Ana səhifə

Təhsil naziri təyinatı niyə gecikir?

    Tarix: 11-12-2017 14:54   
Təhsil naziri təyinatı niyə gecikir?

Etibar Əliyev: “Təhsil strateji sahə olduğu üçün ilin sonuna qədər təyinatın olması əhəmiyyətlidir”
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə dekabrın 5-də təhsil naziri Mikayıl Cabbarov işindən azad edilərək vergilər naziri postuna təyin edilib. Ancaq artıq bir həftədir ki, təhsil naziri postuna heç kim təyin edilməyib və bu cür strateji əhəmiyyətli bir post boş qalıb. Qeyd edək ki, ilk dəfədir ki, nazir təyinatı bu qədər gecikir. Bir qrup ictimai-siyasi şəxslər, təhsil ekspertləri təhsil naziri postuna layiq ola biləcək müxtəlif adlar çəksələr də, hələlik heç kim təyin olunmayıb. Kimiləri bu cür əhəmiyyətli bir posta layiq olacaq namizədlərin hələlik ölkə başçısı tərəfindən seçildiyini, götür-qoy edildiyini deyir, kimiləri isə müxtəlif adlar ortaya ataraq yanlış məlumatların yayılmasına səbəb olur.

Maraqlıdır, təhsil naziri təyinatı nəyə görə gecikir? Bu posta təyinat ilin sonuna qədər olacaqmı?

“XXI Əsr” təhsil mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, təhsil strateji sahə olduğu üçün ilin sonuna qədər təyinatın olması əhəmiyyətlidir: “Bu ölkə başçısının səlahiyyətində olan bir məsələdir və ola bilsin ki, daha uyğun şəxsin müəyyənləşdirilməsi müəyyən vaxt tələb edir. Hesab edirəm ki, indiki vəziyyətdə, yəni ilin sonunda təhsil naziri təyinatının olması çox əhəmiyyətlidir. Hazırda nazir vəzifələrini icra edən Ceyhun Bayramov da təhsil naziri Mikayıl Cabbarovla, demək olar ki, birgə təyin olunmuşdu. Kifayət qədər səriştəli bir kadrdır və hazırda nazir vəzifələrini icra edir. Bilirik ki, təhsil strateji sahədir və mütləq şəkildə nazirin olması vacib məsələdir. Düşünürəm ki, hazırda təhsil sahəsinin, xüsusilə mərkəzi aparatın, eyni zamanda təhsil məsələlərinin idarə olunmasında elə də ciddi bir narahatlıq yoxdur. Fikrimcə, təyin naziri postuna gənc və orta nəslin nümayəndələri təyin olunsa, çox yaxşı olar. Çünki dəyişən dünyanın tələbləri müasir düşüncəli insanların idarə etməsini tələb edir. Xüsusilə də ünsiyyət qabiliyyəti, mədəniyyəti, intellekti olan şəxsləri tələb edir. Məncə, bu kriteriyalar üzərində düşünülür və yuxarıda sadaladığım keyfiyyətlərə malik olan şəxs təyin olunarsa, Mikayıl Cabbarovun imza atdığı bir sıra uğurlu islahatların davamı ola bilər. İndiki dövrdə kifayət qədər islahatçı rektorlar obrazı var və onlar çox qısa bir vaxtda idarə etdikləri ali məktəblərin çox yüksək səviyyədə inkişafına nail olublar. Eyni zamanda o şəxslərin təyin edildiyi ali məktəblər reytinqlə tanınır. Bu cür şəxslərin də nazir təyin edilməsi işimizin xeyrinə ola bilər. Hər halda təhsil eksperti olaraq bu məsələlər bizim üçün çox aktuallıq kəsb edir. Çünki ictimai sektorun nümayəndələri ilə əlaqələrin qurulması, eyni zamanda birgə çalışmalar yalnız və yalnız təhsilin inkişafına səbəb ola bilər”.

Günel MANAFLI
Musavat.comшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net