Ana səhifə

Rusiyanın Qafqazdakı “Metsamor”u: TƏHLÜKƏ SAÇIR

    Tarix: 14-10-2017 17:52   
Rusiyanın Qafqazdakı “Metsamor”u: TƏHLÜKƏ SAÇIR

Ermənistan hökuməti Rusiyadan müdafiə məqsədləri üçün 100 milyon dollar məbləğində yeni kredit sazişini imzalamaq haqqında qərar qəbul edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, sənədə əsasən, Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul təchizatının maliyyələşdirilməsi məqsədilə Rusiya Ermənistana ekspert krediti təqdim edəcək. Kredit Ermənistan tərəfindən, 2023-cü ildən başlayaraq, 15 il müddətində ödənilməlidir. Onlardan 5 ili üçün 3 faizlik güzəştli ödəniş dərəcəsi nəzərdə tutulur. Sazişə əsasən, Ermənistan sözügedən kredit vəsaitlərini 2018-2022-ci illər müddətində istifadə etməlidir.

Qeyd edək ki, 2015-ci ildə də Ermənistan və Rusiya hökumətləri arasında Ermənistana Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul əldə etmək üçün, ödəniş müddətinin 2018-ci ilədək təxirə salınması şərtilə, 10 il müddətinə 200 milyon dollar məbləğində dövlət ixracat kreditini təqdim etmək haqqında saziş imzalanmışdı. Həmin kredit əsasında nəzərdə tutulan hərbi texnika 2017-ci ilin sonunadək Ermənistana çatdırılmalı idi. Lakin Ermənistanda fəaliyyət göstərən “Məlumatlı vətəndaşlar birliyi” qeyri-hökumət təşkilatının müraciətinə cavab olaraq, Ermənistan Maliyyə Nazirliyi bildirmişdi ki, 2017-ci il 1 sentyabra olan məlumata görə, Ermənistan tərəfi nəzərdə tutulan ümumi məbləğin təxminən 20 faizi (40,7 milyon dollar) həcminə uyğun silah və başqa hərbi məhsul alıb. Kredit vəsaitlərindən başqa, Ermənistan həmçinin büdcə vəsaitləri ilə silah əldə etməyi planlaşdırır. Bu məqsədlə, Ermənistanın 2018-ci il hərbi büdcəsi 17 faiz artırılıb.

Qafqaz nüvə təhdidi qarşısında

Rusiyadan Ermənistana müdafiə məqsədli 100 milyon dollar kreditin ayrıldığı gün Azərbaycan və bölgənin digər dövlətləri üçün həssas olan başqa bir məlumat yayıldı. Məlumata əsasən, Rusiya Ermənistanın qəzalı vəziyyətdə olan “Metsamor” Atom Elektrik Stansiyasını (AES) nüvə yanacağı ilə təmin edəcək. Bununla bağlı Rusiya “Rosatom”unun TVEL yanacaq şirkəti Ermənistanla müqavilə imzalayıb. Məlumata görə, TVEL Metsamor AES-i 100 faiz yanacaqla təmin edəcək. Qeyd edək ki, “Metsamor” AES 1980-ci ildə istifadəyə verilib. 1980-ci illərin sonlarında Spitakda baş verən dağıdıcı zəlzələdən sonra yararsız və qəzalı vəziyyətə düşən AES-in birinci blokunun fəaliyyəti dayandırılıb. Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaliyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqqında səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıblar. ATƏT və BMT-nin AES-in fəaliyyətinin dayandılması ilə bağlı çağırışları və qərarları olmasına baxmayaraq, Ermənistan bunların heç birinə müsbət cavab verməyib. Üstəgəl, bölgə üçün təhlükəli olan stansiyanın fəaliyyətinin davam etdirilməsi üçün Rusiyanın atdığı addımlar da diqqətdən qaçmır. “Metsamor”u “süni nəfəslə” - nüvə yanacağı ilə təmin edən Rusiyanın bu məsələdə maraqlı olması təsadüfi hesab olunumur. Ehtimal etmək olar ki, bir tərəfdən Azərbaycan ərazilərini işğal edən Ermənistanı silahlandıraraq bölgədə vəziyyəti gərginlikdən saxlayan Rusiya, bir yandan da “Metsamor”un fəaliyyətini davam etdirərək bölgəni təhdid etməyə çalışır.

Rusiya “Metsamor”u saxlamaqda niyə maraqlıdır?

Qəza baş verərsə AES-in kütləvi qırğın və zəhərlənmələrə səbəb olacağı mütəxəssislər tərəfindən də təsdiq olunub. Məhz bu təhdidedici vəziyyəti nəzərə alaraq BMT, ATƏT və digər beynəlalq təşkilatlar Ermənistan rəhbərliyini “Metsamor”dan imtina etməyə çağırırlar. Lakin bu nöqtədə Ermənistan rəhbərliyinin edə biləcəyi heç bir iş yoxdur. Çünki AES həm ölkənin elektrik enerjisinə olan tələbatının əsas hissəsini ödəyir, həm də stansiya borc qarşılığında Rusiyaya satılıb. Bu baxımdan ehtimal etmək olar ki, Qarabağ münaqişəsinin həllini uzatmaqla bölgə dövlətləri üzərində təzyiq rıçaqlarını saxlayan Rusiya, AES vasitəsilə də öz təsir dairəsindən çıxmaq meylində olan ölkələri təhdid edir. Nə qədər inandırıcı ehtimal olmasa da iddia etmək olar ki, bölgədə hansısa qarışıq situasiya zamanı “Metsamor” Rusiyanın vura biləcəyi əsas hədəflərdən biri ola bilər.

“Putin dönəmində münaqişə həll olunmayacaq”

“Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi 20 ildən çoxdur münaqişənin nizamlanmasında əsas iştirakçı tərəfdir. Politoloqun sözlərinə görə, Kremlin işğalçı Ermənistana verdiyi hərtərəfli dəstəyin nəticəsində münaqişənin həll prosesi dalana dirənib:

“Azərbaycanın diplomatik səyləri heç vaxt Moskva tərəfindən nəzərə alınmır. Əksinə işğalçı ölkəyə həmişə reveranslar edərək, münaqişənin həllinə əngəl olub. İndi də bu siyasətin davamıdır ki, Rusiya həm Minsk qrupu çərçivəsində həll planı irəli sürür, bir tərəfdən də Ermənistana 100 milyon dollarlıq silah-sursat verir. Keçən il də Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq silah alışı üçün kredit müqaviləsi imzalanmışdı. Münaqişə ətrafında yeni gəlişmələrin baş verdiyi bu ərəfədə Rusiya növbəti dəfə Ermənistana silah alması üçün 100 milyon dollar kredit ayırdı. Bu müqaviləyə əsasən də Rusiya Ermənistana yeni silahlar və artilleriya sistemləri verəcək. Göründüyü kimi Rusiya guya həm münaqişənin həllinə çalışır, bir tərəfdən də Ermənistanı silahlandırır. Bununla da regionda deastablizasiya yaradaraq, Cənubi Qafqaza nəzarət edir”. Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Qarabağ münaqişəsinin birdəfəlik həllinə razı deyil: “Çalışır ki, münaqişədən istifadə edərək Azərbaycan və Ermənistana təzyiq rıçaqlarına malik olsun. Bununla da Azərbaycan və Ermənistanın Qərbə inteqrasiya siyasətinə, həmçinin NATO-nun regionda fəallaşmasına əngəl olmağa çalışır. Başqa sözlə, ən azından Putinin hakimiyyəti dönəmində münaqişənin həlli mümkün deyil”.

Mənsur Rəğbətoğlu

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net