Ana səhifə

Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə: “General Danfordla danışıqlar üçün ona görə Bakı seçilib ki...” YENİLƏNİB

    Tarix: 16-02-2017 17:16   
Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə: “General Danfordla danışıqlar üçün ona görə Bakı seçilib ki...” YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyindəki mənbə “Vedemosti”yə təsdiqləyib ki, Bakıda generallar Valeri Gerasimovla Cozef Danford arasında danışıqlar hazırda davam edir.

Mənbə bildirib ki, danışıqlarda “əvvəlcədən razılaşdırılmış məsələlər-Rusiya və ABŞ arasında hərbi sahədə əlaqələrin cari vəziyyəti, tərəflərin hərbi fəaliyyəti ilə əlaqəli insidentlərin qarşısının alınması” müzakirə olunur. Habelə danışıqlarda dünyanın böhranlı nöqtələrində təhlükəsizlik sahəsində fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, danışıqlar üçün Bakının seçilməsi təsadüfi deyil. Çünki Danford hazırda Yaxın Şərq regionuna səfərə çıxıb , Azərbaycan isə həm Rusiya, həm ABŞ-la hərbi sahədə yaxın münasibətlər saxlayır.

* * *15:52

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.

"Beynəlxalq Ordu Oyunları-2017" yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku-2017” müsabiqəsinin təşkilində və bilavasitə iştiraka görə Azərbaycana təşəkkürünü bildirən qonaq bu cür tədbirlərin keçirilməsinin iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.



Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danfordla ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

* * *15:45

"Rossia Today” telekanalı bu dəqiqələrdə xəbər verib ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıya səfərə gəlib.

Qeyd olunur ki, Gerasimov Azərbaycan müdafiə naziri Zakir Həsənovla və Baş qərargah rəisi Nəcməddin Sadıqovla görüşüb. Görüşdə iki ölkə hərbi nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Lakin telekanal general Gerasimovla onun amerikalı həmkarı Danford arasında görüşün başladığına dair heç nə bildirmir.



* * *15:20

Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında görüş başladı.

* * *13:43

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda nəzərdə tutulan görüşü hələ başlamayıb.

Virtualaz.org xəbər verir ki, general Gerasimov hələ Bakıya gəlməyib. Hərçənd onun amerikalı həmkarı səhər saatlarından Bakıdadır və prezident İlham Əliyevlə görüşüb.

Generalların görüşünün Bakıda hansı saata təyin olunduğu haqda məlumat yoxdur, ancaq rəsmi protokola bələd olan mənbələr deyirlər ki, görüşün ABŞ ordu komandanının Bakıya gəlişindən etibarən bu qədər gecikməsi normal görünmür. Böyük ehtimalla general Gerasimov öz liderinin-prezident Putinin taktikasına əl atıb və tərəfdaşını gözləməyə məcbur edir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net