Ana səhifə

Azərbaycan üçün "saatlı rus bombası"

    Tarix: 14-06-2017 13:22   
Ermənistandakı Rusiya hərbi bazası kimə daha çox təhlükəlidir?
Azərbaycan üçün "saatlı rus bombası"
Natiq Miri: “102-ci hərbi baza Ermənistanın özü üçün təhlükə mənbəyidir”

Rusiya Ermənistandakı hərbi bazasını daha da gücləndirir.Güclənən hərbi bazanın isə Azərbaycanla yanaşı digər qonşu ölkələr üçün təhlükəsi var. Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsi ölkəmizin maraqları üçün təhlükə doğurur.Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Ermənistandakı Rusiya hərbi bazasından Suriyadakı əməliyyatlarda istifadə ediləcək.Bu isə o deməkdir ki, Ermənistan dünyanın ən dəhşətli müharibələrindən biri üçün Rusiyanın hərbi sınaq poliqonuna çevrilə bilər.

Amerikalı politoloq Zbiqnev Bjezinski isə Ermənistandakı hərbi bazanın elə Ermənistanın özü üçün təhlükəli olacağını demişdi.

Onun sözlərinə görə, Gümrüdəki baza bir göz qırpımında təhdidə çevrilə bilər, buna isə hazır olmaq lazımdır.Bu baza Türkiyədən müdafiə üçün yerləşdirilməyib.Ermənistana Türkiyədən təhdid yoxdur.Belə ki, Türkiyə tam olaraq ABŞ-ın nəzarəti altındadır və bu durum davam edəcək.Suriya ilə bağlı fikir ayrılıqlarının Türkiyə-Amerika münasibətlərini zədələdiyinə və Amerikanın Türkiyə üzərində nəzarətinin zəifləməsinə dair deyilənlər həqiqəti əks etdirmir.Vaşinqtondakı siyasi dairələrdə Ermənistan tam siyasi güvən sahibi deyil. O, daha çox, Rusiyanın maraqlarına xidmət edən, hətta öz maraqlarına qarşı gedən ölkə kimi qəbul edilir. Əslində həmin baza Ermənistanın həm suverenliyi, həm də hakimiyyəti üçün bir təhdid vasitəsidir. Əgər Ermənistan Rusiyanın vassallığından, siyasi tabeçiliyindən çıxıb müstəqil siyasət yürüdərsə, Qərbə və Avroatlantik məkana inteqrasiya xəttini tutarsa, həmin hərbi baza ilə Rusiya hərbi çevriliş həyata keçirə və Ermənistanı işğal da edə bilər. Və bununla da ölkənin suverenliyi, dövlət müstəqilliyi təhlükə altına düşə bilər.

Necə ki, 2008-ci ildə Gürcüstanda belə bir faktın şahidi olduq.Sülhməramlı qüvvə olaraq Abxaziyada yerləşən Rusiya hərbi bazası Gürcüstan öz torpaqlarını- Cənubi Osetiya və Abxaziyanı azad etmək istəyəndə Qoriyə qədər gəldi və Gürcüstanın yarısını işğal etdi. Kütləvi surətdə insanları qırdı, prezident Saakaşvilini edam etmək fikrinə düşdü. Ona görə də bu Ermənistanı Rusiyanın tabeçiliyində saxlaması üçün bir vasitədir.Bu səbəbdən Bzejinski xatırladır ki, hərbi baza Türkiyədən daha çox Ermənistanın özü üçün təhlükəlidir.Türkiyə Amerikanın nəzarətindədir.Amerika Türkiyəni hər zaman qoruyub, qoruyacaq.

Çünki Türkiyə NATO dövlətidir və ordan da çıxa bilməz. Nə Ermənistan, nə də Rusiya Türkiyə üçün heç nə edə bilməz. Söhbət ondan gedir ki, Rusiya daim belə bir təbliğat və siyasət aparır ki, əgər hərbi baza orda olmasa, türklər və azərbaycanlılar gəlib bütün erməniləri qiracaq.Amma bununla da Ermənistan cəmiyyəti 26 ildir ki, xof altında saxlanılır.Əgər Ermənistan bu gün müstəqil siyasət yürütmək, Qarabağ münaqişəsini həll etmək və Qərbə inteqrasiya yolunu tutmaq istəyirsə, bu prosesin qarşısını almaq üçün həmin hərbi bazadan istifadə olunacaq.Belə bir faktın 1997-ci ildə şahidi olmuşuq.Həmin vaxt prezident Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq vermişdi.Dərhal onu Rusiya kəşfiyyatının əli ilə devirdilər.Köçəryan hakimiyyət çevrilişi etdi.Dalınca Karen Dəmirçiyan seçkilərdə qalib gəlmişdi.Bu gün Ermənistanın “İsgəndər” raketləri haqda çox danışılır.Siyasi ekspertlər də təsdiq edirlər ki, o raketlər Ermənistana verilməyib.

Çünki o raketlərin istifadəsi üçün xüsusi hərbi kodlar var. O kodları isə Rusiya başqa ölkəyə vermir.Ermənistanın nə o raketləri alacaq qədər pulu var, nə də o hərbi kodların Ermənistana verilməsi inandırıcı görünmür.Ona görə də həmin o “İsgəndər” raketləri 102-ci hərbi bazada saxlanılır və həmin hərbi baza əslində yenə də Rusiyanın nəzarətindədir.Məqsəd NATO-nun Şərqə doğru güclənməsinin, yəni NATO-nun Qafqaza daxil olmasının qarşısını almaqdır.Zamanı gələndə həmin raketlər Azərbaycandan çox Gürcüstan üçün təhdid yaradacaq.İkinci məqsəd isə Ermənistanın özünün müstəqil addım atmasının qarşısını almaqdır.Hazırda Ermənistanla Rusiya arasında 102-ci hərbi bazanın statusunun genişləndirilməsinə dair danışıqlar aparılır.

Bunu bu yaxınlarda Ermənistanın müdafiə naziri Viqen Sarkisyan da təsdiqlədi.Niyyət isə bazanı regional bazaya çevirməkdir.Regional dedikdə bu tam olaraq açıqlanmasa da, aydındır ki, Rusiyanın Cənubi Qafqaz regionunda NATO-nun Şərqə doğru genişlənməsi proqramının qarşısını almaq üçün region dövlətlərdə təhdid mənbəyinə çevirməkdir. O cümlədən də Ermənistanı daha çox nəzarət altında saxlamaq və bu ölkənin bütün hərbi arsenalını, silahlı qüvvələrini 102-ci hərbi bazaya tabe etməklə tam asılı vəziyyətdə saxlamaqdır.

“102-ci baza Azərbaycana və Türkiyəyə təhdiddir”



Siyasi məsələlər üzrə şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın son vaxtlar Ermənistandakı 102-ci hərbi baza gücləndirmək qərarına gəldiyini deyib:

“Yəni həm hava hücumundan müdafiə sistemləri, həm də bilavasitə hava hücumu ilə bağlı Rusiya hərbi bazanın imkanlarını genişləndirir. İlk növbədə hərbi bazanın bu səviyyədə güclənməsi düşünmək olmaz ki, birbaşa Azərbaycana qarşıdır.Bu Yaxın Şərqdə baş verən və davam edən hadisələrlə bilavasitə əlaqəlidir.Çünki Yaxın Şərqdə qeyri-müəyyənlik hökmrandır və regionda böyük savaşın nə zaman çıxacağı bəlli deyil. O baxımdan Yaxın Şərq regionuna daha yaxın olan Ermənistan sərhədləri çərçivəsində Rusiya düşünürəm ki, hərbi bazasını gücləndirmək qərarını verib. O ki qaldı Azərbaycana təsiri, bunun nəinki ölkəmizə, o cümlədən, Türkiyəyə müəyyən mənada təhlükəsi var.

Çünki Rusiya o qədər qeyri-standart bir ölkədir ki, bu gün qardaş Türkiyəyə və Azərbaycana “dost” olar, sabah düşmən də kəsilə bilər. Məhz bu gerçəyi anlayan Azərbaycan və Türkiyə artıq neçənci dəfədir ki, birgə hərbi təlimlər keçirilir.Bu gün də Naxçıvanda Azərbaycan və Türkiyənin birgə faktiki hərbi təlimləri keçirir.Düşünürəm ki, bu təlimlər təkcə Ermənistana deyil, həm də onun havadarlarına olan bir mesajdır.Təbii ki, 102-ci hərbi bazanın güclənməsi həm də Türkiyəyə, Azərbaycana bir təhdiddir.Sabah Dağlıq Qarabağda Azərbaycan antiterror əməliyyatları başlasa, sözügedən hərbi bazada olan bütün texniki imkanlardan Azərbaycana qarşı istifadə olunmayacağına dair heç bir zəmanət yoxdur.Baxmayaraq ki, Rusiya rəhbərliyi bu yöndə hər hansı bir problemin olmadığını deyir.Əslində Rusiya güvənilən bir ölkə deyil və Ermənistanın daxilində olan hərbi baza gücləndikcə əmin olun ki, bu Azərbaycan və Türkiyə üçün daim təhlükə olaraq qalacaq”.

“Ermənistanın NATO-ya inteqrasiyasımümkün olmayacaq”

Ekspertin sözlərinə görə təbii ki, Ermənistanın özündə də qərbyönümlü siyasətçilər, politoloqlar sözügedən məsələ ilə bağlı həyəcan təbili çalırlar:

“Nəinki Avropa Birliyi ölkələri, eyni zamanda ABŞ da əmin olmağa başlayıb ki, Ermənistanı artıq Rusiyanın monopoliyasından, nəzarətindən çıxarmaq mümkün deyil. Bu kontekstdə təbii ki, Ermənistanın ciddi mənada NATO-ya inteqrasiyası mümkün olmayacaq.Gələcəkdə mümkün Qərb- Rusiya qarşıdurması çərçivəsində Rusiya Ermənistandakı hərbi bazadan istifadə edərsə, dərhal həmin baza və onun çevrəsi vurulacaq.Bu baxımdan 102-ci hərbi baza Ermənistanın özünə təhlükə mənbəyidir”.

Alçina Amilqızı
Cebhe.info


Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net