azərbaycan və Rusiyanı, daha doğrusu münaqişənin həlli qarşılığında Moskvadan Bakıya edilən təklifləri nəzərdə tutur. Əlbəttə, Moskvanın təklif, yaxud şərtlərinə adekvat cavab verəcəyi halda Rusiyanın məsələnin Azərbaycanın lehinə həll edilməsini nəzərdə tutan variantlara baxış keçirəcəyinə şübhə yoxdur.

Digər yandan da Sergey Lavrov bu məsələsini gündəmə gətirməklə Rusiyanın münaqişədə tərəf olması ilə bağlı iddiaları gündəmdən çıxararaq, əslində ölkəsinin prosesdə vasitəçi olduğuna dair ictimai rəy formalaşdırmağa çalışır. Şübhəsiz ki, seçkilərə hazırlaşan Rusiya üçün bir sıra regional münaqişələrdə tərəf kimi yox, vasitəçi kimi çıxış etdiyi görüntüsünü yaratmaq müsbət xal deməkdir.

Mənsur Rəğbətoğlu
Cebhe.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net