Ana səhifə

SİRLİ ŞOYQU-NETANYAHU GÖRÜŞÜ:İsrail İranının Suriyada hərbi baza yaradacağından qorxur - TƏHLİL

    Tarix: 20-10-2017 09:50   

SİRLİ ŞOYQU-NETANYAHU GÖRÜŞÜ:İsrail İranının Suriyada hərbi baza yaradacağından qorxur - TƏHLİL



Oktyabrın 17-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb. Danışıqların əsas mövzusu İran hərbçilərinin Suriya kampaniyasında iştirakı və İranın nüvə proqramı olub. “Kommersant”ın məlumatına görə, rus hərbçiləri İsrailin İranın aqressiv planları ilə bağlı inamlarını dağıtmağa nail ola bilməyiblər, lakin onlar Tehranın Suriya böhranının tənzimlənməsinə cəlb edilməsinin zəruriliyini çatdırmağa cəhd ediblər. Cənab Şoyqu Təl-Əvivdə danışıqlar apararkən, Suriya müxalifəti İŞİD-in paytaxtı sayılan Rakkanın azad edildiyini bəyan edib.



Sonsuz İsrail məsələsi



Sergey Şoyqunun Təl-Əvivdəki ikinci gününün əsas əhəmiyyətli hadisəsi Benyamin Netanyahu (bunun ərəfəsində o, həmkarı Aviqdor Libermanla danışıqlar aparmışdı) ilə görüşü oldu. Mövzuların siyahısının geniş olmasına (RF müdafiə nazirinin müavini Aleksandr Fomin bu siyahıda hərbi və hərbi-texniki əməkdaşlığın olduğunu da bildirmişdi) baxmayaraq, müzakirə olunan başlıca məsələlər İran və Livan “Hizbullah”ı olub. Görüş zamanı cənab Netanyahu birbaşa bəyan edib ki, Suriyada İran hərbi bazalarının yaranmasına imkan verməyəcək, o, həmçinin “İran nüvə sazişi”nin dəyişdirilməsinin zəruri olduğunu bildirib. Danışıqlarda iştirak edən Rusiya tərəfinin cavab reaksiyası haqqında isə açıq məlumat verilməyib.



İsrail hakimiyyəti dəfələrlə İranı Suriyada daimi quru, hava və dəniz bazaları qurmaq niyyətində olmaqda ittiham edib. Belə ittihamlar üçün bəhanələrdən biri Suriya-İordaniya sərhəddi yaxınlığındakı Dera və Kuneytra əyalətlərində İran hərbçilərinin nəzarət etdiyi gərginliyi azaltma zonasının yaradılmasıdır. “Kommersant”ın məlumatına görə, İsrail xüsusi xidmət orqanları hesab edir ki, Tehran, sonradan yəhudi dövlətinə hücum etmək üçün əyalətdə müşahidə qrupları adı altında öz hərbi potensialını artırır.

İsrailin digər gərginliyi azaltma zonalarına etirazı yoxdur: İdlib əyalətində müşahidəni Rusiya və Türkiyədən olan hərbçilər, Şərqi Quta və Dəməşqdə isə rus hərbi polisi aparır.

Yenə də “Kommersant”ın məlumatlarına görə, Rusiya nümayəndə heyəti cənab Netanyahunun İranın Suriyadakı planları ilə bağlı olan qorxularını dağıtmağa, respublikadakı (Suriya Respublikası- tərc.) böhranın dinc tənzimlənməsi perspektivini təsvir etməyə çalışıb, ancaq onun bu məsələyə münasibətini dəyişmək mümkün olmayıb.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İsrail şöbəsinin baş elmi işçisi Dmitri Maryasisin sözlərinə görə, “bu, İsraili yer üzündən silmək istəyən yeganə dövlətdir və Tehranın sərhədlərə yaxınlaşması üçün etdiyi istənilən cəhd Yerusəlim tərəfindən birbaşa təhdid kimi qiymətləndirilir”.

“Valday” klubunun eksperti Yuri Barmin isə əmindir ki, İrandan daha çox, onun dəstəklədiyi “Hizbullah” İsrail üçün təhlükə təşkil edir: “Suriya vətəndaş müharibəsi ərzində bu təşkilat ölkə ərazisində genişləndi və böyüdü”.

“Kommersant”ın məlumatına görə, İranın nüvə proqramı haqqındakı danışıqlar da heç də bundan az mürəkkəblikdə keçməyib: İsrail Baş naziri danışıqlar zamanı deyib ki, əgər müqavilənin şərtləri dəyişdirilməyəcəksə, onda “8-10 ildən sonra İranın nüvə cəbbəxanası olacaq”.

O hesab edir ki, 2015-ci ildə altı ölkənin İranla bağladığı müqavilə (nüvə proqramının məhdudlaşdırılması əvəzində sanksiyaların götürülməsi) İranın durumunu astanada olan nüvə dövləti kimi legitimləşdirib və ona bütün Yaxın Şərqdəki “satellitlər”inə (Livan, Suriya və Yəməndəki hərbiləşdirilmiş qruplaşmalar daxil olmaqla) verdiyi dəstəyi genişləndirməyə imkan açıb. Lakin Moskva üçün bu müqavilənin bağlanması ən səsli diplomatik qələbələrdən biri olmuşdu və hərbçilər cənab Netanyahu ilə razılaşa bilmədilər.

Qeyd edək ki, İsrail Baş nazirinin tənqidi ABŞ prezidenti D.Trampın ölkəsinin İranla nüvə sazişindən çıxa biləcəyi ilə əlaqədar olaraq verdiyi bəyanatın ardından gəlib.

“Kommersant”ın əldə etdiyi məlumatlara görə, yaxın dövrdə İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtona rəsmi səfər edəcək, İran məsələsini müzakirə etmək üçün ABŞ müdafiə naziri Ceyms Mettislə görüşcəkdir.



Rakka, demək olar ki, azad edildi



Təl-Əvivdə danışıqlar gedərkən, Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndələri 2013-cü ilin martından İŞİD-in qeyri-rəsmi paytaxtı olan Rakkanın tam azad olunduğunu bəyan ediblər. ABŞ-ın himayəsi altında aparılan “Sarsılmaz qərarlılıq” ("Inherent Resolve") əməliyyatı qərargahının nümayəndələri qiymətləndirmələrində daha ehtiyatlı idilər: polkovnik Rayan Dillon “Rakka ərazisinin 90%-dən çoxunun” azad edildiyini bildirib, ancaq əlavə edib ki, şəhərdə hələ də ayrı-ayrı müqavimət ocaqları var (O təsdiq edir ki, bu şəhərdə təxminən 100 islamçı qalıb.).

Suriya müxalifətinin (ərəblər nəzərdə tutulur- tərc.) və kürdlərin silahlı dəstələri 2016-cı ilin noyabrından Rakkaya hücum edirlər, ABŞ başda olmaqla, beynəlxalq koalisiya onlara havadan dəstək verir. 2017-ci ilin mayında SDQ şəhəri üç tərəfdən mühasirəyə almağa nail oldu, bundan sonra şəhərə hücum başladı. Rus hərbçiləri hücumun tempindən SDQ və koalisiyanın şüurlu şəkildə onu ləngitdiyini, nəticədə İŞİD döyüşçülərinin öz qüvvələrini digər şəhərlərə, o cümldən Deyr əz-Zora (hazırda Suriya istehkamçıları onu minalardan təmizləyirlər) və Meyadinə (döyüşçülər oradan 14 oktyabrda vurulub çıxarılıblar) atmasına nail olmasına şərait yaratdığını hesab edərək, narazı idilər.

Vladimir Putin 2017-ci ilin sentyabrında ümid etdiyini bildirdi ki, tərəfdaşlar Rakkada əməliyyatı sona çatdıracaqlar. “Kommersant”ın hərbi dairələrdəki mənbəsinin sözlərinə görə, son zamanlarda meyl dəyişib: rus kəşfiyyatı şəhər rayonunda koalisiya aviasiyasının 13-dən 20-dək döyüş uçuşunu (o cümlədən, B-52 bombardumançılarının) qeydə alıb.

Ancaq RF Müdafiə Nazirliyində Pentaqonun və SDQ-nin “şəhərin İŞİD-dən azad edilməsi” haqqındakı bəyanlarına inamsızlıqla yanaşırlar.

“Kommersant”ın yüksək səviyyəli hərbi-diplomatik qaynağı hesab edir ki, SDQ üçün başlıca məsələ şəhəri öz gücləri hesabına azad etdiklərini mümkün qədər tez elan etməkdir: “Bu amerikalı tərəfdaşlarına göstərməlidir ki, onlara güvənmək olar”.

Kommersant”ın müsahibi deyir: “Biz Rakkanın tam təmizlənməsi üçün Suriya-kürd müxalifətinə təxminən bir ayın da lazım olduğunu düşünürük – o şərtlə ki, onlar bu tempi aşağı salmasınlar. Sonra şəhəri yalnız Suriya müxalifəti qoruyub saxlayacaq, koalisiyanın sonrakı hərəkətlərini proqnozlaşdırmaq hələlik çətindir”.

Hər şeydən görünür ki, ABŞ-da Rakkanın azad edilməsindən sonra Suriyada hərəkət ardıcıllığının necə olacağı müəyyən edilməyib. Hər halda, NBC televiziya kanalının çərşənbə axşamı verdiyi məlumata görə, guya, bu məsələ ilə əlaqədar olaraq Donald Tramp administrasiyasında fikir ayrılığı mövcuddur.

Telekanalının məlumatına görə, administrasiyanın bəzi üzvləri, o cümlədən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Suriya prezidenti Bəşər Əsədin istefasına aparan planı dəstəkləyir. Administrasiyanın digər üzvləri isə hesab edir ki, məhz onun sayəsində ölkə hələlik “regionun böyük hissəsini udan qara dəlik” olmayıb.

Tərcümə Strateq.az-ındır

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net