Ana səhifə

Qarabağ əvəzinə erməni konyakı, yaxud AŞPA-da anti-Azərbaycan ŞƏBƏKƏSİ

    Tarix: 05-10-2017 19:18   
Qarabağ əvəzinə erməni konyakı, yaxud AŞPA-da anti-Azərbaycan ŞƏBƏKƏSİ
1400 avro və 40 illik erməni konyakı... Yaxud AŞPA-dakı anti-Azərbaycan şəbəkəsi.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi bir çox fikir diqqət çəkdi. Onlardan birinə diqqət edək: Azərbaycan Avropa Şurasını tərk etsə, ölkənin həyatında heç nə dəyişməyəcək.

Dövlət başçısının bu sözləri əslində Azərbaycan ictimaiyyətinin mövqeyidir.

Hər şeydən öncə bu qurum Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək vermir, əksinə, bəzi üzvlər işğalçını dəstəkləməklə beynəlxalq hüquq normalarını tapdayır.

Bu siyasətin davamı olaraq, Azərbaycan “insan haqları, demokratiya” və s. bəhanələr altında hədəfə alınır. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin dövlət siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan isə AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur.

Azərbaycan bütün qərəzli mövqelərə rəğmən, Avropa Komissiyası və Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət yetirir, AŞPA-dakı ədalətsiz mövqeyin ümumi mənzərəyə xələl gətirməsinə imkan vermir. Lakin hər şeyin sonu olduğu kimi, ədalətsizliyin də sonu olmalıdır. AŞPA-dakı lobbi qrupları və bəzi rəsmilər isə son dövrlər yeni hücum dalğası başladaraq, Azərbaycanı qurumdan çıxarmaqla hədələyir.

Prezident İlham Əliyevin dediyi kimi, bu baş verərsə, Azərbaycanda heç nə dəyişməyəcək.

Ümumiyyətlə erməni lobbisinin və anti-Azərbayan şəbəkəsinin yuva qurduğu AŞPA Azərbaycana lazımdırmı, yaxud bu qurumun ölkəmiz haqda hansısa irad belə səsləndirməyi nə dərəcədə doğrudur?

Bu sual fonunda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edən məlumatları yada düşür.

Qarabağın işğalına qarşılıq 40 illik erməni konyakı

2017-ci ili 24 yanvar tarixində Ukrayna deputatı Vladimir Arev “Facebook”da yazdı ki, son illər bəzi deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət edib. O, AŞPA-dakı üç erməni deputatın adını çəkirdi: Samvel Farmanyan, Naira Karapetyan və Naira Zoqrabyan. (Ermənistanın AŞPA-da nümayəndə heyətinin üzvləri -red). Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxartsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb.

Arev rüşvəti qəbul etmir və bundan sonra təzyiq və böhtan dövriyyəyə buraxılır. AŞPA-nın 2017-ci il qış sessiyasında ermənilər ədalətli və qərəzsiz ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham etdilər.

Sorosun “Mister X-i”, yaxud “Ermənistan tərəfindən oyna”

ESİSC-in araşdırmasına görə, AŞPA-da anti-Azərbaycan əməliyyatları 2012-ci ildə yüksək vəzifəyə yeni təyinatla başlandı. İlk məruzədə bu şəxs “mister X” olaraq təqdim olunurdu. (ikinci məruzədə təşkilat “mister X”-in Avropa Şurasının insan haqları üzrə komissarı və Soros Fondunun əməkdaşı latviyalı Nils Muyjnieks olduğu açıqlandı). Bu təyinatdan sonra AŞPA-da bəzi şəxslər birləşərək, Azərbaycana qarşı çağırışlar etməyə başladı. Lakin heç bir əsas yox idi və ittihamlar böhtan xarakteri daşıyırdı.

“ONG Monitor”un məlumatına görə, şəffaflıq və azadlıq üzrə ixtisaslaşan QHT-lər Soros Fondunun ayırdığı 4 milyard avro qrantla maliyyələşir və bura “Human Rights Watch”, “Amnesty İnternational”, “Human Rights House Foundation”, “Açıq dialoq”, “Avropa sabitlik təşəbbüsü” (YEİS), “İnsan haqları üzrə Helsinki komitələri” kimi təşkilatlar da daxil olmaqla Avropanın 50 qeyri-hökumət təşkilatı aiddir.

“Sorosun təşkilatları onilliklər ərzində Bakını ləkələyir, Azərbaycan haqqında yalan informasiyalar yayır, dünyəvi dövləti diktator rejimi kimi təqdim etməyə çalışırdı. 2010-cu ildən etibarən Azərbaycanda insan potensialının inkişafı daim yüksəlir, baxmayaraq ki, Ermənistan işğalı nəticəsində ölkə kütləvi qaçqın problemi ilə üzləşib. Lakin QHT-lər siyasi həbslər haqda bağırır və nə qaçqın problemini, nə də 105 radikalın Suriya və İraqa getməsini xatırlamırlar. Azərbaycan hakimiyyəti Avropa demokratlarından fərqli olaraq, öz sərhədləri daxilində problemlə mübarizədə tamamilə qanuni və ədalətli addımlar atır. Azərbaycanı gözdənsalma kampaniyası fonunda Ermənistandakı vəziyyətə göz yumulur və “mənim düşmənimin düşməni, mənim dostumdur” prinsipindən çıxış edirlər. Bu prinsipi 2012-ci ildən başlayaraq, AŞPA-nın boynuna qoymağa çalışırdılar. Soros yalnız Avropa siyasətinə qarışmır, ABŞ-da aktiv oyunçu olmağa davam edir və erməniyönümlü diplomatiyanın irəliləməsi üçün mesenat fəaliyyətindən istifadə edir. Bunun üçün o, İrəvanda “Açıq Cəmiyyət İnstitutu”nun filialını öz erməni diplomatiyasının əsas elementi etdi. Digər tərəfdən, Soros ABŞ-da güclü erməni lobbisinə güvənir, “Azərbaycanın stabilliyini pozmaq üçün Ermənistan tərəfindən oyna” strategiyasını gücləndirir”, - deyə hesabatda qeyd olunurdu.

“Mister X”-in anti-Azərbaycan komandası

2012-ci ildən başlayaraq, “mister X” - Nils Muyjnieks Sorosun tapşırığına əsasən, AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini inkişaf etdirməyə başlayır. Bu şəbəkəyə qoşunlardan biri “Avropa sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus idi. Knaus Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı heç bir sübutu olmadan tez-tez korrupsiyada ittiham edir. Knaus YEİS vasitəsilə “kürü diplomatiyası” adlı hesabat dərc edərək, ona maksimum dəstək verdi. Bu məruzənin nəşrində bir hədəf var idi: böhtana əsaslanan şübhəli mühit yaratmaq və Bakıya qarşı siyasi müharibədə iştirak edəcək deputatların şəbəkəsini formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA daxilində effektiv iş üçün Parlament məclisinin dəstəyini təmin etmək lazım idi. Çünki təkcə erməni deputatların dəstəyi bəs etmirdi və daha çox deputat prosesə qoşulmalı idi. Xüsusilə Avropa İttifaqı ölkələrinin nümayəndələri olarsa, lap əla olardı. Kristofer Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna nail oldu.

Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə məşhurdur. O, 2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı qurbanlarını” yad edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu faktın özü də göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz işğalı da daxil olmaqla, Ermənistan maraqlarının müdafiəsində mükəmməl namizəddir.

Knaus və Ştrasser “siyasi məhbus” məsələsini qaldıraraq Azərbaycana qarşı hücumda birləşdi. Knaus Corc Sorosun xeyrinə işləyirdi, Ştrasser isə Ermənistanın.

Ştrasser italiyalı jurnalist Milena Qabanelli ilə əməkdaşlıq edirdi. 2016-cı ilin noyabrında Qabanelli İtaliyanın “RAİ3” telekanalında erməni maraqlarının müdafiəsi məqsədilə AŞPA deputatlarını tənqid edən reportaj hazırladı. Milenanın Soros Fondu ilə əlaqələri məlumdur. Misal üçün, 2013-cü ildə Milena Qabanelli İtaliyanın “Tiziano Terziani” ədəbi müsabiqəsinin münsiflər heyətinin üzvü idi. Hansı ki, bu müsabiqədə Corc Sorosun “Avropa və ABŞ-da maliyyə sarsıntıları” kitabı da təqdim edilirdi. Milena həmçinin, Ermənistanın “köhnə dostu”dur. Dağlıq Qarabağ müharibəsi zamanı o erməni tərəfindən reportajlar hazırlayır, azərbaycanlı qaçqınların taleyindən narahat olmadan, İrəvanın xeyrinə materiallar yayırdı. Bu dəstək onu Ermənistan mediasının ulduzu etdi. Ştrasser Qabanelliyə təkcə kömək etmirdi, o, ukraynalı deputat Vladimir Arevi ələ almağa çalışan erməni deputat Samvel Farmanyanla birgə telereportajda da çıxış edirdi.

Şəbəkənin digər üzvü - Piter Omtzixt: Niderland siyasətçi Omtzixt 2010-cu ildə AŞPA-da deputat fəaliyyətinə başladı. İlk iki il ərzində o, Ermənistandakı siyasi vəziyyət haqda öz narahatlığını tez-tez dilə gətirirdi. 2012-ci ildə qəfildən əvvəlki bəyanatlarından tamamilə imtina etdi və Azərbaycanı tənqid etməyə başladı. Səbəb nə idi? Bunu aydınlaşdırmaq üçün 2012-ci ildə Niderlandda parlament seçkilərinə baxmaq lazımdır. Omtzxit üzvü olduğu partiyadan çıxarılmışdı, lakin yenə də güclü seçki kampaniyası apardı və səs çoxluğu ilə qalib gəldi. İstisna deyil ki, onun AŞPA-dakı mövqeyinin qəfil dəyişməsi bu seçkilərlə əlaqəlidir. Çünki onun seçki kampaniyasının arxasında erməni lobbisi dayanırdı.

Bununla yanaşı, o, Cerald Knausla münasibətlərini gizlətmir. Omtzixt “kürü diplomatiyası” məruzəsinin ikinci fəslinin tərtib olunmasında Knausla əməkdaşlıq edirdi. Bu işdə ona Frank Şvab da kömək edirdi.

Frank Şvab 2011-ci ildə AŞPA-nın üzvü oldu. Həmin vaxtdan etibarən o, SDP-də (Almaniyanın Sosial-Demokrat Partiyası) qalmaq üçün Ştrasserlə öz siyasi baxışlarını uyğunlaşdırırdı. Bu məsələ onu anti-Azərbaycan lobbisi üçün mükəmməl namizəd etdi. Ştrasser və Şvab SDP daxilində “erməni soyqırımı” məsələsini qaldırdı.

Anti-Azərbaycan kampaniyasında həmçinin, iki fransız deputat da mühüm rol oynayır. Onlar sosialistlər qrupunun üzvləridir: sədr müavini Rene və Fransa-Ermənistan dostluq qrupunun üzvü Fransua Roşblaun.

Fransua Roşblaun Ermənistanın işğal etdiyi regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, daha əvvəl qondarma “DQR”-in “prezidenti” Bako Saakyan və “spikeri” Aşot Qulyanla görüşüb.

AŞPA-da kölgə şəbəkəsi Azərbaycana daim hücum edir. Onun taktikası belədir: sıx hücumlar, böhtanlar. Məqsəd Ermənistanın işğalına bəraət qazandırmaqdır. Faktiki olaraq, bu şəbəkə AŞPA-nı etibardan salır.
Azərbaycana qarşı məqsədyönlü hücum isə ictimai rəydə “bizim o təşkilatda nə işimiz var kimi” fikirləri gücləndirir. İndi bunu AŞPA-nın özü düşünməlidir?: Ya ədalət prinsipini əsas götürərək, anti-Azərbaycan maraqlarına xidmət etməkdən əl çəkməli və öz etibarını bərpa etməli, ya da artıq de-şifrə olunmuş erməni lobbisi və maraq şəbəkəsinin maşasına çevrilməyə davam edərək, öz nüfuzunu ayaqlar altında salmalıdır.

Asif Nərimanlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net