Ana səhifə

Ana qızını öldürən şəxs ilə intim münasibətdə olub: qətlə yetirilən 6 yaşlı Ramilənin faciəsi

    Tarix: 19-06-2017 15:27   
Ana qızını öldürən şəxs ilə intim münasibətdə olub: qətlə yetirilən 6 yaşlı Ramilənin faciəsi

6 yaşlı ögey qızını öldürən, daha sonra onu avtomobil vurub deyə yola atan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ağsu rayon sakini 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesinə hakim Tamella Nəsrullayeva sədrlik edib.

E.Hacıyev birlikdə yaşadığı qadının 6 yaşlı qızı Ramilə Abdulxaliqovanın ölümünə görə həbs olunub. Uşağın ölümünə səbəb də bu olub ki, Hacıyevin ayaqlarını yuduğu ləyəni uşaq aparan zaman suyu dağıdıb. Hacıyev 6 yaşlı uşağın qulaqlarında tutaraq başını divara çırpıb.

Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Amma o, ittihamı qətiyyən qəbul eləmir. Deyir ki, uşaq pilləkəndən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sonuncu məhkəmə prosesində Elnar Hacıyevin 9 yaşlı doğma qızı Həcər də ifadə verib. O, hadisənin əsas şahididir və həmin zaman evdə olub. O, məhkəmədə dindiriləndə deyib ki, atası suyun dağılmasına görə Ramiləni döyüb, onun huşunu itirdiyini görəndə aptekə qaçıb, dərman alıb gətirib. Amma xeyri olmayıb. Bundan sonra atası nənəsi Almaz Hacıyevaya, uşağın öz anası Samirə Yarıyevaya zəng eləyib, onlar gəliblər.

Həcər Hacıyeva azyaşlı olduğundan anasının iştirakı ilə dindirilib. Elnar Hacıyev deyir ki, qızını onun əleyhinə ifadə verməsinə görə keçmiş həyat yoldaşı Bülbül öyrədib. "Anası bu uşağı mənə qarşı nifrətinə görə alətə çevirib" - deyə Elnar bildirib.

Məhkəmədə məlum olub ki, Elnar və Bülbül 2002-ci ildə ailə qurub, 2014-cü ildə boşanıblar. Onların birgə nikahdan biri oğlan, biri qız olmaqla iki övladı var. Əvvəlcə uşaqlar anada qalıb. 2016-cı ilin martında atalarının yanına gəliblər. Elnar Xırdalan qəsəbəsində anasının evində yaşayırmış. Sonradan azyaşlı Ümid geri qayıtsa da, Həcər atası və nənəsi ilə birlikdə yaşayıb.

9 yaşlı Həcər Hacıyeva istintaqa ilkin ifadəsində 6 yaşlı Ramilənin pilləkəndən yıxıldığını deyib. Hətta anasının ifadəsində də var ki, hadisədən sonra qızı ilə ilk söhbətində Həcər ona uşağın pilləkəndən yıxılıb öldüyünü deyib. Amma anası ilə bir neçə gün birlikdə qalandan sonra prokurorluğa gedib, hadisəni atasının törətdiyi haqda ifadə verib.

Məhkəmədə hakimlər Həcərdən fərqli ifadə verməsinin səbəbini soruşanda cavab verib ki, əvvəlcə atası ona Ramilənin pillələndən yıxılıb öldüyünü deməyi tapşırmışdı.

"Qızım, axı hadisə olanda sən yatmışdın. Səni mən oyatdım. Sən heç görməmişdin. Niyə belə danışırsan? Sən heç nədən qorxma, nə olursa-olsun, ata səni çox istəyir. Düzünü de..." - deyə Elnar Hacıyev məhkəmədə qızına müraciət edib.

Təqsirləndirilən şəxsin birinci arvadı Bülbül özü də məhkəmədə ifadə verib. Bu zaman məlum olub ki, uşaqlar indi heç onun da yanında deyil. Özü Bakıda gözəllik salonunda işləyir, uşaqlar isə Ucarda nənələri ilə qalır. O, qızını atasının əleyhinə ifadə verməyə yönəltməsi haqda deyilənləri inkar edib. Keçmiş həyat yoldaşını tüfeyli biri kimi təqdim edən Bülbül bununla belə, onun heç vaxt uşaqlara əl qaldırmadığını, vaxtilə yaşadıqları evin pilləkənlərinin isə həqiqətən sürüşkən olduğunu da deyib.

Bülbül bildirib ki, keçmiş həyat yoldaşının Samirə Yarıyeva adlı qadın və onun azyaşlı qızı ilə birgə yaşadığını bilirmiş. O, qızının tüfeyli həyat sürdüyü deyilən ərinə etibar etməsini belə izah edib: "Qızım atası və nənəsi ilə qalmaq istəyirdi".

Mərhum 6 yaşlı Ramilənin öz anası Samirə Yarıyeva da hazırda həbsdədir. Ona Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.

Samirə Yarıyeva da təcridxanadan gətirilərək məhkəmədə dindirilib. Məlum olub ki, o, dörd uşaqla həyat yoldaşından ayrılandan sonra Bakıya gəlib. Uşaqların üçünü uşaq evinə verib, bircə Ramiləni yanında saxlayıb.

2016-cı ilin yanvarında kafedə Elnar Hacıyevlə tanış olub. Elnar da anasına onu həyətlərində kirayə qalmaq istəyən qadın kimi təqdim edib. Hadisə günü isə işdə olduğunu deyən Samirə Yarıyevanın sözlərinə görə, Elnar onun yanında övladına qarşı pis davranmayıb, uşaq evində olan digər uşaqlarına gedib birlikdə baş çəkiblər. Hadisə günü Samirəni zəng edib evə çağırıblar. Ona da uşağın pilləkəndən yıxılıb öldüyünü deyiblər.

Dəhşətli qətldən sonra yaşananlar isə tükürpədicidir. Məhkəmədə məlum olub ki, uşağın meyitini Elnar Hacıyevin anası yumağa götürüb aparanda onlar hər ikisi evdə qalıblar. Hər ikisinin ifadəsində də var ki, onlar evdə qalıb intim münasibətdə olublar. Samirə dindiriləndə prokurorun sualına cavab olaraq, Elnar bunu məhkəmədə də təsdiqləyib.

Bu hadisədə diqqətçəkən məqamlardan biri də uşağın meyitini dəfn eləmək üçün Ağsuya aparandan sonra Samirənin DİN-in "102 Zəng Mərkəzi"nə uşağını maşın vurub ölməsi haqda məlumat verməsidir.

Samirə bu hərəkətini məhkəmədə belə izah edib: "Qardaşım uşağın bədənini görəndə dedi ki, elə bil üstündən maşın keçib. Ona görə mən də elə dedim..."

Məhkəmədə dindiriləndə Samirə Yarıyeva uşağına işgəncə vermədiyini, onu döymədiyini deyib və ardından məhləmədə özündən gedib.

İlkin Muradov,

Musavat.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net