Ana səhifə

Səhiyyə Nazirliyi: “Hazırda Hacı Məmmədovun meyiti yarılır” AİLƏSİ İSƏ XƏBƏRSİZDİR

    Tarix: 04-12-2017 15:25   
Səhiyyə Nazirliyi: “Hazırda Hacı Məmmədovun meyiti yarılır” AİLƏSİ İSƏ XƏBƏRSİZDİR

Hacı Məmmədovun meyiti hazırda Yasamal morqundadır və Məhkəmə Tibbi-Ekspertiza şöbəsinin həkimləri meyitin yarılmasını həyata keçirir. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlik bildirib ki, qaydalara görə meyitin ekspertizası başa çatandan sonra prokurorluq orqanına təhvil veriləcək. Çünki intihar faktı ilə bağlı cinayət işi qaldırılıb. Lakin Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Hacı Məmmədovun meyti onlara təhvil verilməyəcək. Ekspertiza başa çatandan sonra meyit Məhkəmə Tibbi-Ekspertiza şöbəsi tərəfindən mərhumun ailəsinə təhvil verilməlidir.

Virtualaz.org bu situasiya ilə bağlı bir daha H.Məmmədovun qohumu Leyla Məmmədova ilə əlaqə saxlayıb. O, əmisinin meyitinin Yasamal morquna aparılmasından və yarılmasından xəbərsiz olduqlarını deyib: “Heç kim bu haqda məlumat verməyib”.



Xatırladaq ki, DİN-in keçmiş zabiti, çoxsaylı qətllərə görə ömürlük həbsə məhkum edilmiş Hacı Məmmədovun Penitensionar Xidmətin vərəmli xəstələr üçün nəzərdə tutulmuş müalicə müəssisəsində (“tubzon” kimi tanınır) intihar etdiyi açıqlanıb. Mətbuatda onun dəfninin elə bu gün baş tutacağı haqda xəbərlər yayılıb.

Bəs həbsxanalarda bu cür intihar hadisələri qeydə alınanda hansı proseduralar işə düşür? Xüsusən də bu cür məşhur məhbusun intiharından söhbət gedirsə.

Vəkil Cavad Cavadov virtualaz.org saytına açıqlamasında bildirib ki, intiharın baş vermə səbəbləri ilə bağlı ən zəruri istintaq hərəkəti məhkəmə tibb ekspertizasının təyin olunmasıdır.

” İntihar hadisəsi ilə bağlı bir qayda olaraq prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılır. Cinayət işi başlandıqdan sonra isə zəruri istintaq hərəkətləri aparılır. Bu istintaq hərəkətlərinə hadisə yerinə baxış, şahidlərin dindirilməsi və ən zəruri istintaq hərəkəti məhkəmə tibbi ekspertizasının təyin olunmasıdır. Məhkəmə tibb ekspertizası qarşısında qoyulan suallardan biri də ölümün səbəbləri - şəxsin intihar etmə şəraitinin ölümə uyğun olub-olmaması, meyitin üzərində zorakılıq olub-olmaması ilə bağlıdır”-vəkil deyir.

Vəkil Cavad Cavadov

C.Cavadov deyir ki, qanunvericiliyə uyğun olaraq məhkumun intihar etməsi ilə bağlı onun ailə üzvlərinə də ləngimədən məlumat verilir. Fakt üzrə cinayət işi başlandığına görə isə sonradan mərhumun ailə üzvləri zərərçəkmişin hüquqi varisi qismində tanınır:”İstintaqın gedişi dövründə onlara bununla bağlı məlumat verilir”.

Vəkil xatırladıb ki, istintaq orqanı tərəfindən artıq H.Məmmədovun intiharı ilə bağlı cinayət işi başlanılıb və istintaq hərəkətlərinin nəticəsinə uyğun olaraq hüquq mühafizə orqanları bu məsələyə hüquqi qiymət verməlidirlər.

İnarə Rafiqqızı

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net