Ana səhifə

İslahat gözləntiləri: Niyə real dəyişiklik yoxdur? (ŞƏRH)

    Tarix: 17-06-2017 13:41   
İslahat gözləntiləri: Niyə real dəyişiklik yoxdur? (ŞƏRH)
Dünya bazarında neftin ucuzlaşması, manatın devalvasiyasından sonra Azərbaycanda hakimiyyətində bəzi islahatların aparılması və struktur dəyişikliklərinin edilməsi məsələsi gündəmə gəldi. Bunun üçün strateji yol xəritəsi hazırlandı və daha effektiv idarəçilik sisteminin qurulması, hökumətin mobilliyinin təmin olunması üçün ötən ildən bu ilə bəzi islahatlar aparıldı. Struktur dəyişiklikləri bundan sonra da davam etdiriləcəkmi? Bunun üçün hansı qurumlarda dəyişiklik edilməli, islahatlar hansı istiqamətə yönəldilməlidir?

"Qaynarinfo"ya məsələni şərh edən sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirlinin fikrincə Azərbaycanda Avropa modelinə yaxın hökümət fomalaşdırılmalıdır:

"Hökumətin islahatlar aparacağını tez-tez eşidirik. Lakin mən hələ ki, ortada bir islahat görmürəm. Bütün dünyada sınanmış bir model var ki, baş nazir, onun müavinləri olur və ictimai əsaslarla fəaliyyət göstərirlər. Həmin müavinlər də nazirlərdən seçilir. Eyni zamanda Nazirlər Kabineti dedikdə maksimum 15-16 qurum nəzərdə tutulur ki, Qərbi Avropa, Şərqi Avropa , yaxınımızda olan Gürcüstanda, islahatlar davam etdirilən Ukraynada, yəni bir sözlə Avropa modelinə uyğun olan ölkələrdə bu sistemlə işləyirlər. Bu struktur mobil strukturdur və sözügedən kabinetin də tərkibində 19-20 nəfər olur. Belə olduğu təqdirdə dövlət işlərinin təşkili mərkəzləşmiş qaydada edilir. Ancaq bizdə Nazirlər Kabinetinin tərkibinə baxsaq 40-dan artıq qurumun olduğunu görə bilərik və həmin nazirliklər, mərkəzi orqanlar, komitələr hansı ki, əslində dövlət siyasətini yox, daha çox inhisarçılığı təbliğ edir, məmurların maraqlarına xidmət edir. Belə olan şəraitdə də nə sahibkarlıq inkişaf edər, nə də hökumətin mobilliyi təmin olunar".



O, bəzi qurumların tamamilə ləğv edilməsinin, bəzilərinin isə səlahiyyətləri azaldılmaq şərti ilə müvafiq nazirliklərə birləşdirilməsinin vacibliyini, həmçinin dövlət qurumlarının təsərrüfat fəaliyyəti ilə bağlı işlərinin özəlləşdirilməsinə ehtiyac olduğunu qeyd edib:

"Hesab edirəm ki, baş nazirin müavin postları ləğv olunmalıdır, həmçinin iqtisadi sahədə "tormoz" rolunu oynayan Gömrük Komitəsi - yeri gəlmişkən deyim ki, dünyanın 99,9 faiz ölkəsində gömrük komitəsi adlı bir qurum yoxdur, gömrük xidməti var ki, bu da əksər ölkələrdə maliyyə nazirliklərinin tabeçiliyindədir və prosedur orqanı kimi fəaliyyət göstərir - department kimi Vergilər Nazirliyinə birləşdirilməlidir. Əslində bunların hər ikisi Maliyyə Nazirliyinin tərkibinə verilsə daha yaxşı olar. Təəssüf ki, Gömrük komitəsi Azərbaycanda son gömrük məcəlləsinin qəbulundan sonra daha da ifrat dərəcədə mərkəzləşmiş bir struktura, bürokratik bir aparata çevrilib. Ölkədə olan monopoliyanın çiçəklənməsinə ancaq və ancaq belə orqanların çox olması səbəb olur. Hesab edirəm ki, bütün dünyada olduğu kimi, bizdə də heç bir nazirlik təsərrüfat fəaliyyəti ilə məşğul olmamalıdır. Misal üçün deyim ki, xidmətlə bağlı insanların ən çox görüşdüyü yerlər “Azərsu”, “Azərqaz”, “Azərişıq” kimi qurumlardır. "Azərsu"da cərimələrin tətbiq olunması və onun əməkhaqqına əlavə edilməsi prosesi var ki, dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Yəni, büdcədən kənar fəaliyyət adı altında həyata keçirilən bu proses cərimələrin dövlət büdcəsinə yığılmasına yox, əhaliyə xidmətə yox, öz maddi maraqları üçün həyata keçirilir, yığılan cərimələrin 70 faizindən daha çoxu onların əmək haqqına gedir. İlin sonunda təqdim etdikləri hesabatlara baxdıqda isə görünür ki, idarə ziyanla işləyir.

Hər il dövlət büdcəsi hesabına müxtəlif investisiya layihələri həyata keçirilir, lakin nəticələrə baxanda cari xərclərin, əmək haqqlarına ayrılan vəsaitlərin gəlirdən daha çox olduğu məlum olur. Bu da idarəetmənin təkmil olmamasından irəli gəlir. Onların strukturları, rəhbərləri dəyişdirilsə vəziyyət zamanla dəyişə bilər. Bu, təkcə "Azərsu"ya deyil, sadaladığımız bütün iri vergi ödəyicilərinə aiddir. Onların dövlət büdcəsinə heç bir qatqısı yoxdur. Kifayət qədər investisiya layihələrindən əldə olunan külli miqdarda vəsaitlər həmin qurumların rəhbərlərinin ailə üzvlərinə və yaxın qohumlarına aid olan şirkətlər tərəfindən mənimsənilir. Bu, Azərbaycanda jurnalist araşdırmaları ilə sübut olunan faktlardır. Ötən il Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə keçirildi. Əslində bu qurum ümumiyyətlə ləğv olunmalı idi. Çünki dövlət büdcəsindən pensiya fonduna ayrılan vəsaitlər ilbəil artırıldı, özü-özünü maliyələşdirməli olan bu orqan isə nəticələri doğrultmadı. Su və Meliorasiya adlı cəmiyyət var ki, illər boyu Azərbaycanın yüz milyonlarla büdcə vəsaitlərini səmərəsiz şəkildə xərcləyir. Düşünürəm ki, sözügedən qurum Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməli, eyni strukturdan idarə olunmalıdır. Əhaliyə xidmət göstərən digər bir qurum olan Bakıelektrikşəbəkəni "Azərişıq" etdikdən sonra vəziyyət daha da pisləşdi. Bölgələrdə elektrik kəsintiləri gözəçarpacaq dərəcədə artmağa başladı. Həmçinin Energetika Nazirliyi ilə bağlı da islahatlar aparılmalıdır, çünki qurumun səlahiyyətləri demək olar ki, qalmayıb və onun tabeçiliyində olan qurumların heç biri ona tabe olmur. Əmlak komitəsi də heç kimə lazım olmayan qurumlardandır. Onun səlahiyyətlərinin bir hissəsi Ədliyyə Nazirliyinə, bir hissəsi də İqtisadiyyat Nazirliyinə verilə bilər. Dediyim kimi, nazirliklərimizin hamısı təsərrüfat fəaliyyəti ilə məşğuldurlar ki, onların bu səlahiyyətləri sahibkarlığa, özəl şirkətlərə həvalə edilməlidir. Ən əsas problem isə Azərbaycanda nazirliklərin illik vergi göstəriciləridir ki, bu da təqribən 300 milyon manat təşkil edir. Lakin 10-15 nazirliyin xidmət haqqına görə, büdcədənkənar topladığı vəsaitlərə baxsaq görərik ki, bu məbləğ rəsmi göstəricidən bir neçə dəfə artıqdır. Bu vəsaitlərin də necə xərcləndiyi hamıya məlumdur. Bu proses müxtəlif variantlarla, təmir-tikinti işləri adı altında “silinməklə” həyata keçirilir".

N.Bəydəmirli Azərbaycanın indiki durumunun sovet sistemini xatırlatdığını, liberal islahatların aparılması üçün rəqabət mühitinin formalaşdırılmalı, Azərbaycan sahibkarlığına imkan yaradılmalı olduğunu vurğulayıb:

"Azərbaycanın indiki durumuna baxanda görünür ki, çox ciddi islahatlara ehtiyac var. Nazirlər Kabinetinin dinamik olmasının vacibliyi gündəmdədir. Hər dəfə bu barədə danışılır. Sovet idarəetmə sistemindən qalmış quruluşla dövləti idarə etmək düzgün deyil və bu strukturların əksəriyyətinin apardığı gündəlik işlər Sovet dövrünü xatırladır. Strateji yol xəritələrinin hazırlanması ilə bağlı “Azərbaycan-2020” adlı sənəd qəbul olunmuşdu və onda müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin, aparılan islahatlar deklorativ xarakter daşıdığından cəmiyyət tərəfindən ciddi şəkildə qəbul edilmədi. İslahat adı altında həyata keçirilən struktur dəyişiklikləri heç bir perspektivi olmayan, institut və ya universitet tələbələrinin yazdığı adi bir kurs işindən başqa bir şey deyil. Yəni, bunu icra edən fərdlərlə, bu şəkildə doğru liberal islahatlar aparmaq mümkün deyil. Liberal islahatların aparılması üçün başlıca səbəblərdən biri rəqabət mühitinin olmasıdır. Əgər monopoliya ləğv olunmayıbsa, dövlət orqanları kommersiya fəaliyyəti ilə məşğldursa, baza prinsipləri yoxdursa, istənilən yol xəritəsi adı aldında həyata keçirilən tədbirlər öz hədəfinə çatmayacaq. Ona görə də ən başlıca vəzifə Azərbaycan sahibkarlığına meydan verməkdir. Bunun üçün də, biznes mühiti yaxşılaşdırılmalı, sahibkarların maliyyə resurslarına əlçatanlığı təmin edilməli, əsas da məmur sahibkarlığına son qoyulmalıdır ki, qəbul edilən qərarlar və sərəncamlardan sui-istifadə edilmənin qarşısı alınsın”.



İqtisadçı-ekspert Rövşən Ağayev isə aparılan islahatlarda birləşdirilmədən daha çox, işin keyfiyyətinin artırılmasına ehtiyac olduğunu və bunun üçün də bəzi önəmli məsələlərin həllinin vacibliyini bildirib:

"Hazırda birləşmədən daha çox qurumlarda işin keyfiyyətinin artırılmasına ehtiyac var. Ötən il Sosial Müdafiə Fondu ilə bağlı aparılan islahatlardan sonra sosial yığımların gəlir vergiləri ilə birləşdirilərək Vergilər Nazirliyinə həvalə ediləcəyini, Nazirliyin isə pensiya işinin təşkili ilə məşğul olacağını düşünürdüm. Lakin bu, baş vermədi. Bu baxımdan birləşmənin də effekti olmadı. Hazırda aparılmalı olan islahatlar bir kənarda qalıb, yerinə yetirilən dəyişikliklər isə kosmetik səciyyə daşıyır. Effektiv islahatların həyata keçirilməsi üçün hökumət öncə iki vacib məsələni həll etməlidir.

Birinci, nəticəli büdcə sisteminə keçid olmalıdır. Dövlət qurumlarının hər biri büdcədən aldığı vəsaitlərin xərclənməsini nəticəlilik prinsipi əsasında hesabatında göstərməlidir ki, strateji yol xəritəsində də bu məsələ nəzərdə tutulur.

İkincisi isə hesabatlılıq və koordinasiya sisteminin qurulmasıdır. Düşünürəm ki, bu gün qurumların ictimai hesabatlılıq sistemi çox zəif təşkil olunub, keyfiyyət nəticəsinə əsaslanan hesabatlılıq sistemi yoxdur. Əgər büdcə vəsaitlərinin səmərəli istifadə edilməsindən söhbət gedirsə, ilk növbədə bu problem həll olunmalıdır. Bir də koordinasiya sistemidir ki, qurumlararası bir-birini təkrarlayan funksiyalar aradan qaldırılsın. Məsələn, "ASAN" xidmət yaradıldı, amma bilinmədi ki, onun yaradılmasından sonra müvafiq qurumlarda hansı dəyişikliklər aparıldı. Bu islahatlar ardıcıl şəkildə yerinə yetirilsə, o zaman bilinəcək ki, müvafiq strukturlarda hansı həlqələr çıxarılmalı və hansılar birləşdirilməlidir. Nəticə əsaslı büdcəyə keçiləcəksə, nəticə əsaslı hesabatlılıq qurulacaqsa, paralel funksiyalar aradan qaldırılıb qurumlararası daha effektiv koordinasiya yaradılacaqsa, eyni zamanda ictimaiyyət üçün açıqlıq olacaqsa, onda çeviklik problemi avtomatik şəkildə həll ediləcək. Bunun üçün təkcə hökümətdaxili islahatların aparılması deyil, eyni zamanda hakimiyyətin bölgüsü məsələsi də öz həllini tapmalıdır. Belə ki, hökümətin işinə effektiv nəzarət edən, hesabat istəyə bilən, eyni zamanda qəbul edilən qanunların icrasının düzgün şəkildə yerinə yetirilməsini tələb edən parlament sistemi formalaşmalı, bir sözlə hökumətin effektiv işləməsi üçün ondan effektiv iş tələb edən parlament olmalıdır. O, təkcə qanunları qəbul etmir, normal parlament hökumət üçün beyin mərkəzi olmalı, hansı qanunların qəbul edilməsinin vacibliyi ilə bağlı hökumətlə masa arxasında əyləşiib sistemin daha effektiv işləməsi üçün yeni qanunvericilik aktlarının yaradılmasını təklif etməlidir. Əgər normal hökumət bölgüsü olmasa, dediyim islahatların həyata keçirilməsinə çalışılsa belə effektiv nəticə əldə edilməyəcək".

Çingiz Səfərli

Qaynarinfo.Az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net