Ana səhifə

Akif Çovdarov: “İstəyirsiniz ölüm, bu iş bitsin?”Akif Çovdarov: “İstəyirsiniz ölüm, bu iş bitsin?”

    Tarix: 15-02-2017 14:46   
Akif Çovdarov: “İstəyirsiniz ölüm, bu iş bitsin?”Akif Çovdarov: “İstəyirsiniz ölüm, bu iş bitsin?”


Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Məhkəmə prosesinin başlanması təqsirləndirilənlərin iclas zalına gecikməsi üzündən yarım saat yubadıldı. Saat 11:30-da proses başlayan zaman məlum oldu ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə və təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı xəstəlikləri səbəbindən iclasda iştirak edə bilmirlər.



Səlim Məmmədov məhkəməni davam etdirməyə razı olmadı

Prosesə sədrlik edən hakim Həbib Həsənov vəkilləri iclasda iştirak etməyən təqsirləndirilənlərdən iclasın müdafiəçilərsiz davam etdirilməsinin mümkünlüyünü soruşdu.

Təqsirləndirilən Akif Əliyev vəkilinin onu gəlməyəcəyi ilə bağlı xəbərdar etdiyini dedi və məhkəmə baxışının davam etdirilməsinə etiraz etmədi. Təqsirləndirilən Səlim Məmmədov isə başqa cür düşünürdü – o, vəkilinin iştirakı olmadan prosesin davamını mümkünsüz hesab etdi.

Proses stupor halına düşdü, çünki baxılacaq epizodların əksəriyyətində təqsirləndirilən Səlim Məmmədovun maraqlarına toxunulurdu.

Hakim Həbib Həsənov daha 30 dəqiqəlik fasilə elan etdi.



Vəkilin gəlməməsi üzrlüdür, ya üzrsüz?

Fasilədən sonra hakim Həbib Həsənov katibdən bir daha vəkil Cavid Rzazadəyə zəng etməyi və gələ bilib-bilməyəcəyini soruşmağı tapşırdı. Telefonda Cavid Rzazadə məhkəməyə gəlmək iqtidarında olmadığını təkrarladı.

Sədr katibə üzrsüz səbəbə iclasda iştirak etməyən vəkil barədə protokolda qeyd etməsi ilə bağlı tapşırıq verdi. Bu yerdə təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov öz iradını bildirdi:

“Anlaya bilmirəm, nəyə görə bir vəkilin gəlməməsi üzrlü sayılır, o birininki isə yox. O biri xəstə vəkil də arayış gətirməyib, bu da. Vəkil Anar Qasımlı sizin işinizə maneçilik törətmirsə, onun gəlməməsi üzrlüdür? Bu necə məntiqdir? Təqsirləndirilən şəxs vəkili olmadan iclasın davam etdirilməsini mümkünsüz saymayanda, vəkilin iclasda iştirak etməməsi üzrsüz olur? Hansı qanunda yazılıb bu?”

Hakim Həbib Həsənov vəkildən sərt çəkildə çıxışını dayandırmağı tələb etdi.

Bir daha 30 dəqiqəlik fasilə elan olundu.



“Bank sədri idim, 30 min manat verdim”

Bugünkü iclasda yeganə ifadəni “BakTel” şirkətinin keçmiş rəhbəri Zaur İbrahimovun ərizəsi üzrə baxılan epizod çərçivəsində şahid Xəyal Şərifzadə verdi.

Xatırladaq ki, zərərçəkmiş Zaur İbrahimov təqsirləndirilən Akif Çovdarovun ondan 525 min dollar aldığını demişdi. Həmin pul “BakTel”in bir əməkdaşının keçmiş MTN şefi Eldar Mahmudova məxsus olduğu bildirilən “AyTel” şirkətinə olan borcuna görə tələb olunubmuş.

Xəyal Şərifzadə bildirdi ki, Zaur İbrahimovla universitetdə bir qrupda oxuyub və onu 1994-cü ildən tanıyır. 2009-cu ildə “Garant Holding”də yüksək vəzifədə işlədiyini deyən şahid dostunun ondan 30 min manat borc istədiyini qeyd edib. “İmkanım yaxşı idi, çıxarıb 30 min verdim. Nəyə görə istəməsinin çox dərininə getmədim. Bircə onu dedi ki, MTN-lə bağlıdır”.

Dövlət ittihamçısının sualına cavab olaraq şahid bildirdi ki, verdiyi pulu hələ də Zaur İbrahimovdan geri ala bilməyib.

Təqsirləndirilən Akif Çovdarovun vəkili Şahin Rəfiyevlə şahid arasında maraqlı dialoq oldu:

Vəkil: Siz 30 min manatı Zaura verəndə bir soruşmadınız ki, bu pulu hara verəcəksən? Mənə nə vaxt qaytaracaqsan?

Şahid: Onu 15 ildir ki. tanıyırdım. Etibar edib verdim.

Vəkil: Qardaş, məndən əmimoğlu 1000 manat borc istəsə, soruşaram ki, bu pulu hara xərcləyəcəksən? Nə vaxt və nəyin hesabına qaytaracaqsan?

Şahid: İmkanım var idi, verdim. Soruşmadım.

Vəkil: Siz o qədər pulu necə qazanmışdınız ki?

Şahid: O vaxtkı işimdən əvvəl mən “Bank of Azerbaijan”ın sədri idim.



Akif Çovdarov müalicə olunmaq istədiyini dedi

Şahidin ifadəsindən sonra təqsirləndirilən Akif Çovdarov məhkəmə iclasında yaranmış boşluqdan istifadə edərək söz istədi. O bildirdi:

“Mənim müayinə olunmağım və müalicəm niyə təşkil olunmur? Mən müalicə olunmağımı tələb edə bilərəm? Belə hüququm var?”

Hakim təqsirləndirilənin bu sualına “Xeyr, yoxdur” cavabını verdi.

Akif Çovdarov sözlərinə davam etdi: “Baş Tibb İdarəsinə müraciət edirəm, vəkillərim müraciət edir, deyirlər ki, məhkəmə yazılı müraciət etməlidir. Sizə deyirik, deyirsiniz ki, həmin idarə yazılı müraciət etməlidir. Ötür-ötür oynayırsınız, ötən ilin fevral ayından mənim müalicəm yarımçıq qalıb. Mən nə etməliyəm indi? Sovet vaxtı Arkadi Raykinin bir komediyası var idi, deyirdi “Arayış gətirin ki, sizə arayış lazımdır”. Bu məhkəmənin də işi dönüb ona.

Dünən həmin bu işə görə həbs olunmuş kəşfiyyat idarəsinin vəzifəli şəxsi, general Mirəziz Əsgərovu insultla təcridxanadan xəstəxanaya apardılar. Çünki onu da mənim kimi müalicə və müayinə etmirdilər. İndi deyəsən mənim növbəmdir. Növbəyə qoymusunuz məni? İstəyirsiniz ki, ölüm, bitsin bu iş? İnfarkt, insult məhkəmənin qərarını gözləmir axı. Bu işlə bağlı bir tədbir görün”.

Hakim Həbib Həsənov katibdən bir daha vəkil Cavid Rzazadəyə zəng etməsini tapşırdı. Vəkil bu dəfə də gələ bilməyəcəyini bildirdikdə, prosesə sədrlik edən Həbib Həsənov bu gün iclasın davam etdirilməyəcəyini dedi.

Məhkəmənin növbəti iclası bazar ertəsi, fevralın 20-də keçiriləcək.

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net