Ana səhifə

Trampdan “at gedişi”: Çin səfəri nə vəd edir?

    Tarix: 14-09-2017 21:15   


Trampdan “at gedişi”: Çin səfəri nə vəd edir?Bu ilin noyabrında ABŞ prezidenti Donald Tramp Çinə rəsmi səfər edəcək. “Cümhuriyət” qəzeti “Qazeta.ru”-ya istinadən xəbər verir ki, Ağ Evdə bu məlumatı şərh etməkdən imtina ediblər. Çin Xalq Respublikasının sədri Si Tsinpin ABŞ-a aprel ayında səfəri zamanı Amerika prezidentini Çinə dəvət edib. “Bloomberg” agentliyi bildirir ki, Çin lideri ilə görüşdən sonra Tramp onun haqqında çox səmimi danışıb, lakin sonradan rəsmi Pekinin ticarət siyasətinin ünvanına tənqidlərə qayıdıb.

Trampın hədəfi

Donald Tramp Konqresin Rusiyaya qarşı ağırlaşdırılmış sanksiya layihəsini imzalayanda Kremlin mətbuat katibi Dmitri Peskov buna qarşı tədbir görməyəcəklərini açıqlamışdı. Lakin bir neçə saat sonra Peskov fikrini dəyişərək, Rusiya prezidenti Vladimir Putinin sanksiyalara qarşı tədbirlərin əvvəldən gördüyünü, ABŞ-dakı rusiyalı diplomatların sayının 2/3 hissəsini azaltmaq barədə qərar verdiyini dedi. Beləliklə, Tramp sanksiyalarla bağlı bəyanatını yayımladı. Amma bir tərəfdən bununla bağlı narahatlığını və layihədə qüsurların olduğunu, bunun ABŞ Konstitusiyasına uyğun olmadığını bildirsə də dolayı yolla ABŞ-ın Rusiyaya qarşı dəyişməz siyasətinin yerində qaldığını etiraf etdi. Digər yandan isə Rusiyadakı 800-ə yaxın diplomatın çıxarılması barədə heç bir söz demədi. Rusiya Dövlət Televiziyası da günahı Trampda yox, onu bu sənədə imza atmağa məcbur edənlərdə axtardı və Avropa İttifaqının da bu sanksiyalara qarşı olduğunu iddia etdi. Kremlə görə, problem Trampda yox, Konqres və onu bu sənədə imza atmağa məcbur edən digər siyasi dairələrdədir.

Rusiyanın rəsmi dairələri son sözün Trampda olacağı halda Rusiya - ABŞ münasibətlərində heç bir problemin olmayacağını da iddia edirdilər. Rusiyalı diplomatlar Trampın sanksiyalardan məmnun olmadığını deyirlər. Dumanın İqtisadiyyat komitəsinin rəhbəri, oliqarx İqor Seçin Ağ Ev rəhbərinin qərarını “Tramp sanksiyalardan məmnun deyil, amma imzaladı. Nə deyə bilərik? Bu səhv qərardır və amerikalılar da bunu bilirlər. Hesab edirəm ki, bu sanksiyalar Rusiyaya yox, Trampın özünə qarşıdır”, şəklində şərh verdi.




Rusiyalı deputat Aleksey Puşkova görə isə, sanksiyalar Amerikanın özünə zərər verəcək: “Bu sanksiyalar amerikalılar üçün pis nəticələr verəcək. Bu, Trampın əl-qolunu bağlayır, Avropa İttifaqını hiddətləndirir və ABŞ-ı Rusiyadan uzaqlaşdırır. ABŞ Konqresi qana susayıb və məntiqli hərəkət etmir”.

Çinə səfər nə vəd edir?

Ağırlaşdırılmış sanksiyaların prezident tərəfindən təsdiq olunmasından sonra Donald Trampın Çinə səfər etməsi, Rusiyanın narahatlığını bir qədər də artırıb. Artıq Kremlə yaxın KİV-lərdə Tramp “Rusiyanın dostu yox”, “iradəsiz rəhbər” kimi təqdim olunur. Rusiyalı ekspertlərə görə, Konqres və digər güc mərkəzlərinin təzyiqləri altında Çinə səfər edəcək Tramp bununla ABŞ və Rusiya arasındakı uçurumu daha da dərinləşdirəcək. Hesab olunur ki, bu səfər Ağ Ev rəhbərinin seçkiqabağı kampaniyada verdiyi vədlərə uyğun deyil.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyada xarici siyasətdə əsas hədəflərinin Çin, İran və Şimali Koreya olduğunu açıqlamışdı. Ukrayna böhranından sonra “Şər üçbucağı”na Rusiyanın da daxil ediləcəyi gözlənilsə də Tramp Rusiya ilə münasibətlərin yumşaldılması xəttinin seçiləcəyini bildirərək, Amerikanın bu rəqibinə xoş gələcək vədlər də vermişdi. Putin də Tramp haqqında xoş sözlər deyərək, onun hakimiyyəti dönəmində tərəflər arasında bir sıra fundamental problemlərin öz həllini tapacağını demişdi. Amma sonrakı mərhələr də Trampın Rusiya ilə bağlı vədlərindən danışmaması, əksinə, bu ölkəyə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini imzalaması və Rusiyanın Baltikanı dövlətlər və Şərqi Avropa ilə sərhəd bölgələrində ABŞ hərbi qüvvələrinin sayını artıran qərarlar verməsi, Moskvada Vaşinqtona qarşı olan hiddəti yenidən alovlandırdı. Üstəgəl, Ukrayna və Baltikyanı dövlətlərə qarşı hesablanmış hərbi təlimlərə start verən Rusiya bir yandan da müharibə vəziyyətində Şimali Koreyanı müdafiə edəcəyi mesajlarını verməyə başlayıb.

Pekindən gözləntilər

Başqa sözlə, Trampın Çinə səfərini özünə qarşı təhdid hesab edən Rusiya bunun təhlükəli nəticələr ortaya çıxaracağını istisna etmir. Kremlə yaxın ekspertlərin qənaətinə görə, səfər üçün Çinin seçilməsi açıq formada bu ölkənin yox, Rusiyanın ABŞ-ın əsas hədəfi olduğunu göstərir. Mənbələr bunu Şimali Koreya ətrafında yaranmış böhran və Çinin Amerika iqtisadiyyatında böyük pay sahibi olması ilə də əlaqələndirirlər.

Hesab olunur ki, Tramp Şimali Koreya ilə müharibə vəziyyətində Çində buna müdaxilə etməmək barədə qarantiya almağa gedir. Artlq BMT Təhlükəsizlik Şurasının iclasında Çin Şimali Koreya əleyhinə seçilmiş planlara razılıq verib. Bu səfərin həmçinin müharibə astanasında Çinlə münasibətlərin yumşaldılmasına yönəlik bir jest olduğu da ehtimallar arasındadır. Başqa sözlə, Şimali Koreya böhranında Rusiyanı özünə qarşı rəqib kimi görməyən ABŞ həssas situasiyada Çindən gələcək təhlükəni əvvəldən sığortalamaq üçün Trampı Pekinə göndərmək istəyir.

Mənsur Rəğbətoğlu

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net