Ana səhifə

“Alovlu əməkçi”dən “sıravı vətəndaş”a: Məmmədovların tarixdə qalmaq iddiası

    Tarix: 16-02-2017 21:35   
“Alovlu əməkçi”dən “sıravı vətəndaş”a: Məmmədovların tarixdə qalmaq iddiası
Deputat Elton Məmmədov bir neçə gün əvvəl oturduğu yerdəcə kreslodan yıxılıb, gördüyü işi əlinə-üzünə bulaşdıran nəqliyyatın keçmiş naziri, qardaşı Ziya Məmmədovdan danışıb. O, nəinki Ziya Məmmədovun vəzifədən çıxarılmasını, hətta öz ölümünün də gözlənilən olduğunu deyib: “Mən öz ölümümə də hazıram. Amma Ziya Məmmədov Azərbaycanın ilk nəqliyyat naziri kimi tarixdə qalacaq.Tarix olanı, elm mümkün olanı, fəlsəfə olmalı-olanı müzakirə etməli və onu araşdırmalıdır”.

“Asfalt naziri”

Elton Məmmədovun sözünü qəribliyə salmaq lazım deyil.Nəzərə almaq lazımdır ki, Ziya Məmmədov Elton müəllimin qardaşıdır, buna görə də onu tərifləməlidir, pis oldu-olmadı yerə-göyə sığdırmamalıdır.Məsələ “lotu söhbəti”nə girəndə də Elton Məmmədov haqlıdır.Yəni, söhbətin doğruluğunu yox, qardaşı müdafiə edir.Elton Məmmədov o sözündə də haqq sahibidir ki, Ziya Məmmədov Azərbaycanın ilk və nəqliyyatın son naziri kimi tarixə düşəcək.Heç kəsdə buna şübhə olmamalıdır. Bəli, məhz Ziya Məmmədov dünən-srağagün əlindən alınan postunda olduğu 15 il ərzində məhz nəqliyyatın-avtomobillərin, yolların, asfaltın, qum-çınqılın, daşların, kabinetinin naziri olub, xalqın yox.

Elə-belə

Amma də bir nəfər barmağını qatlayıb deyə bilməz ki, Ziya müəllim nazir işlədiyi vaxtlarda kiməsə güldən ağır söz deyib, kiminsə çolpasına “kış” edib.Deyə bilməz. Adam bir dəqiqə də olsun gün işığına çıxdı ki, kiməsə nəsə desin?! Bakıdan vurub Qazaxdan çıxdı, Qazaxdan vurub Astaradan çıxdı, Astaradan vurub Zaqataladan çıxdı.Bütün yolları ələk-vələk edib, canını dişinə taxıb gecəsini gündüzünə qatdı, yuxu nədir bilmədən özünə gün-güzaran düzəltdi. Başqalarına da çörək verdi. Ziya müəllim elə-belə adam deyildi. Açdığı şirkətlərdə yüzlərlə işsiz vətəndaşı işlə təmin etdi.Ac-yalavac qohumlarının əllərini çörəyə çatdırdı.Özünə bank açdı, sığorta şirkəti qurdu.

Oğlu Anarı cavanlar arasında sayılıb-seçilənlərdən elədi.Ziya müəllim qurub-yaratmaq işinin peşəkarıydı.Bir dəqiqə yerində sakit dayanmırdı.Bu gün Bakıda idi, səhəri gün eşidirdin ki Amerikadadır, Trampla görüşür.Bir də baxırdın ki, Rusiyadadır, 1 saatdan sonra bir də görürdün ki, hansısa rayonda vətəndaşlarla görüş keçirir.Həmin rayona gedirdin, eşidirdin ki, Ziya müəllim Bakıda yolun açılışında iştirak edir.

Elə bir nəqliyyat növü yox idi ki, nazir olan vaxtlarında Ziya müəllimi bir dəqiqəlik də olsa tuta biləsən.Miriş kimi idi, sakit dayanmaqla arası yoxuydu. Bəli, o elə-belə adam deyildi.

Zarafat-zarafat, axırda da...

Zarafat deyil, o boyda Amerikanın prezidenti Donald Tramp Ziya müəllimi tanıyır.Hətta, oğlu - Qəbələdə 1 milyonluq ayını kəsdirib sevgilisinə yedizdirən Anarı həmin Tramp öz andiçmə mərasiminə də çağırmışdı.Böyük bir hörmət-izzət sahibidir Ziya müəllim.Seçilmək ayrı bir şeydir.İştirak etdiyi o məclis olmasın ki, sağlığına tostlar deyilməsin.Hətta, toylarda tamada başının üzərində dayanıb təlxəklik edirdi. Xəsis adam deyildi Ziya müəllim. Elə ki əlini cibinə saldı, sevindirmədiyi ofisiant, tamada qalmırdı.2000-2500 manatlıq maaşla bunu etmək hər oğulun işi deyildi. O da hər oğulun, yoldan keçənin işi deyildi ki, “qara camaat”ı fikirləşib aldığı qəpik-quruş məmur maaşıyla iş yerləri açsın.

“Alovlu əməkçi”

Ziya müəllimin hər rayonda, hər kənddə, hər qəsəbədə, hər dağın başında heykəli qoyulmalıdır.“Alovlu əməkçi” ordeni təsis edib, bu medal dərhal yaxasından asılmalıdır.

İndi çoxları Elton Məmmədovun sözünü qəribçiliyə salacaq, kişini urvatdan salmaq üçün ağızlarına gələni danışacaqlar ki, “Bu adam nə danışır?”.Hətta deyəcəklər ki, guya Ziya Məmmədov dövlətin milyonlarını havaya sovurub, asfaltın qumundan, çınqılından kəsib satıb, bir qəpik də dövlətin büdcəsinə xeyir verməyib.Lazım deyil.Kimin günahı yoxdu ki?Kim deyə bilər ki, mənim günahım yoxdu?Heç kəs Ziya müəllimdə günah görməsin.Yıxılana balta vurmaq lazım deyil. İndi adam vəzifəsizdi deyə, hörmətsiz oldu? Adam gərək bir söz deyəndə başının üstündəki Allahı görsün.Vaxt vardı, çoxları Ziya müəllimin ciddi görkəmindən qorxub gizlənirdi.

Türkün sözü

Zarafat edirik, Ziya müəllimə nə olubsa, yaxşı olub.Ona bu da azdır.Elton müəllim də nə danışdığını bilmir.Yaşlı adamdır, elə bilir ki, qardaşının güdazına gedəcək. Narahat olmasın, yəqin ki, hələ qarşıdakı 3 il ərzində deputat mandatını bu qocadan heç kəs almaz.

Hə, deputatın “Ziya Məmmədov tarixə düşəcək, onun fəaliyyəti araşdırılmalıdır” ibarəsinə gəlincə, Elton müəllim, lazım deyil, bu sizin məntiqlə doğru deyil.İnanın, Elton müəllim, sizə və qardaşınıza belə daha yaxşıdır, heç olmasa kirimişcə yerində oturub.

Bu kirimişlik də pozulsa, Ziya müəllimi çöldə tapmayacaqsız, türklər demiş, kodesi boylayacaq. Hər-halda Elton Məmmədov “Ziya tarixdə qalacaq. Tarix olanı, elm mümkün olanı, fəlsəfə isə olmalı-olanı müzakirə etməli və onu araşdırmalıdır”, deyəndə yəqin bu sözlərin mənasını bilmirdi.Amma məsələyə essentrik, anakreonist, ekzistensialist, sürrealist, mistik, konfliktik, praktik, pannarsist, klassik baxış başqa şeydir.Fəlsəfə başqa şeydir.

Əfqan Ədilov
Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net