Ana səhifə

FES-in dollar siyasətinin GİZLİNLƏRİ: Ölkələri nə gözləyir?

    Tarix: 10-07-2017 13:37   
FES-in dollar siyasətinin GİZLİNLƏRİ: Ölkələri nə gözləyir?

Rəşad Həsənov: “FES 2017-ci ilin sonuna qədər ən azı bir dəfə uçot dərəcəsini artıracaq”

Federal Ehtiyat Sistemi (Federal Reserve System, FES) iyun iclasının protokolunu dərc edib. Protokola əsasən, FES yaxın aylar ərzində balansındakı aktivlərin həcminin azaldacağını təsdiqləyib. FES-in balansı 4,5 trilyon dollara çatıb ki, bu da 2009-cu ildən etibarən dövlət istiqrazlarının alışı nəticəsində mümkün olub. FES qiymətli kağızlardan əldə olunan gəlir hesabına təkrar investisiya yolu ilə siyasətini sərtləşdirməyə qərar verib.

Ekspertlər hesab edir ki, balansda aktivlərin azaldılması faiz dərəcələrinin artmasına və dolların bahalaşmasına səbəb olacaq. Analitik Alfonso Esparza bildirib ki, FES artıq sentyabr ayından etibarən aktivlərin azaldılmasına başlaya bilər. Bununla yanaşı, analitik qeyd edir ki, inflyasiyanın 2 faizlik hədəf göstəricidən aşağı olması dolların möhkəmlənməsi üçün çalışan FES-i pul-kredit siyasətinə yenidən baxmağa məcbur edə bilər. Protokolun dərcindən sonra birjalar dolların kəskin bahalaşmasının şahidi olub.



Maraqlıdır, FED-in bahalı dollar siyasəti nə məqsəd güdür?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, FES bahalı dollar deyil, müəyyən qədər ucuz pul siyasəti həyata keçirtmək istəyir: “Təbii ki, ucuz pul siyasəti müəyyən xərclər formalaşdırır. Digər tərəfdən də dövriyyədə olan pul vəsaitlərinin həcminin genişlənməsinə gətirib çıxarır. Nəticədə iqtisadiyyatda balonların yaranması riski çoxalır. FES uçot dərəcəsini azaltmaqla, eyni zamanda dövlət istiqrazlarının alışı yolu ilə hər ay iqtisadiyyata təxminən 80 milyard dollar pul daxilolmasını təmin etməyə başladı. Bu daxilolmalar 2001-ci ildən sonra yəni, böhrandan sonra başlanıldı. Həmin dövrdə iqtisadi böhran müəyyən təşviqedici addımların atılmasını tələb edirdi. Hazırda ABŞ iqtisadiyyatında toparlanma və inkişaf müşahidə olunur. Bu gün FES üçün ən mühüm problemlərdən biri inflyasiya səviyyəsinin nəzərdə tutulan 2 faiz həddən aşağı olması və bu həddə hələ də nail olmamasıdır. Eyni zamanda ilin ikinci rübündə ABŞ-ın iqtisadi indikatorları mənfi siqnallar görməyə başladı”.

İqtisadçının qənaətincə, hazırda FES üçün təhlükəli məqamlardan biri bazarda aktivlərin həcminin kifayət qədər çox olmasıdır: “Nəticədə həm kredit bazarında, həm bank-maliyyə sektorunda, həm də iqtisadiyyatın digər sahələrində balonların formalaşmasını yaratmaqla növbəti illərdə 2008-ci ildə baş verən böhrana bənzər digər bir kataklizm yaranmasını şərtləndirirlər. Məhz bu səbəbdən FES uçot dərəcəsini artırmaq istiqamətində qərarlar qəbul etməyə meylli görünür. Dolların məzənnəsi FES-in bu gün üçün nəzərdə tutduğu faktorlardan aşağı səviyyəli hesab olunur. Çünki dolların məzənnəsinin baha və yaxud ucuz olmasının ciddi təhlükəsi yoxdur.

Faktiki olaraq son dövrlərdə də müşahidə olundu ki, FES-in uçot dərəcəsini artırmasına baxmayaraq dollarının mövqeyi dəyişmədi. Bu isə ABŞ hökumətinin həyata keçirəcəyi siyasətin praqmatik olmaması anlamına gəlir. Yanaşmaların daha çox aktual olduğu bir dövrdə dünyada dollara olan tələbat nisbətən aşağı düşür. Uçot dərəcəsinin artmasına baxmayaraq dollar özünü tənzimləyir. Hesab edirəm ki, bu proses növbəti aylarda da baş verəcək. FES 2017-ci ilin sonuna qədər ən azı bir dəfə uçot dərəcəsini artıracaq. Böyük ehtimalla bu, dekabr sessiyasına düşəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net