Ana səhifə

Ziya Məmmədovun milyonluq yolları çökür

    Tarix: 14-10-2017 18:05   
Ziya Məmmədovun milyonluq yolları çökür

İntensiv yağışlar paytaxt Bakı yollarında xoşagəlməz vəziyyət yaradıb. Qrunt sularını üzə və kanalizasiya sistemlərini sıradan çıxaran yağış yolları çökdürməyə başlayıb. Artıq bir neçə gündür davam edən yağıntı nəticəsində şəhərin müxtəlif yerlərində yollar çöküb.

Bayıl qəsəbəsindən (Bibiheybət məscidindən) şəhərə uzanan istiqamətdəki yol tamamilə istifadəyə yararsız vəziyyətdədir. Aşınmaya meyilli bölgədə yerləşən yolun üz hissəsi çatlamaqla yanaşı, çökmə halları da baş verir. Bundan başqa Yasamal rayonu ərazisində, Babək və Qara Qarayev prospektləri istiqamətlərindəki yollarda da xoşagəlməz hallar yaşanır. Diqqətçəkən məqamlardan biri də budur ki, təmirdən sonra yeni istifadəyə verilmiş yollarda da çökmələr baş verir. Belə bir hal Həsən Əliyev küçəsinin Azadlıq prospektinə çıxan hissəsində yaşanıb. Küçənin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsində yarğan əmələ gəlib. Bundan başqa Qara Qarayev və Tbilisi prospektlərində yerləşən körpülərin hazırkı vəziyyəti də ürəkaçan deyil. Dayaqları nəmişlikdən mamır bağlayan körpülərin asfalt örtüyündəki çatlar böyüyür. Qəzalı vəziyyət görüntüsü yaradan körpülərdən istifadə hallarına da az rast gəlinir.

Təmir işləri də problemləri həll etmir

Hazırda çökmə baş verən ərazilərdə təmir işləri aparılsa da yolları əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Təmir işlərinin getdiyi yerlərdə kanalizasiya sistemlərinin keçməsi işi bir qədər də çətinləşdirir. Bir sıra yolların altından keçən kanalizasiya kollektoru partladığına, çirkab suları yol yatağını yuyub-apardığına görə 2-3 metr dərinliyədək çöküb. Artıq baş verənlərə görə icra hakimiyyətləri və bələdiyyələrə edilən şikayətlərin sayı artıb. Bələdiyyələr və icra hakmimiyətləri isə maliyyə çatışmazlığından şikayətçidir. Sürüşmə və uçqunların avtomobil yolları ərazisində qeydə alınması isə vəziyyəti daha da çətinləşdirir.

Məmmədovun milyonluq yolları niyə çökür?

Görünən budur ki, milyonlarla manat dəyərində büdcəyə çəkilmiş yollar ən normal yağıntıya tab gətirməyərək sıradan çıxır. İstər Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmlərdə, istərsə də bundan sonra yol tikintisi, dövlət büdcəsindən ən çox maliyyə vəsaiti ayrılan sahədir. Hazırkı vəziyyətdə yaranmış xoşgəlməz hallarda diqqətçəkən məqam da budur ki, əsasən Ziya Məmmədov nəqliyyat naziri olduğu dönəmlərdə salınmış yollar sıradan çıxır. Halbuki həmin dönəmlərdə ayrılmış maliyyə vəsaitləri imkan verirdi ki, yollar standartlara və ən ağır hava şərtlərinə uyğun formada salınsın. Amma həmin vaxt Nəqliyyat Nazirliyi görülən işin keyfiyyətinə görə yox, büdcədən ayrılmış pulların “yeyinti mərkəzi” kimi adından söz etdirirdi. Təsadüfi deyil ki, Nəqliyyat Nazirliyinin ləğv edilməsi və Ziya Məmmədovun yola salınmasında da bu ittihamların payı böyük idi.

Məsuliyyətsizliyin zərərləri

İntensiv yağış və kanalizasiya sularının yollarda yaratdığı problemlər görülən işin keyfiyyətsizliyini üzə çıxarmağa başlayıb. Məmmədovun milyonluq yolları adi normada yağan yağışa belə dözümsüzdür. Halbuki yolun hər qatı üçün ayrılmış pullar lazımi istiqamətlərə xərclənsəydi, şəxsi kassalara yönəldilməsəydi, yollar musson yağışlarına belə meydan oxuyardı. Ölkənin iqtisadi və maliyyə vəziyyətinin ağır olduğu hazırkı dönəmdə Ziya Məmmədovun milyonluq yollarının yenidən tikilməsi və bərpasının büdcəyə hansı məbləğə başa gələcəyini hesablamaq o qədər də çətin deyil. Nəzərə alsaq ki, ölkə və dünya bazarlarında tikinti materialları (qum, daş, çınqıl, beton və s.) kifayət qədər yüksək qiymətədir, demək ki, Məmmədov və komandasının məsuliyyətsizliyinin zərərlərini ödəmək baha başa gələcək.

Mənsur Rəğbətoğlu

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net