Ana səhifə

Zəhra faciəsini qoyub Nosikin ölümünə acıyan “azərbaycanlı”... Xankişiyev kimdir?

    Tarix: 10-07-2017 17:35   
Zəhra faciəsini qoyub Nosikin ölümünə acıyan “azərbaycanlı”... Xankişiyev kimdir?
“Yoldaş Stalik, sizin müraciətiniz yanlış ünvanadır və yerinə düşməyib!”; Azərbaycanı aşağılayan yəhudi bloggerə azərbaycanlı necə qahmar çıxdı...
Bu günlərdə Qarabağdakı erməni separatçılarının qatı təbliğatçılarından olan Anton Nosik dünyasını dəyişib. Məlumatlara görə, yəhudi əslli rusiyalı blogger ürək tutmasından keçinib.

Əlbəttə ki, hərə bir dərdlə bu dünyadan köçür. Və həm də hərə bir adla. Nosikin “payı”na da anti-Azərbaycançı kimi, “qara siyahı”da ol-ola ölmək düşdü. Adam bəlkə də hazırda Bakıda məhkəməsi gedən soydaşı Aleksandr Lapşin kimi tövbə edəcəkmiş, nə biləsən...

*****

“Yeni Müsavat” arayış üçün bildirir ki, Anton Nosik 1990-cə ildə İsrailə emiqrasiya edib və orada jurnalist fəaliyyəti ilə məşğul olub. İsraildə o, öncə iqtisadi mövzularda yazmaqla, sonra isə internet və kompüter mövzularında işləməklə kifayət qədər populyarlıq qazanıb. 1997-ci ildə Rusiyaya qayıdıb. 2016-cı ildə onu “Suriyanı yer üzündən silmək” yazısına görə 500 min rubl cərimə ediblər. Məhkəmə Nosikin Rusiyanın Suriyanı bombalamasını təqdir edən və onu nasist Almaniyası ilə müqayisə edən mövqeyini ekstremizm kimi qiymətləndirib.

A.Nosik Azərbaycan auditoriyasına da yaxşı tanış idi – pis anlamda təbii ki. Belə ki, bu ilin martında o, Dağlıq Qarabağa qanunsuz səfər eləmiş, üstəlik, səfərdən öncə Azərbaycan dövləti və xalqını təhqir eləmişdi. Sitat: “Sabah səhər “Dağlıq Qarabağ Respublikası”na, qədim erməni “Artsax”ına gedirəm. Deyirlər, o bütün Zaqafqaziyada ən gözəl yerdir. Belə fikir var ki, hər kəs ora getməklə Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu mənim eynimə deyil, ona görə ki, Azərbaycanın özünün suveren dövlət kimi mövcudluğunu mən təəssüfedici tarixi səhv və anlaşılmazlıq sayıram. 1918-ci ilədək belə bir dövlət mövcud olmayıb. Ondan sonrakı dövrlərdə də dünya xəritəsi gözəl şəkildə onsuz keçinə bilərdi. Heyf ki, bu xoşbəxt imkan əldən verildi”.

Bu status və qanunsuz səfərdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi A.Nosikin adını “qara siyahı”ya salmış və ölkəmizə girişinə qadağa qoymuşdu.

Zəhra faciəsini qoyub Nosikin ölümünə acıyan “azərbaycanlı”... Xankişiyev kimdir?

*****

Diqqət edildi yəqin ki, adam bu cəfəngiyatı Qarabağda, Xankəndində olarkən yox, hələ ora getməmiş yazıb. Yəni Azərbaycan dövlətinə və xalqına qarşı öncədən patoloji kin-küdurət içində olub. Şübhəsiz, ölüm haqdır və heç kim ölümə sevinməz. Ancaq belə bir zatın dünyasını dəyişməsi ilə ermənipərəst qeyri-erməni təxribatçıların sayının bir nəfər azaldığı da faktdır.

Təsadüfi deyil ki, Nosikin qəfil ölümü ən çox erməniləri yandırıb və yandırır. Bir də deyəsən, bəzi sapı özümüzdən olan “baltalar” xəbərdən şok keçirib. Məsələn, Moskvada yaşayan peşəkar kulinar, Azərbaycan kökənli Stalik Xankişiyev ad-soyadlı birisi kimi.

Əcəba, özünü azərbaycanlı saydığını şəstlə bəyan edən yoldaş Stalik məgər Nosikin yuxarıdakı statusundan, Azərbaycan əleyhinə özfəaliyyətindən bixəbərdir? Ya bəlkə azərbaycanlılara mənəviyyat dərsi keçməyə çalışan bu xain zat gerçəkdə potensial ələkrəm hümmbətovçu, fəxrəddin əboszadəçidir ki var? Axı, məntiq diktə edir ki, damarında azərbaycanlı-türk qanı axan, Azərbaycanı və onun xalqını, dövlətini sevən kəs Nosikin ölümünə acımaz, nəinki Nosikin ölümündən sonra onun mövqeyini yada salıb bir azca emosional statuslar yazan gənc azərbaycanlıları qınaya və onlara ağıl öyrədə.

Doğrudur, öz müraciətində Xankişiyev əvvəlcə etiraf etməyə məcbur olub ki, Nosik sağlığında Azərbaycana münasibətdə yaxşı mövqe tutmayıb, ancaq sən demə, onun ölümünə həmvətənlərin sevinməsindən Xankişiyev pis olubmuş. Ardınca o qeyd edir ki: “Bu, çox pis görünür və pis qoxu verir. Mən azərbaycanlıyam. Ona görə də belə situasiyada gənc azərbaycanlıların özünü çirkin aparması məni daha çox narahat edir, nəinki Rusiya gəncliyinin ən pis kəsiminin analoji davranışı”.

Zəhra faciəsini qoyub Nosikin ölümünə acıyan “azərbaycanlı”... Xankişiyev kimdir?

*****

“Xankişiyevin müraciətinin özü çox pis görünür və heç kimə lazım deyil. Cari məqamın mahiyyətini və strukturunu bilən düşüncəli insan əla başa düşür ki, Azərbaycan cəmiyyətinin əsəbləri tükənmək üzrədir və belə vəziyyətdə öz xalqının mənəvi simasını aşağılamaq nə dərəcədə patriotik sayıla bilər?” Musavat.com-un məlumatına görə, bu barədə politoloq-publisist Tofiq Abbasov minval.az saytındakı “Yoldaş Stalik, sizin müraciətiniz yanlış ünvanadır və yerinə düşməyib!” başlıqlı məqaləsində yazır.

Politoloq daha sonra ritorik sual edir: “Ümumiyyətlə, qanunauyğundurmu ki, sosial şəbəkələr okeanından qoparılmış kiçik fraqmentlərdən ümumiləşdirilmiş əxlaq çatışmazlığı kompozisiyası yaradasan və bununla da düşmənə anti-Azərbaycan PR-ı üçün barmaqdan sorulmuş daha bir bəhanə verəsən? Xankişiyev öz üzərinə əxlaqın həssas tərəfdarı və vətəndaş yetkinliyi rolunu götürüb. Madam belədir, o zaman ona nə mane olur ki, elə həmin o sosial şəbəkələrdə Alxanlıda erməni hərb maşınının cinayətləri nəticəsində həyatları qırılmış 2 yaşlı Zəhra və onun nənəsindən yazsın?”

Nosikin azərbaycanlıların yaddaşında həmişəlik anti-qəhrəman kimi qalacağına əmin olan şərhçi fikrini belə tamamlayır: “Balaca Zəhranın ölümü fonunda rusiyalı bologgerin həyatdan getməsi – hansı ki, özü-özünü Azərbaycana qarşı qoymuşdu – xüsusi diqqətə layiq olmayan yalnız kiçik bir epizoddur. Və kimsə əgər bu ölümdən yan keçə bilməyərək emosiyalarına güc veribsə, o zaman stəkanda tufan yaratmağa və ayrı-ayrı adamların vəcdə gəlməsini bütöv xalqın siması kimi yozmağa dəyərmi?.. Odur ki, yoldaş Stalik, sizin müraciətiniz yanlış ünvanadır və üstəlik, yerinə düşməyib!”

Siyasət şöbəsi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net