Ana səhifə

İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

    Tarix: 22-06-2018 01:10   


22.06.2018 - 01:05

Sovet dönəmində “Kadrlar hər şeyi həll edirlər” şüarı çox dəbdə idi. Əlbəttə, bu deyimdə kadrların rolu məsələsi həqiqətən bir qədər şişirdilmişdi. Amma bununla belə kadrların çox şey həll etdiyini də danmaq olmaz. Ən azı ağlımız kəsəndən bəri kiçik kənd məktəbindən tutmuş ölkə rəhbərliyinə qədər hansı vəzifəli şəxslərin necə qurub-yaratdığını da, əksinə, hansı rəhbərlərin necə dağıdaraq viran qoyduğunu da görmüşük. Son yarım əsr ərzində İsmayıllıda 12 rəhbər (ancaq birinci şəxslər nəzərdə tutulur) dəyişib. Onların içərisində bacarıqlısı, işgüzarı, qurub-yaradanı, ədalətli və mərhəmətli olanı da olub, rayonun qayğıları ilə məşğul olmayan, ətrafında qoçu dəstəsi saxlayan, vəzifədən yalnız şəxsi məqsədlər üçün istifadə edən, respublikanın aidiyyatı dövlət qurumları ilə əlaqə qurub məsələ həll etmək qabiliyyəti və istəyi olmayan təsadüfi şəxslər də olub. Aradan illər, on illər ötsə də, İsmayıllı camaatının qəlbində həmin şəxslərlə bağlı çoxsaylı xatirələr qalmaqdadır. Sadəcə xatirələr fərqlidir. Kimini bacarıqlı, işgüzar və qurucu, kimini də etibar olunmuş vəzifədən şəxsi mənafeyi üçün istifadə edən təsadüfi kadr kimi. Acı təəssüf hissi ilə deyək ki, yerində olmayan təsadüfi və səriştəsiz rayon rəhbərlərinin işdə yol verdikləri səhvlər və sui-istifadə halları üzündən İsmayıllı zaman-zaman çox itkilərə məruz qalıb. Bu sıradan Nizami Ələkbərov İsmayıllının sonuncu icra başçısı oldu. Məhz onun rəhbər olduğu dövrdə rayonda yaranmış qeyri-sağlam mənəvi-psixoloji mühit yerli əhali tərəfindən etirazlara səbəb oldu. Baş verənlər ondan xəbər verirdi ki, nə Ələkbərov, nə onu himayə edənlər, nə də icra başçısının özünün himayə etdiyi insanlar Prezident İlham Əliyevin yüksək çinli məmurlara xitabən söyləmiş olduğu “məmur xalqın xidmətçisi olmalıdır” sözlərinin məna yükünü sona qədər dərk edə bilməmişdilər. Təbiidir ki, bütün bunların nəticəsi olaraq ölkə Prezidenti tərəfindən həmin kadrlar barədə lazımi ölçülər götürüldü. Əfsuslar olsun ki, hər zaman pusquda durub fürsət gözləyən pozucu qüvvələr o zaman məmur-vətəndaş münasibətlərində yaranmış vəziyyətdən sui-istifadə edərək rayonda sabitliyi pozmağa cəhd etdilər. Lakin ölkə rəhbərliyinin operativ və qətiyyətli müdaxiləsi rayon ictimaiyyətinin Azərbaycan dövlətinə və şəxsən dövlət başçısına olan sonsuz inamı və məhəbbəti sayəsində vəziyyət tezliklə normal məcraya qaytarıldı.
İsmayıllıda az qala hər kəsin özünü və nəslini yaxşı tanıtdığı, hörmət etdiyi iqtisadçı alim, professor Mirdamət Sadıqovun ölkə Prezidentinin 14 fevral 2013-cü il tarixli sərəncamı ilə icra hakimiyyətinin başçısı təyin olunması bütövlükdə rayon ictimaiyyətinin ürəyindən xəbər verən bir təyinat oldu. O gündən bəri icra başçısının qapısı hər kəsin üzünə açıqdır. Camaatın psixologiyasını və rayonun potensialını yetərincə yaxşı bilməyinə baxmayaraq, o, demək olar ki, hər bir məsələ ilə bağlı ağsaqqallarla, gənclərlə, mütəxəssislərlə məsləhətləşməyi, onların da fikrini və mövqeyini öyrənməyi lazım bilir. Bu, icra başçısı kimi onun iş üslubunu səciyyələndirən başlıca məqamlardan bəlkə də birincisidir.
İcra başçısının ölkə Prezidentinin vəzifəli şəxslər qarşısında qoyduğu tələblərə uyğun olaraq sərgilədiyi belə sadə, həm də ziyalı davranışının nəticəsidir ki, İsmayıllı bu gün həm də vətəndaş-dövlət münasibətlərinin son dərəcə səmimi, mehriban və işgüar məcrada inkişaf etməkdə olduğu rayona çevrilib. Sözsüz ki, son illər ismayıllıların bütün sahələrdə əldə etmiş olduğu uğurların mayasında həm də rayonda hökm sürən belə bir xoş mənəvi-siyasi ab-hava durur.
2017-ci ildən başlayaraq İsmayıllı rayonunun büdcəsi ilk dəfədir ki, mərkəzdən maliyyələşdirmə deyil, özünümaliyyələşdirmə əsasında formalaşıb. Bu, respublika rayonları içərisində də ilk nümunələrdən biridir. Rayon rəhbərliyinin özündə cəsarət taparaq belə bir addım atması, sözsüz ki, hər şeydən əvvəl, ötən illər ərzində bu istiqamətdə qazanılmış təcrübə və yaradılan iqtisadi potensial əsasında mümkün olub. Müsbət haldır ki, yeni yaranan iqtisadi potensialdan maksimum səmərə ilə istifadə edən ismayıllılar son illər həyata keçirilən bu layihələrin bir çoxunu, o cümlədən genişmiqyaslı abadlıq və quruculuq işlərini bilavasitə rayonun daxili imkanları hesabına görməkdədirlər.
Son illərədək İsmayıllı şəhərinin cəmisi bir əsas küçəsi vardı. Rayonda rəhbərlik yenilənəndə hər dəfə o küçədə müəyyən kosmetik təmir aparılırdı. Amma son bir neçə ildə rayon mərkəzinin demək olar ki, bütün küçələri əsaslı şəkildə təmir olunaraq abad hala gətirilib. Ümumilikdə yaxın keçmişdə nəqliyyatın və piyadaların hərəkəti üçün çətinlik yaradan 92 küçənin 61-i tam olaraq abadlaşdırılıb, asfaltlanıb, ehtiyac olan yerlərdə kiçik körpülər qurulub. Şəhərin Yuxarıbaş adlanan hissəsindəki kvartalların qaz, işıq və su təchizatı ilə bağlı problemləri həmişəlik olaraq qaydaya salınıb. İsmayıllı bazarı qarşısındakı bataqlıq və yolsuzluq insanları neçə illər idi ki, narahat edirdi. Rayon rəhbərliyinin təşəbbüsü ilə qısa zaman kəsiyində daxili imkanlar hesabına orada yaradılan “Saat meydanı” indi şəhərin abad məkanlarından biri hesab olunur.
Bu gün İsmayıllıda sosial vəziyyətin ağırlığını dilə gətirmək ədalətsizlikdir. Süni maneələr aradan qaldırıldığı səbəbindən 2017-ci ildə 2012-ci ilə nisbətən fərdi mənzil tikintisi 10 dəfədən, fərdi minik maşını alışı 8 dəfədən çox artmışdı. Adam başına düşən daxili məhsul istehsalı 2012-ci illə müqayisədə 2017-ci ildə 3 dəfə artaraq 2776 manata çatmışdır. Minlərlə iş yeri açılmış, rayonda geniş tikinti-quruculuq-abadlıq işləri aparılmışdır. Bu işlər davam etməkdədir.
“İsma Bikes” velosiped istehsalı zavodu dövlət vəsaiti hesabına yox, sahibkar tərəfindən investisiya qoyuluşu ilə tikilib. Zavod məhsuldarlığı və çeşidləri artırmaqla layihədə müəyyən olunmuş istehsal gücünə çatmaqdadır, müvəffəqiyyətlə fəaliyyət göstərir. Onun tikintisində 1 (bir) manat da olsa dövlət vəsaitindən istifadə edilməmişdir.
Sahibkarlar, o cümlədən Vidadi İskəndərov RİH başçılarının sifarişi əsasında fəaliyyət göstərmir. V.İskəndərov tələb edir ki, mövcud iki bazar bağlansın, hamı “Yaşıl market” bazar kompleksinə köçsün. Bu, rayon icra hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. “Şahdağ” kiçik müəssisəsi adlanan kənd təsərrüfatı malları bazarı və əşya bazarı şəxsi mülkiyyətdir. Vətəndaşların şəxsi mülkiyyəti də qanunla qorunur və toxunulmazdır.
Xatırladaq ki, İsmayıllıda sənaye və xidmət sahələrinin sürətli inkişafı ilə paralel aqrar bölmənin göstəriciləri də durmadan artmaqdadır. Respublikanın ən iri taxılçılıq rayonlarından olan İsmayıllıda dalbadal üçüncü ildir ki, 100 min tondan çox taxıl istehsal olunur. Əvvəllər təkcə İvanovka hər hektardan 45-50 sentner məhsul götürürdüsə, indi digər kəndlərdən olan fermerlər də məhsuldarlıq yarışında ön sıralarda gedirlər. Diyallı kəndi ərazisində 4 hektarlıq sahədə giləmeyvə istehsalı məqsədilə salınmış istixana, Kürdmaşı kəndində yaradılan geniş imkanlara malik aqropark, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması müəssisəsi, 3 min tonluq soyuducu anbar, Keyvəndi kəndində istifadəyə verilmiş 1500 başlıq müasir heyvandarlıq kompleksi, ənənəvi, həm də olduqca gəlir gətirən təsərrüfat sahələri olan tütünçülüyün və baramaçılığın bərpası, geniş sahələrdə kartof yetişdirilməsinin sənaye üsuluna keçməsi, arıçılıq təsərrüfatının inkişafı, ayrı-ayrı kəndlərin ərazisində yeni salınmış min hektarlarla üzüm, meyvə, fındıq, qoz bağları da rayonda gəlirin lap yaxın gələcəkdə sürətlə artacağından xəbər verir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net