Ana səhifə

Ağ Ev “kürd planı”nı geri çəkir: YENİ GƏLİŞMƏ

    Tarix: 15-10-2017 19:24   
Ağ Ev “kürd planı”nı geri çəkir: YENİ GƏLİŞMƏ

Rusiya silahlı qüvvələrinin Suriya ərazisində ardıcıl qələbələr qazanması ABŞ-ın bölgədə geosiyasi məğlubiyyəti kimi nəzərdən keçirilir.Suriyada marağı olan Türkiyə, İran, İraq, Səudiyyə Ərəbistanı, Livan kimi dövlətlərin Rusiyanın yanında yer alması Moskvanın üstünlüyünü təmin edən əsas amil rolunu oynayıb.Üstəlik, İŞİD, “Ən-Nüsrə Cəbhəsi” kimi terror təşkilatlarına qarşı mübarizədə ABŞ, İsrail və Avropa Birliyinin Rusiyaya dəstək verməsi Kremlin bölgədəki mövqeyini xeyli möhkəmlədə bilib.



Qüvvələr balansı nöqteyi-nəzərindən ABŞ Rusiya ilə müqayisədə daha zəif təsir bağışlayır.Söhbət Birləşmiş Ştatların Yaxın Şərqdə PYD terror təşkilatı ilə yaratdığı hərbi ittifaqın uğursuzluğundan gedir.Hərbi planda ABŞ silahlı qüvvələri kürd yaraqlıları ilə birlikdə Raqqa şəhəri başda olmaqla bir sıra əraziləri İŞİD terror təşkilatından azad etsə də bu ittifaqın mövcudluğu geosiyasi nöqteyi-nəzərdən tarazlığı Vaşinqtonun xeyrinə dəyişə bilmədi.Bir sıra siyasi müşahidəçilərin fikrincə, ABŞ artıq PYD-nin timsalında özünə yanlış müttəfiq seçdiyini anlamağa başlayıb.Kürd yaraqlılarının hərbi qələbəsi Amerika üçün Suriyanın şərqində siyasi məğlubiyyətə bərabər situasiya ilə üzləşib.Suriya ordusunun Əl-Məyadin və Deyr əz-Zor istiqamətində irəliləməsi həm də Rusiya və İranın nəzarətində olan ərazilərin genişlənməsi deməkdir. Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun oktyabrın 4-də Moskvaya səfəri Rusiyanın ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini öz tərəfinə çəkməsi kimi dəyərləndirilir. Hazırda Yaxın və Orta Şərqdə Rusiya-Türki-İran-İraq-Suriya alyansı əsas güc mərkəzi rolunu oynayır.Son vaxtlar Səudiyyə Ərəbistanının da bu prosesdə Rusiyaya güzəştə getməsi situasiyanı ABŞ-ın əleyhinə dəyişib.ABŞ-ın bölgədə geosiyasi tarazlığı öz xeyrinə dəyişmək üçün Şimali İraqda müstəqil kürd dövləti yaratmaq planı ciddi müqavimətlə üzləşib.Vaşinqton “kürd kartı”ndan hələ imtina etməsə də, bu, bölgədəki geosiyasi mənzərəni dəyişmək üçün artıq güclü təsir imkanlarını itirməkdədir. Bu günlərdə ABŞ-ın müdafiə naziri Ceyms Məttsin Türkiyə ərazisində müstəqil kürd dövlətinin yaradılmasının əleyhinə olduqları barədə verdiyi bəyanat rəsmi Vaşinqtonun Yaxın Şərqdəki proseslərə münasibətdə daha ehtiyatlı yanaşma nümayiş etdirməsi kimi başa düşülə bilər. Amerikanın PYD ilə hərbi ittifaqı Ankaranı nəinki Rusiya, hətta Birləşmiş Ştatların Yaxın və Orta Şərqdəki əsas düşməni olan İranla yaxınlaşdırıb.NATO üzvü olan Türkiyə bu gün həm Rusiya, həm də İranla hərbi əməkdaşlıq edir.Təbii ki, NATO-nun cənub-şərq cinahında hadisələrin belə inkişafı ABŞ-la yanaşı, Avropa Birliyinin də maraqlarına uyğun deyil.İraqda kürd separatçılarına və terrorçulara qarşı hərbi əməliyyatlar başlasa, bu, Türkiyəni Rusiya və İranla daha da yaxınlaşdıra bilər.PKK terrorçularının Kərkükə daxil olması və şəhəri peşmərgə dəsətləri ilə birlikdə ələ keçirməsi Türkiyənin və İranın İraqa silahlı qüvvə yeritməsi üçün ciddi arqumentə çevrilə bilər.Yəni PKK-nın vəziyyətə müdaxiləsi kürd probleminin danışıqlar yolu ilə həlli imkanlarını aradan qaldırır.İlkin mərhələdə İraq Regional Kürd hökumətinin müstəqillik qərarına qarşı rəsmi Bağdadın təkbaşına hərbi cavab tədbirləri görmək imkanları daha çox idi.İndi PKK-nın bu prosesə qarışması İraqdakı referendumun nəticələrinin separatizmə və terrorizmə xidmət etdiyini sübut etmək üçün İraqla yanaşı, Türkiyə, İran və Suriyaya güclü dəlil vermiş olur.Bu isə Türkiyə də daxil olmaqla müttəfiq qüvvələrə terrorizmə qarşı mübarizə məqsədilə Kərkükə və Şimali İraqa ordu yeritmək üçün əsas yaradır.Əgər Kərkükdə PKK-ya qarşı hərbi əməliyyatlar başlayarsa, kürd silahlıları kifayət qədər ağır zərbə ala bilər.Bu da ABŞ-a müttəfiq qrupların mövqeyinin zəifləməsinə, Mosul və Kərkükdə Türkiyənin hərbi mövqelərinin güclənməsinə, Suriyanın şərqindəki ərazilərin Rusiyanın nəzarətinə keçməsinə səbəb olacaq.Deyr əz-Zor bölgəsində yaşayan müsəlmanların əksəriyyəti sünni olduğundan İranın tərəfdarları azdır.Ona görə də Rusiya bu vəziyyətdən yararlanıb neftlə zəngin bölgələrə nəzarəti ələ keçirə bilər. Ancaq hadisələrin necə cərəyan edəcəyi hələ dəqiq
bilinmir. Deyr-əz-Zor bölgəsində və İraqın Mosul şəhərindəki sünni ərəblər arasında Türkiyənin nüfuzu daha yüksəkdir. Əgər Türkiyə Şimali İraqa, o cümlədən, 1926-cı il Ankara müqaviləsinin şərtlərini əsas tutub Mosula silahlı qüvvə yeridərsə, Deyrəz-Zor istiqamətində təsir dairəsini genişləndirmiş olar. Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin eksperti Nikolas Heras ın apardığı araşdırmalara görə, Suriyanın zəngin neft yataqlarının yerləşdiyi Deyr əz-Zorun çoxsaylı tayfalardan ibarət demoqrafik xəritəsi mürəkkəbdir.Bu bölgədə anti-İran mövqeyi Amerika tərəfdarlarından daha çoxdur.Deyr əz-Zorda yaşayan kürdlər ABŞ-a daha çox inanırlar.Ancaq onların sayı azdır.Sünni müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, istənilən halda ABŞ-ın mövqelərinin zəifləməsi İranın maraqlarına cavab verir.

Tramp administrasiyasının İranın Tehrandan Beyruta qədər dəhliz yaratmaq siyasətinin qarşısını almaq planı isə heç bir nəticə verməyib. Kürd yaraqlıların hərbi dəstəyi də ABŞ-ın mövqeyini gücləndirə bilmədi.İraqda ziddiyyətlərin artması Deyr əz-Zorda ABŞ-ıa yerli tayfalar arasında alyansın formalaşmasını çətinləşdirə bilər. Amma Bəşər Əsədin İran və Rusiya ilə yaxınlığı daha ciddi nəticələr doğura bilər.Çünki İraqın Qərbində İŞİD məhv edilib.Yerli sünni tayfalaraı İran və Bağdad tərəfindən dəstəklənən şiə özünümüdafiə qüvvələrinin hücumuna məruz qalmaq qorxusu yaşayır.ABŞ və kürd yaraqlıları Deyr əz-Zoru öz nəzarətinə götürməkdən imtina edib.Lakin müharibədən sonra bu bölgədəki neft və qaz yataqlarının hansı siyasi qüvvənin nəzarətində qalacağı hələ məlum deyil.



Suriyalı hərbi analitik Vəil əl-Hüseyni hesab edir ki, həmin yataqlar müharibədən sonra Əsəd hakimiyyətinə qaytarılacaq.Amma sülh müqaviləsinin bir bəndi Suriyanın şimalında kürdlərə muxtariyyət verilməsini nəzərdə tutacaq.Ekspert bildirb ki, İraqdakı referendumun nəticələri bu coğrafiyada yerləşən dövlətlərdə, o cümlədən Suriyada yaşayan kürdlərin heç vaxt müstəqil dövlətə malik olmayacağını təsdiq edir.Bölgədə əsl geosiyasi mənzərəni isə aktorların müharibədən sonrakı gedişləri müəyyən edəcək.

Müşfiq Abdulla

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net