Ana səhifə

Xüsusi xidmət orqanlarının siyasi qətlləri öncədənsəhnələşdirmələrinin sensasion məqamları

    Tarix: 15-02-2017 09:23   
Xüsusi xidmət orqanlarının siyasi qətlləri öncədənsəhnələşdirmələrinin sensasion məqamları

Film və serialların ssenarisinin gerçək müəllifləri kimlərdir - rejissorlar, yoxsa...


Rusiya səfiri Andrey Karlovun qətlini tədqiq edən rus-türk müstəntiqləri öz araşdırmalarında hər gün yeni irəliləyişlərə nail olurlar. Bəlli olub ki, cinayət işlənildikdən 2,5 saat sonra işə sanki naməlum qara bir əl qarışıb. Maneəsiz, yağ kimi gedib girib Mövlud Mərd Altındaşın elektron ünvanına. Ordakı bütün yazışmaları son nöqtəsinədək silib pozub. Savçılıq - yəni prokurorluq, bu fakta görə “Google” şirkətinə müraciət imzalayıb hətta. Xahiş edib, şirkət təcili olaraq bütün o silinmiş mətnləri bərpa etsin. Surətlərini lazımi ünvanlara göndərsin.


“Bütün bunlar qatilin tək olmadığını sübut edir” deyən prokurorluq, indi səbirsizliklə öz sorğularına “Google”dan yazılı cavab gözləyir. “Gözlər yolda, qulaqlar səsdədir” - necə deyərlər.



***


Ən ciddi ipuclarını isə müstəntiqlər Altıntaşın əl telefonundan tapıblar. Bloka düşmüş əl telefonunun məxfi kodunu açmaq sizə o qədər də asan gəlməsin. İddialara görə, məxfi kodu açdıqdan sonra kriminalistlər Altındaşın son beş-altı ay ərzindəki hərəkət trafikini, marşrutlarını tamamən bərpa etməyi bacarıblar. Ən vacibi-müstəntiqlərin əlinə çox ciddi yazılı bir sənəd keçib. Sənədin əhəmiyyətini dərk edərək onu diqqətinizə çatdırıram:

buyukelci-yi-vuran-mevlut-mert-altintas-15-temmuz-u-biliyormus--8200389.jpeg (32 KB)



Əvvəla, 15-16 iyul tarixində - bütün ezamiyyət iznlərinin ləğv edildiyi gərgin bir vaxtda, Altındaşa “yaşlı işıq” yandıran həmin bu polis müdiri Kahraman Sezer, az sonra FETÖ-çu ittihamıyla həbsə atılıb, biləsiz. Sənəddə göstərilən Ankara adresinin isə “Todays Zaman” qəzeti müxbirinə aid olduğu iddia edilir. Yəni bu ciddi dəlil də sui-qəsdçinin Gülən şəbəkəsi ilə əlaqələrini bir daha təsbitləyib.


Keçək işin ən qəliz incəliklərinə: Niyə dərbə sonrası Altıntaşa tam münbit şərait yaradılıb ki, təcili olaraq Diyarbəkri tərk etsin? Hara gedib bu zaman o? Hansı məxfi qurumlarla görüşüb?


Sualları Altıntaş deyil, mobil telefonunun yaddaşı cavablandırıb. Türkiyə mətbuatı görün bu barədə indi nələr deyir:
“Rusiyalı mütəxəssislər səfir Andrey Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşa məxsus mobil cihazın şifrəsini açıb.
Bu barədə Türkiyə mətbuatı, Rusiya kəşfiyyatına məxsus mənbələrə istinadən xəbər verib. Bildirilir ki, 4 mərhələli şifrəni açmağa müvəffəq olan mütəxəssislər mobil cihazda bir sıra dəlillər əldə ediblər.

cemaat-karlov-suikastini-o-dizide-nasil-canlandirdi-2712161200_m2.jpg (91 KB)


“Takvim” qəzeti yazır ki, dəlillər qatilin FETÖ terror təşkilatı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olduğunu üzə çıxarıb. Bildirilir ki, o, sui-qəsddən əvvəl ByLock proqramı vasitəsilə 6-sı qırmızı, 2-si narıncı kateqoriyada yer alan fətullahçılarla əlaqə qurub".


Altındaşın Diyarbəkirdən ikicə günlüyə ayrıldıqdan sonra Ərbildə olmağı, ipuclarını görün bir haralara, hansı qəliz ünvanlara gətirib çıxarıb.


Qəzet yazır: “Terrorçunun telefonundan alınan siqnallara görə, səfirin qatili bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İraqdakı bir ofisində qeydə alınıb. Yəni bu idarənin Ərbil şəhər ofisi yaxınlarında bir xeyli vaxt keçirib. Həmin vaxt ərzində terrorçunun mobil cihazındakı siqnal 7 saat ərzində kəsilib. Qatilin bu vaxt ərzində kimlərlə ünsiyyət qurduğunu müəyyən etmək mümkün olmayıb”.

JS116452385-turkeyattack-news-large_trans_NvBQzQNjv4BqnpV-GRdD2fQt8qdeuHLgxUJDgTx5d52sBvQjpITC9W4.jpg (26 KB)


***


Sonradan Rusiya telekanalı REN TV tədqiqatların çərçivəsini, əhatə dairəsini bir az da genişləndirib. Cinayətdən üç gün öncə Altıntaşın hadisə yerində olduğunu, bu vaxt müşahidə kameralarına düşdüyünü əks etdirən nadir kadrları efirə buraxıb.
Ancaq bizcə, cinayətin izləri təkcə elə həmin üç gün əvvələ deyil, daha öncələrə, 2014-cü ilin dekabr ayına qədər gedib çıxır. İnanmırsızsa, gəlin indi bunu mən sizə bitdə-bitdə, sətir-sətir, cümlə-cümlə sübut edim.


***


Kəşfiyyat qurumları jurnalistlərlə adətən əməkdaşlıq edərlər. Ancaq ciddi işlərdə deyil, xırda-mırda işlərdə. Ciddi işlərin bir addımlığına belə jurnalistləri yaxın buraxmazlar. Amma...

nizama_adanms_ruhlarrrr.jpg (219 KB)


Amma bığsız jurnalistlərlə müqayisədə saqqallı kinorejissorlara münasibətləri tam başqadır, tam fərqlidir kəşfiyyat, istihbarat qurumlarının. Kəşfiyyatçılar adətən gələcək tam məxfi əməliyyatlarını əvvəlcə teleseriallarda sınaqdan çıxararlar. Nəticədən asılı olaraq sonra bu ssenariləri reallığa qovuşdurarlar. Türkiyədə bu mövzu mətbuatda dartışılarkən hamının ağlına ilk olaraq “Qurdlar vadisi” serialı düşür nədənsə. Həəə, mən də razıyam, o filmdə Türkiyə tarixində baş vermiş və yaxud hələ baş verəcək hadisələrə ciddi işarələr var. Ancaq səfir Andrey Karlovu sifariş edənlər, “Qurdlar vadisi” serialı azərkeşlərindən deyildilər. Niyə? “Niyə”si çox sadədir bu sualın. “Qurdlar vadisi” serialında “Ak Parti qurdları” öz kəşfiyyat təlimlərini keçirdir, gələcək məxfi əməliyyatlarını sınaqdan çıxarırlar. Karlov qətli sifarişçiləri isə bir başqa serialda öz gələcək əməllərini imtahandan keçirirmişlər. “Samanyolu” telekanalında yayımlanan “NİZAMA ADANMIŞ RUHLAR” serialında gələcək qətllərinin, məxfi əməliyyatlarının ssenarilərini məşq edirmişlər.


***


Türkiyə mətbuatı bu oxşarlıqları, müqayisələri aşkarlayınca, mövzunu çıxarıb qəzet manşetlərinə. “RUS BÜYÜKELÇİ KARLOVA SUİKAST SAMANYOLU TV-DƏ İŞLENMİŞ” iddiası bu gün də Türkiyədə ən çox müzakirə edilən mövzulardan biri, bəlkə də ən birincisidir.


Mövzu sizə tam aydın olsun deyə, keçək bu serialın 89-cu bölümünə. Rus səfirinə qarşı sui-qəsd səhnəsini filmdə izləyərkən adamın, inanın, nəfəsi tam kəsilir. Bilmək olmur burda, vallah, rejissor təxəyyülü harda bitir, hardan reallıq səhnələri başlayır.


Filmin ilk kadrlarında qurd quzu ilə birgə otlayır. Ortada tam sakitlikdir. Böyükelçi, gözəl xanımı ilə birlikdə avtomaşınından enib rəsm sərgisi (!) salonuna daxil olur. Sərginin “Zaman” qəzetində təşkil edilməsi detalı da gərək diqqətinizdən kənarda qalmasın. Səfir sərgini addım-addım gəzərək, zövqünə uyğun bir şəkil bəyənir lap axırda.


Bu sırada pərdəarxasındakı qatil - adi qarson böyükelçinin içəcəyinə zəhər qatıb dəqiqəbaşı yan-yörədəkilərinə tərəf oğrun-oğrun boylanır. Gözəl qadınlardan biri, çantasındakı tapançanı gizlicə olaraq həmin qarsona ötürsə də, noolsun? Qarson elə qarson olaraq da qalır, tətikçiyə, Ceyms Bonda, agent 007-yə bir göz qırpımında çevrilməyi bacarmır. Altıntaş kimi ilk qurşununu, tapançasını dik yuxarı qaldırıb havaya buraxsa da, növbəti atəşi, Altındaşdan fərqli olaraq hədəfə dəymir. Mühafizəçilər tərəfindən alnının düz ortasından tək güllə ilə vurularaq öldürülür.


Atışma səhnəsindən öncə filmdə səslənən “Büyükelçi buradan sağ çıxmayacaq. Nə olursa olsun, lazım gəlsə, atışıb öləcəyik. Sabahkı anlaşmanı imzalasa məhv olarıq. Türkiyəni kimsə tuta bilməz. Yaxın Şərqin yenidən yüksələn ulduzu olar. Buna əngəl olmaq məcburiyyətindəyik. Qərb ilə bu ölkə körpüləri atmalı artıq” cümlələri, məncə, çox mənalı səslənir indi.


***


Cinayətin sabahısı günü Moskvada Türkiyə-Rusiya-İran xarici işlər nazirləri bir araya gəlib Suriya böhranını çözməli imişlər axı öz aralarında...


Rusiya böyükelçisinə qarşı sui-qəsd səhnəsi sonrakı epizodlarda da davam edir. “Ülken adına Türkiye ile yapılacaq anlaşmayı engellemek zorundayım. Bunun için seni öldürüb, ülkeleriniz arasında büyük bir kriz çıkmasını saqlayacam” - səfirin etibarını qazanmış bir sarışın dəli afət, bunları acımadan deyib əlini ehmalca öz tapançasına tərəf aparır...


***


2014-cü ilin dekabrında mavi ekranlara çıxmış bu serialın müəlliflərindən biri - Erten Kurtulan Türkiyədə bəzi məxfi olayları öncədən bilməsi ilə yadda qalıb. MHP-nin “gizli kaset”, yaxud Zekeriyye Öz hadisələrini çox-çox əvvəllərdən bilən bu rejissor “Ergenekon” məhkəməsini də bir başqa filmində - "Kollama"da əvvəlcədən görüb guya. Türkiyə mediasında deyildiyi kimi “Dizide iki kahraman polis ve savcının, kötü olaraq gösterilen ”Ergenekonçularla" hukuk içinde mücadile etmesi anlatıldı. Hadiselerin gerçek olaylarla paralel gittiyi anlaşiliyor".

we2e2323_505.jpg (65 KB)


***


Ədəbiyyatda da oxşar “öncəgörmə”lər az deyil. Misal üçün, məşhur “Titanik” faciəsindən düz 14 il əvvəl yazıçı Morqan Robertson tərəfindən yazılmış “Titan” romanında gələcək Titanik faciəsinin bir növ anonsu var. Deyilənə görə, “Titanik”in qazanxana işçilərindən biri həmin romanı oxuyan kimi gəmini təcili tərk edib. Başqalarına da məsləhət görüb ki, nə qədər gec deyil, onun bu addımını təkrarlasınlar. Heyf, yazığın bu təklifi çoxları tərəfindən ciddiyə alınmayıb.


***


Kəşfiyyat qurumları bəzən “film çəkirik” pərdəsi arxasında çox ciddi, həddən artıq məxfi əməliyyatlarını keçirirlər. Sovet vaxtları, Şərqi Almaniya kəşfiyyatı “Ştazi” qonşuluğundakı “DEFA” kinostudiyasında həmişə öz gələcək əməliyyatlarını məşq edərmiş. Hər iki qurumun başçısı doğmaca qardaş idilər. Konrad Volf “DEFA” kinostudiyasının rəhbəri idi, Markus “Ştazi”nin. Axşamlar hər ikisi isti qəhvə dolu fincanlarını ovuclarında sıxa-sıxa gələcək əməliyyatlarını müzakirə edərmişlər öz aralarında...


Oxşar fəndlərdən KQB də istifadə edib. Misal üçün, 1990-cı il Düşənbə qırğınlarını “Əfqan uçurumu” filminin yaradıcı heyəti törədib. Ad da qoyub buna ki, guya şəhərdə film çəkilişi gedir...


***


Yazımızı bayaq barəsində danışdığımız “NİZAMA ADANMIŞ RUHLAR” serialının reklam sloqanıyla bitirmək istəyirəm - “ Yedi kişilik özel harekat timinin maceralarını ekrana taşıyan ”Nizama Adanmış Ruhlar: Ekip 1", polislik mesleğinin görünmeyen yüzüne ayna tutuyor. Hayatlarını toplumun huzuruna ve asayişe adayanların aksiyon dolu hikayesi".


İndi bax bu “yeddi kişilik özel harekat timini” aşkarlayıb deşifrə etmək, yaxalamaq lazımdır.


Həmid HERİSÇİ

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net