Ana səhifə

Zərrabla iş birliyi şayiəsi “Sığorta Mamed”in bankir oğlunu bitirə bilər

    Tarix: 06-12-2017 18:27   
Zərrabla iş birliyi şayiəsi “Sığorta Mamed”in bankir oğlunu bitirə bilər

Hüquqşünas: “ABŞ mütləq onlarla bağlı Azərbaycana müraciət edəcək”

Nyu-Yorkda məhkəmə önünə çıxarılan Güney Azərbaycan əsilli iş adamı Rza Zərrabın dava dosyesində 3 nəfər azərbaycanlının adının keçməsi barədə məlumat vermişdik. Xatırladaq ki, R.Zərrab əvvəlcə müttəhim kimi prosesə cəlb olunsa da, sonradan şahid qismində iştirak etməyə başlayıb. Onun şahid ifadələri əsasında tərtib olunan 300-dən yuxarı dosye üzrə prosesdə adı keçən şəxslərin siyahısı 11 səhifəni əhatə edir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi siyahıda həm şahid, həm zərərçəkmiş, həm də ittiham olunan şəxslərin adları əksini tapıb.

R.Zərrab işində adı keçən azərbaycanlılardan biri – Vidadi Bədəlovun adı 2013-cü ilin dekabrında Zərrabın Türkiyədə həbsindən sonra onunla ortaqlıqda keçmişdi. Həmin zaman R.Zərrab Türkiyədə 2 nazir oğlu da daxil olmaqla, 72 nəfərlik bir qrupun üzvü kimi saxlanmışdı. Onu 2009-2012-ci illərdə gizli yollarla İrandan Türkiyəyə 87 milyard avronun transferinin təşkilində ittiham edirdilər. Həbslə bağlı yayılan məlumatlardan aydın olurdu ki, A. Nizami, H. Surxay və B. Vidadi adlı azərbaycanlıların da daxil olduğu 4 nəfərlik qrup gizli şəkildə Rusiyaya on milyonlarla avro və dollar daşıyıblar. Daha sonra Türkiyədə kağız üzərində qurulan 3 xəyali şirkəti araşdıran maliyyə müfəttişləri İrandan çox böyük miqdarda pul transferinin gerçəkləşdirildiyini ortaya çıxarıblar. Həmin şirkətlərin sahibləri Adəm Gelgeç adlı Türkiyə vətəndaşı və Vidadi Bədəlov olub. Onların ortaqlı qurduqları “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı bu şirkətlərə 2009-2012-ci illər ərzində İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürüldüyü, şirkətləri R. Zərrabın qurdurduğu və idarə etdiyi ortaya çıxmışdı. Şirkətlərin “Garanti”, “Küveyt Türk” bankları, “Denizbank” və “Aktif Bank”dakı hesabları araşdırılıb və bu hesabların hər birinə gündə təxminən 5 milyon avro köçürüldüyü bəlli olub. Vergi idarələrində bu şirkətlərin heç bir borcunun olmaması müfəttişləri təəccübləndirmişdi. Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç transferləri İrandan apardığını etiraf edib.


Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub.

Türkiyə prokurorluğu çirkli pulların yuyulmasında adı keçən hər 3 azərbaycanlının adını beynəlxalq axtarışa versə də, sonradan R.Zərrabın azad olması ilə axtarış da götürülmüşdü.

R.Zərrab davasında adı keçən digər 2 azərbaycanlı- Əhməd Məmmədov və Şamil Məmmədov adlı şəxslərdir. Bunlardan birinicisinin Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun (“Sığorta Mamed” kimi məşhurdur-red.) kiçik oğlu Əhməd Məmmədov olduğu iddia olunur. Xatırladaq ki, Ə.Məmmədov “Azər-Türk” Bankın “Mərkəz” filialının müdiridir. Onun R.Zərrabla əlaqələrinin olduğuna dair ölkə mətbuatında məlumatlar yayılmaqdadır. Baxmayaraq ki, onun özü bu barədə təkzib yayaraq, “mən deyiləm”, tipli açıqlama verib. Lakin bu cür açıqlama ictimai və mətbu rəyi qane edəcək səviyyədə deyil. Daha inandırıcı təkziblər gəlməyincə, onun ünvanına iddialar davam edəcək.



Zərrab davasında adları keçən azərbaycanlıların günahı isbatlanarsa, onların ABŞ tərəfindən Azərbaycandan istənilməsi mümkündürmü? Bu şəxsləri hansı cəzalar gözləyə bilər? Ümumiyyətlə, Azərbaycanda İran pullarının yuyulması iddiaları özünü doğruldarsa, hansı problemlər yarana bilər?

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, ABŞ hökuməti Azərbaycandan öz vətəndaşlarının onlara təhvil verilməsini istəyə bilməz: “Azərbaycanın elə bir hüquqi öhdəliyi ola bilməz ki, öz vətəndaşını başqa bir ölkədə məhkum olunması üçün təhvil versin. Üzv olduğumuz beynəlxalq konvensiyalarda da belə öhdəliklər nəzərdə tutulmur. Yəni heç bir halda ABŞ Azərbaycandan vətəndaşlarını ona təhvil verməyi tələb edə bilməz. Lakin Azərbaycandan kənarda onlar həbs olunaraq Amerikaya ekstradisiya oluna bilərlər. Burada mümkün yol budur ki, Azərbaycanın hüquq-mühafizə orqanları ABŞ tərəfinin iddiası əsasında araşdırma başladıb, günahları sübuta yetirildiyi təqdirdə onları həbs edə bilər”.


Azərbaycan çirkli pulların yuyulmasına qarşı beynəlxalq konvensiyalara qoşulsa da, Ə.Həsənovun dediyinə görə, onlara əməl olunması sahəsində vəziyyət ürəkaçan deyil: “Əvvəla, ona görə ki, çirkli pulların yuyulmasına nəzarət orqanı – Maliyyə Monitorinqi Mərkəzi müstəqil qurum deyil. Bu qurum əvvəl Mərkəzi Bankın nəzdində idi, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının bir şöbəsinə çevrilib. Halbuki konvensiyaların birinci tələbi bu cür qurumların tam müstəqil fəaliyyətinin təmin olunmasıdır. Digər tərəfdən, konvensiyaların digər tələbi budur ki, bank öz müştərisini tanımalıdır. Lakin Azərbaycanda bu tələbə də əməl olunmur. Sadə bir misal: əmək haqqı və pensiya kartları verilərkən hər bir kart sahibi ilə bank arasında müqavilə bağlanmalı, vətəndaş üçün kart hesabı açılmalıdır. Lakin Azərbaycanda bunu işəgötürənlər, bir də Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir. Yəni bank kimə maaş, pensiya köçürdüyünü bilmir. Görün, təkcə bu iki sahədə çirkli pul yuyulması imkanları nə qədərdir”...

Ə. Həsənovun sözlərinə görə, çirkli pulları yuyulmasına qarşı ölkə qanunvericiliyinin müddəaları da mübarizənin effektiv aparılmasına imkan vermir: “Müddəalar elədir ki, hər 2 bank əməliyyatından biri onun əhatəsinə düşür. Bunun nəticəsidir ki, 2008-ci ildə işə başlayan Maliyyə Monitorinqi Mərkəzinin işi çox qısa zamanda iflic oldu – hər gün banklardan yüzlərlə həmin müddəaların təsirinə düşərək şübhəli sayılan əməliyyat barədə məlumat gəlirsə, onların hamısını necə incələyib doğruluğunu yoxlamaq olar?

Buna görə də biz təklif etdik ki, ölkə qanunvericiliyini beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdıraq – şübhəlilik meyarlarını beynəlxalq standartlardan götürək. Məndə ciddi şübhələr var ki, meyarları qəsdən belə ediblər ki, iş görülməsin. Dəqiq meyarlar olsaydı, o xidmət işini normal qura biləcəkdi. Siz indiyədək görmüsünüz kimsə çirkli pulları yuyulması ittihamı ilə həbs olunsun?

Rusiyada son illərdə 200-dən çox bank məhz çirkli pulların yuyulmasına görə bağlandı, yüzlərlə insan həbs olundu. Dünyanın ən sivil ölkələrində belə hər il bu ittihamla neçə-neçə insan həbs olunur. Azərbaycanda korrupsiyanın olduğu bir şəraitdə bu maddə ilə kiminsə tutulmaması nə deməkdir”...

Hüquqşünas deyir ki, Zərrab davasında adı keçən 3 şəxslə bağlı iddialar sübuta yetirilsə, ABŞ tərəfindən Azərbaycan hökumətinə mütləq müraciət daxil olacaq: “ABŞ kimi dövlətin müraciəti nəzərə alınmaya bilməz. Ən azından ona görə ki, ABŞ-ın sanksiya imkanları çox genişdir. Digər tərəfdən, düşünürəm ki, bu məsələ çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində Azərbaycandakı vəziyyəti diqqət mərkəzinə gətirəcək. Bu isə beynəlxalq konvensiyalara əməl olunmamasımı üzə çıxaracaq”.

Dünya SAKİT,
musavat.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net