Ana səhifə

Qarabağı kim qaytaracaq - İşğal altındakı torpaqlar müqabilində kim nə istəyir?

    Tarix: 19-06-2017 14:39   
Qarabağı kim qaytaracaq - İşğal altındakı torpaqlar müqabilində kim nə istəyir?

Əli Orucov: “Rusiya münaqişənin həllində maraqlı deyil, əksinə, daha da qızışdırır”

Məhəmməd Əsədullazadə: “Rusiyanın şərtləri Azərbaycanın milli maraqlarına cavab vermir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilmiş həftəlik brifinqdə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana və Azərbaycana səfərindən sonra bu qurupun Rusiya nümayəndəsi rəsmi şərhlə çıxış edəcək. Zaxarova bildirib ki, Rusiya Qarabağ münaqişəsi üzrə kompromis tapılması üçün hər şey edir:

“Lakin bu, münaqişə tərəflərinin heç birinin, o cümlədən Dağlıq Qarabağ əhalisinin zərərinə olmamalıdır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər bir tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin öz baxışları var. Müəyyən olunmuş format var ki, bu, həqiqətən köhnə problemin həllində kompromis axtarışını təklif edir. Kompromis axtarışı isə tərəflərin mövqelərinin onların bir-birinə bəzən hətta nə dərəcədə zidd ola bilməsindən asılı olmayan yaxınlaşmadır. Bu, beynəlxalq praktikadır - ilk baxışda həlledilməz kimi görünən məsələlərin həllini diplomatik yolla tapmaq praktikasıdır”.

Rusiyalı diplomatın sözlərinə görə, mövcud vəziyyət münaqişənin həll edilməsini və irəliləməni tələb edir, məhz buna görə də xüsusilə son vaxtlar əlaqələr intensivləşdirilib və müxtəlif formatlarda keçirilir: “Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi kompromis tapılması üçün bütün lazım olanı edir. Əlbəttə, istərdik ki, kompromis mümkün qədər tez tapılsın. Lakin bu, iki ölkənin xalqlarının və əlbəttə ki, Dağlıq Qarabağda bilavasitə yaşayan insanların gələcəyinin zərərinə olmasın”.

Kim nə istəyir?

Rusiyada son zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallıq artıb. Son bir ildə Kreml bir neçə dəfə həll planı təklif edib, zaman-zaman da 6 rayonun Azərbaycana qaytarılması məsələsi gündəmə gəlib. Xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə Azərbaycan və Ermənistana səfər etdi. Beləliklə, Kremlin münaqişəyə dair hər açıqlaması və atmaq istədiyi addım kənardan yaxşı görünsə də praktikada bunlar sözdə qalır. Rusiyanın Qarabağla bağlı fəaliyyəti sözçülükdən o tərəfə keçmir. Şübhəsiz ki, münaqişənin həll formulunun Rusiyada olduğu heç kəsə sirr deyil. Düzdür, Fransa və ABŞ birbaşa, digər Qərb dövlətləri də dolayı yollarla prosesdə iştirak edirlər, amma həmin siyasi güclər də problemin Moskvadan qaynaqlandığını və “açar”ın da onda olduğunu bilirlər.

Münaqişə tərəflərindən biri - Ermənistana gəlincə, konfliktin donmuş vəziyyətdə qalmasında sənədlərdə işğalçı kimi tanınan Ermənistanla heç bir əlaqəsi yoxdur. Yəni, Ermənistanın prosesə təsir imkanları yoxdur, elə vaxtilə Ermənistan Rusiyanın hərbi-texniki dəstəyi ilə əraziləri işğal edib. ABŞ, yaxud Qərbə gəlincə, müttəfiqlər Cənubi Qafqazda ümumi təhlükəsizlikdə maraqlıdırlar. Münaqişənin hansı tərəfin lehinə həlli Qərb üçün o qədər önəmli deyil. Müttəfiqlər Rusiyanın regionda təsir imkanlarını azaldan bütün formulları dəstəkləyirlər. Rusiya üçün isə münaqişə regionda varlığını təmin etmək vasitəsidir və bu baxımdan prosesin uzanması Şimal qonşumuza sərf edir.



“Bu, onlara sərf etmir”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə bildirib ki, münaqişənin həllinə Rusiya imkan vermir. Qərbin də bu məsələdə və regionda maraqlarının olduğunu deyən AMİP yetkilisi qeyd edib ki, ayrı-ayrı maraqlar zaman-zaman özünü göstərir: “Rusiya da daha çox regionda öz hegemonluğunu saxlamaq üçün münaqişədən əlində vasitə kimi istifadə edir və bundan hər iki dövlətə təsir edir. Rusiya münaqişənin həllində maraqlı deyil, əksinə problemi daha da qızışdırır və bu yöndə zaman-zaman aqressiv addımlar atır. Münaqişənin nizamlanmasına gəlincə, Azərbaycanın siyasi elitası da məsələnin həllində maraqlı görünmür. Mühariibə olacağı halda, ölkədə hərbi rejim tətbiq olunmalıdır, bu da onlara sərf etmir. Yəni, Azərbaycan hakimiyyəti də münaqişənin müharibə yoluyla həllində maraqlı deyil. Amma gec-tez problem öz ədalətli həllini tapacaq”.



“ABŞ və NATO fəallaşsa, Azərbaycan Rusiyanın qarşısında...”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə bir ildir Dağlıq Qarabağ münaqşəsinin həllində irəliləyişin olmadığını deyib. Politoloq hesab edir ki, Ermənistanın danışıqlar prosesindən çəkilməsi də vəziyyəti xeyli mürəkkəbləşdirib: “Ötən il aprel əməliyyatlarından sonra Rusiya vasitəçilik missiyasını təkbaşına üzərinə götürdü, hətta, 5 rayonun qaytarılması məsələsi gündəmə gəldi, amma Ermənistan Rusiyanın təzyiqi altında danışıqlardan qaçdı. Rusiya bu hadisələrdən sonra Ermənistanı daha çox silahlandırmağa başladı. Qeyd edim ki, hazırda münaqişənin nizamlanmasında əsas moderator Rusiyadır. Çünki, Ermənistana kifayət qədər təsiredici rola malikdir. Mart ayından sonra həmsədrlərin regiona səfərləriylə dipomatik səviyyədə müəyyən fəallaşma oldu”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qərbin rolu münaqişənin həllində mühüm rol oynamır: “Qərb problemi Rusiyanın öhdəsinə buraxıb. Burada əsas faktor Rusiyadır. Rusiya istəsə, Ermənistana təzyiq edib bir neçə rayonu boşalda bilər. Bu, danılmaz faktdır. Ermənistan Rusiyanın tam şəkildə inhisarındadır. Azərbaycan yalnız hazırkı situasiyada Moskva ilə sıx danışıqlar aparmalıdır. Düzdür, rəsmi Bakı bu danışıqları aparıb, amma görünür ki, Rusiyanın şərtləri Azərbaycanın milli maraqlarına cavab vermir. Məsələn, ayın 19-da həmsədrlərin Azərbaycana səfəri heç nə vəd etmir. Lakin ABŞ və NATO regionda fəallaşsa, Azərbaycan Rusiyanın qarşısında güclü mövqedə dayana bilər. Bunun da münaqişənin həllində irəliləyişə səbəb olacağı istisna deyil. Rusiyanın siyasəti manipuliyasiyadır, bu ölkə münaqişənin həllində maraqlı deyil. Son bir ildə Rusiyanın irəli sürdüyü iki həll formulu masa üzərində qalıb”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net