Ana səhifə

Ərdoğan üçün çətin dönəm: qalmaqallar nəylə bitəcək?

    Tarix: 10-12-2017 20:48   
Ərdoğan üçün çətin dönəm: qalmaqallar nəylə bitəcək?

Türkiyədə getdikcə böyüyən korrupsiya qalmaqalı, əsas müxalifət partiyalarından birinin lideri K.Qılıncdaroğlunun prezidentə yönəlik çox kəskin ittihamları və heç sözsüz ki, ABŞ-da R.Zərrabla bağlı aparılan məhkəmə dinləmələri son günlərin ən diqqət çəkən olaylarındandır.
Təkcə ona görə yox ki, Türkiyə bizə qardaş dövlətdir və bu ölkədə yaşanan narahatlıqlar istər–istəməz bizə təsir edir. Təbii ki, Türkiyədə müəyyən sahmanın olması Azərbaycana da təsirlidir. Həm də etiraf etmək gərəkir ki, R.T.Ərdoğan hökuməti Dağlıq Qarabağ probleminə bütün əvvəlki Türkiyə hökumətlərindən daha çox diqqət ayırır–Rusiyaya ardıcıl səfərlər və səfərlərdə Dağlıq Qarabağ probleminin də daim diqqətdə saxlanılması, hətta Kremlin Türkiyəni prosesə əvvəlki illərdən daha çox “yaxın” buraxması və bunun nəticəsi kimi də son günlərdə ilk dəfə olaraq Minsk Qrupunun həmsədrlərinin də Ankaraya səfər etməsi diqqətdən kənardan qala bilməz.
Amma siyasətin başqa problemləri də var. Hər dəfə R.Ərdoğan ölkəsi üçün alışdığımız formatlardan kənara çıxaraq bu və ya digər dövlətə səfərlər edərkən ixtiyarsız olaraq özümüzdən soruşuruq: görən, bütün bunlar Türkiyənin problemlərini həll etmək üçündür, yoxsa ki, prezident Ərdoğanın özünün problemlərini həll etmək üçün? Məsələ bundadır ki, hər bir ölkə ikili problem yaşayır: bir dövlət olaraq və bir də ki, hakimiyyət olaraq.
Bəli, dövlət olaraq Türkiyə hətta Avropanın da bəzi dairələrinin qısqancılığı ilə qarşılaşır və yaxud Ermənistan kimi axmaq ölkənin, ya da kürd separatistləri kimi dağıdıcı qüvvələrin xəyali və yaxud da gerçək təhdidlərilə üzləşir.
Amma Türkiyənin öz hakimiyyəti ucbatından yaşadığı problemlər də var. Bəli, bilmək olmaz ki, bu korrupsiya qalmaqalları nə ilə bitəcək. Di gəl ki, Ərdoğanın siyasətində başqa qüsurlar da var-ənənəvi müttəfiqlərlə mütəmadi anlaşılmazlıqlar yaşanır, türk diplomatları səhəri Brüsseldə açıb, axşamı Soçidə qarşılayırlar…
Üstəlik, R.T.Ərdoğanın siyasətində kənar müşahidəçi kimi şəxsən bizi qane etməyən detallar da var. Dinə çox meyllənməsi, daxili siyasətdə avtoritar üsullara çox müraciət etməsi, özünü az qala, yeni “xəlifə” kimi təqdim etmək cəhdində bulunması, qətiyyən, ürəkaçan məqamlar deyil.
Sözsüz, R.Ərdoğanla F.Gülən arasında seçim ermək zərurətində qalsaydıq elə biz də birmənalı şəkildə Türkiyə prezidentinə üstünlük verərdik–qoy, Gülən gedib özünün mistik və ezoterik moizələrilə məşğul olsun. Siyasət tamam başqa şeydir və siyasətdə kiminsə əlində təzyiq vasitəsi olmaq hələ o, demək deyil ki, sən durub siyasətçi ola bilərsən!
Amma düşünmürük ki, qardaş Türkiyə belə seçim qarşısındadır, ölkənin kifayət qədər güclü demokratik və dünyəvi müxalifəti var. Hərçənd, bir çoxu bu korupsiya qalmaqallarında da, xüsusən də R.Zərrab məsələsində həm də “Gülənin izləri”ni görürlər. Bilirsinizmi, korrupsiya məsələsi çox maraqlı məqamdır. İnidi Dünyanın çox yerində ona diqqət artıbdır.
Ola bilsin ki, hələ də Z.Bjezinskinin ardınca bir çox siyasətçilər düşünürlər ki, korrupsiya ölkələri idarə etmək üçün əlverişli vasitədir və ola bilsin, hələ də bir çox trans-milli şirkətlərin liderləri zənn edirlər ki, onlara avtoritar və korrupsioner hakimiyyətlərlə anlaşmaq daha asandır. Amma ümumi halda götürdükdə, getdikcə daha çox insan anlayır ki, korrupsiya əsl azad biznes və ticarət, millətlərin və xalqların daha sıx yaxınlaşması yolunda böyük maneədir.
Həm də siyasi qüvvələr arasındakı ideoloji fərqlər azaldıqca insanlar daha çox etik dəyərlərə diqqət yetirməyə başlayırlar. Mən elə bu sətirləri yazarkən İsraildə baş nazir B.Netanyahunun istefasını tələb edən aksiyaların keçirildiyi deyilirdi. Üstəlik, yadınızdadırmı, elə bu il Cənubi Koreya prezidenti korrupsiyaya görə postu ilə vidalaşmalı oldu…
Ona görə də korrupsiya məsələsində yalnız “konsprioloji” tərəflər aramaq və bunu bir dövlətin digərinə qarşı “gizli sövdələşmə”si kimi dəyərləndirmək lazım deyil. O ki qaldı Türkiyəyə, yekun söz demək hələ çox tezdir, prosesin sonunu gözləmək lazımdır. Amma ittihamların miqyasları o qədər böyükdür ki, adam heç cür inana bilmir ki, bu cür iri miqyaslı maliyyə fırıldaqlarında Türkiyənin birinci simalarının iştirakı olmasın.
R.Zərrab məsələsində 80 milyard dollar hallandırılır! İnanın ki, hətta bunun yarısı belə olduqca böyük ədəddir və adam heç cür inana bilmir ki, belə böyük “əməliyyatlar” birinci şəxslərdən xəbərsiz baş tuta bilsin! Eləcə də başqa detala diqqət yetirdik. Məsələn, Suriya qaçqınlarına 30 milyard dolların xərcləndiyi bildrilir!
Prezident R.Ərdoğan isə çıxışlarının birində bunun yalnız 6 milyardı haqda nəsə deyə bildi. Bəs qalan 24 milıyard? Üstəlik, səhv etmiriksə, avropalılar da Türkiyəyə bir neçə milyardlıq yardım etmişdilər. Hələ onu demirik ki, Suriya qaçqınlarına belə səxavət göstərmək qətiyyən qardaş Türkiyənin imkanları ilə uzlaşmır…
Bəli, ola bilsin ki, prosesin gedişində prezident Ərdoğan da, onun kabinetinin üzvləri də bütün bu məsələlərlə bağlı daha təfsilatlı açıqlama verəcəklər. Hər halda, gözləyirik…
Ərdoğan ölkəsinin İrana qarşı sanksiyalara qoşulmadığını bildirdi. Amma bütün bu əməliyyatlar nə dərəcədə şəffaf və qanuni bir çərçivədə keçirilibdir? Digərləri ərz edir ki, heç bir ittiham bilavasitə prezidentin özü ilə bağlanmır. Amma prezidentin ən yaxın adamlarının adı hallanır! Bunu ki, inkar etmək mümkün deyil!
Elə bizim də hüquqi ekstrapolyasiyalar aparmaq, nələrisə prezident Ərdoğana bağlamaqçün nə səlahiyyətimiz, nə də marağımız var. Bunu da bilavasitə Türkiyə prezidentinə şamil etmirik, amma sovetin bir qaydası yadımıza gəlir; o vaxt məmurlar, dövlət qulluqçuları insanları “haqq–hesab” üçün uzaq və yaxın qohumlarının yanına göndərərdilər…
Qərəz, Türkiyədə açılası düyünlər və ya aydınlaşdırılası məqamlar olduqca çoxdur. Elə biz də birmənalı fikirlər, yaxud da hansısa iddialar irəli sürməkdən çox uzağıq. Amma sonda bu məsələlərin iki məqamına da toxunmaq istərdik. Deyirlər ki, bütün bunlar Türkiyəyə qarşı ABŞ-ın oyunudur. Haqlı sual yaranır: D.Trampın özünə qarşı aparılan araşdırmalar da oyundurmu?
Deyirlər ki, Amerika məhkəmələrinə və ümumiyyətlə, onun hüquq sisteminə inanmaq olmaz. Amma yenə sual yaranır: ABŞ prezidentinin özü həmin sistemə təsir və təzyiq etmək iqtidarında deyilsə, onları yersiz və haqsız olaraq qaralamağa dəyərmi? Ona görə də nəticələrlə hələ tələsməyək,- istər Türkiyə prezidentilə və hökumətilə bağlı olsun, istərsə də ABŞ hüquq sistemilə…
Kimin haqlı və yaxud kimin haqsız olması gec-tez üzə çıxacaq və şübhəsiz ki, bütün bunlar konkret siyasi nəticələrdə ifadə oluncaqdır və o zaman deyiləsi sözlər də artacaqdır…
Hüseynbala Səlimov, istiqlal.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net