Ana səhifə

Bakıda kişi 39 yaşlı arvadını küçənin ortasında bıçaqladı UŞAQLARININ GÖZÜ QARŞISINDA

    Tarix: 16-02-2017 16:22   
Bakıda kişi 39 yaşlı arvadını küçənin ortasında bıçaqladı UŞAQLARININ GÖZÜ QARŞISINDA

“Hər gün içirdi, buna görə tez-tez mübahisəmiz düşürdü. Kirayə haqqını ödəyə bilmirdi. Məcbur olub uşaqlarımı götürüb evdən çıxmışdım. Bir ilə yaxın idi ki, bibimin evində yaşayırdıq. O vaxtdan etibarən Seymurla əlaqəni də kəsmişdim”.

İçkiyə qurşanan, övladlarına qayğı göstərməyən ər dörd uşağı ilə birgə qohumunun evinə sığınan arvadını qanına boyayıb. Bu arzuolunmaz səhnə isə azyaşlı uşaqların gözü önündə baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan 41 yaşlı Seymur Soltanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Seymur Soltanov 2014-cü ildən faktiki olaraq ayrı yaşadığı arvadı - 39 yaşlı Cəmilə Soltanovadan dəfələrlə barışmaq təkliflərinə rədd cavabı alması, uşaqlarını ona göstərməməsi səbəbindən qisas almaq qərarına gəlib. Bu məqsədlə 7 iyun 2016-cı ildə C.Soltanovanın işlədiyi 2 saylı uşaq evinin yaxınlığına gələrək işdən çıxmasını gözləyib. Cəmilənin azyaşlı oğlanları ilə birlikdə gəldiyini görüncə, ona hücum çəkib, uşaqların gözü önündə bıçaqla zərbələr endirib. Yaralı qadın ətrafdakı şəxslərin köməkliyi ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra S.Soltanov könüllü olaraq polisə gedib.

Təqsirləndirilən şəxs qismində dindirilən Seymur Soltanov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində arvadını öldürmək fikri olmadığını, onu qorxutmaq istədiyini göstərib: “2000-ci ildə el adəti üzrə toy edib ailə qurmuşduq. Birgə nikahdan dörd övladımız var. 2014-cü ilə qədər Cəmilə ilə çox mehriban olmuşuq. Daim içki qəbul etdiyimə görə aramızdakı münasibətlər tamam pozulmuşdu. Ailəmlə birgə müxtəlif ünvanlarda kirayə qalmışıq”.

S.Soltanovun ifadəsinə görə, sonuncu dəfə kirayə qaldıqları mənzilin iki aylıq pulunu verə bilməyib. Elə bu səbəbdən də arvadı ilə aralarında narazılıq daha da kəskinləşib. Cəmilə uşaqlarını da götürüb bibisinin evinə gedərək orada yaşamağa başlayıb. Dəfələrlə münasibətləri düzəltməyi, ailəsini dağıtmamağı təklif etsə də, qadın razılaşmayıb. Ötən ilin iyun ayının 2-də isə oğlu ilə qızının ad günü münasibətilə tort alaraq ailəsinin yaşadığı ünvana yollanıb. Amma Cəmilə onu evə buraxmayıb: “Hər dəfə çirkli paltarlarımı oğluma verirdim, aparırdı, Cəmilə də yuyub ütələyib geri göndərirdi. Sonuncu dəfə isə paltarlarımı yumayıb çirkli vəziyyətdə geri qaytarmışdı. Buna görə ona qarşı acıqlı idim”.

S.Soltanov deyib ki, hadisə baş verən gün Yeni Günəşli qəsəbəsindəki “Ballı market”in qarşısında avtobus gözləyərkən Cəmilənin uşaqlarla birgə piyada getdiyini görüb. Arxadan ona çataraq bıçaqla zərbə endirib. Ətrafa adamların toplaşdığını görüncə bıçağı yerə atıb və hadisə yerindən uzaqlaşıb. Binəqədi RPİ-nin 5-ci PB-ə gedərək könüllü təslim olub.

Zərərçəkmiş qismində dindirilən Cəmilə Soltanova ifadəsində həyat yoldaşı ilə münasibətlərinin pozulmasına Seymurun daim spirtli içki qəbul etməsinin səbəb olduğunu göstərib: “Hər gün içirdi, buna görə mübahisəmiz düşürdü. Kirayə haqqını verə bilmirdik. Ona görə də, uşaqlarımı götürüb evdən çıxmalı oldum. Bir ilə yaxın dörd uşaqla bibimin evində yaşadım. O vaxtdan da Seymurla əlaqəmi kəsmişdim. Ötən ilin may ayında Seymur uşaqlar oxuyan məktəbə gəlib onları görmüşdü. Uşaqların ad gününə içkili vəziyyətdə gəldiyinə görə onu evə buraxmadım. Bir neçə dəfə çirkli paltarlarını göndərmişdi, yuyub geri qaytarmışam. Sonuncu dəfə evdə su olmadığına görə yuya bilməmişdim”.

C.Soltanova ifadəsində hadisə baş verən gün uşaqları ilə birgə işdən çıxıb evə gedərkən qəfildən kiminsə onu vurduğunu hiss edib. Geri çevriləndə həyat yoldaşı Soltanı görən qadın qaçmağa cəhd göstərsə də, mümkün olmayıb:”Yaxınlıqda qara rəngli “cip” vardı. Maşının ətrafına doğru fırlanarkən məni tutub yenə də vurdu. Bıçağın dəstəyi qırılıb yerə düşdü. Kürəyimdə qalmış bıçağı iş yoldaşım Tərlan xala çıxardarkən bədənim keyimişdi, kürəyimdə nə olduğunu hiss etmirdim. Bütün bunlar azyaşlı övladlarımın gözü qarşısında baş verirdi. Seymurun məni niyə vurduğunu bilmirəm”.

Məhkəmənin hökmü ilə Seymur Soltanov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net