Ana səhifə

ANA OĞLUNUN ÖLDÜRÜLMƏSİNDƏN ŞÜBHƏLƏNİR – Mingəçevir prokurorluğuna ittiham

    Tarix: 16-10-2017 19:41   
ANA OĞLUNUN ÖLDÜRÜLMƏSİNDƏN ŞÜBHƏLƏNİR – Mingəçevir prokurorluğuna ittiham
Mingəçevir şəhəri, Yeni köçkünlər qəsəbəsi ev 3, mənzil 18 ünvanında yasayan Rzayeva Olqa Pavlovna Reportyor.org saytına şikayət məktubu ünvanlayıb. Məktubunda oğlunun – 1975-ci il təvəllüdlü Rzayev Zahir Aydın oğlunun müəmmalı ölüm faktından bəhs edən Olqa Rzayeva, Mingəçevir şəhər Prokurorluğu tərəfindən işin düzgün araşdırılmadığını bildirir. O, Reportyor.org saytına göndərdiyi müraciətdə müvafiq dövlət qurumlarından işin obyektiv araşdırılmasını təmin etməyi xahiş edir. Onun müraciətini qısa ixtisarla dərc edirik:

“Mənim 1975-ci il təvəllüdlü oğlum Rzayev Zahir Aydın oğlu 10 il 6 ay məhkumluq həyatı sürüb və 18.07.2016-cı il tarixində azadlığa çıxdıqdan sonra, ona məcburi köçkun kimi dövlətimiz tərəfindən verilmiş, Mingəçevir şəhəri, Yeni köçkünlər qəsəbəsi ev 1, mənzil 44 ünvanında yasayan ailəsinin yanına qayıdıb.

17.03.2017-ci il tarixdə Zahir öz mənzilində naməlum şəkildə dünyasını dəyişib. Yoldaşı Pərvanənin sözlərinə görə, o səhər yuxudan durandan sonra Zahiri mətbəxdə əlləri arxadan bir-birinə skoçla, ayaqları isə bir-birinə iplə bağlı vəziyyətdə qaz borusundan asılı görüb və 19 yaşlı qızı Çinarə ilə mələfəni kəsərək, onu yerə endirib, əllərini, ayaqlarını açdıqdan sonra köməyə adam çağırıblar. Həmin gün bu faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 170656003 saylı cinayət işi acılıb.

Bizim başımız yas mərasiminə qarışdığından və Novruz Bayramı ilə əlaqədar istirahət günləri elan olunduğundan, Mingəçevir şəhər Prokurorluğuna ancaq 28.03.2017-ci il tarixində müraciət edə bildik. Həmin gün mən oğlumun hüquqi varisi olmaq istədiyimi bildirdim ve prokurorluqda mənim hüquqi varis kimi tanınmağım haqda qərar verildi.Daha sonra mən oğlumun özunü asmağına inanmadığımdan, onun başqa şəxslər tərəfindən öldürüldüyündən şübhələndiyim üçün Bakıdan məhkəmə tibb ekspertinin dəvət olunub, oğlumun meyitinin müayinə olunmasını tələb etdim.

30.03.2017-ci il tarixində şəhər prokuroru Azad Qarayev məni prokurorluğa cağıraraq, 3 nəfər şəxsi Bakıdan, Gəncədən və Şəmkirdən gəlmiş ekspertlər kimi təqdim etdi və onların ekspertiza aparacaqlarını dedi.
Meyitin müayinəsi zamanı mənim qızım Afət özünü Bakıdan gələn ekspert kimi təqdim edənə Zahirin boynunun qırıq olması faktını və ayağındakı 4 iynə izini göstərmiş və bunların Zahirin ölümündə həlledici rol oynaya biləcəyindən şübhələndiyini bildirib və onların necə yaranmasının araşdırılmasını xahiş edib.Bundan sonra isə mən, prokurorluğa işin araşdırılmasında mühüm rol oynaya biləcək aşağıdakı faktların yoxlanılmasını təklif etdim:

- Evin yaxınlığında olan 3 təhlükəsizlik kamerasının 16 mart 23:00-dan 17 mart 07:00 radelerinə qədər yazılanlara baxılması;
– Pərvanənin və Çinarənin iştirakı ilə istintaq ekspertizası keçirilməsi;
– Qonşuların dindirilməsi;
– 15 martda qızı Çinarənin Zahirin ayağına bıçaq zərbəsi vurmasını;
– 16-sı axsam saat 21:00 radələrində İsgəndərin telefonda “gör sənə nə edəcəm” deyə Zahiri hədələmsini, həmin axsam Pərvanənin nə məqsədlə mənzilin giriş qapısının açarlarını anasına verməsi faktının yoxlanmasını;
– 16 martda İsgəndərin iş növbəsi olmamasına baxmayaraq, iş yerinə gələrək özünə alibi qazanmaq məqsədi ilə nəzarət kamerasının qabağında görsənməsi faktının araşdırılmasını…

Nədənsə, mənim bu təkliflərim prokurorluq tərəfindən cavabsız qaldı. Mən prokuroruğun nəyinsə və kiminsə təsiri altında bu işin açılmasında maraqlı olmadığını görub, Prezidentə, DİN, Baş Prokurorluğa və Milli Məclisə şikayət ərizələri yazdım. Lakin bu ərizələr öz ünvanına çatmadan məktublar şöbələrindən birbaşa Mingəçevir şəhər Prokurorluğuna göndərilirdi.

May ayının əvvəllərində ekspert rəyinin niyə belə gec hazır olmasının səbəbini soruşduqda, prokuror mənə “ekspert rəyi Bakıda təsdiqləndikdən sonra göndəriləcək Şəmkirə, orada ekspert bu rəyi imzaladıqdan sonra göndəriləcəkGəncəyə, orda da imzalandıqdan sonra gələcək bizə” , deyə bildirdi. Mən isə dedim ki, bu nağıldı.

Nəhayət, bir ay əvəzinə 47 günə hazır olmuş ekspert rəyi 17.05.2017-ci il tarixində gəlib çıxdı və saxtalaşdırılmış olduğundan orda Zahirin guya özünü asdığı təsdiq olundu. Elə həmin gün indiyə qədər aparılması mümkün olmayan istintaq eksperimenti aparıldı. Bunun açıq-aydın bir şou olduğunu görüb, etiraz edərək mən evi tərk etdim.
Pərvanınin və onun qohumları Mingəçevir prokurorluğunu bizim ailənin Zahirlə türmədən qayıtdıqdan sonra münasibət saxlamadığını, maddi cəhətdən vəkil tutmaq imkanımızın olmadığını, bizim ərimlə yaşlı təqaüdçü olduğumuzu vurğulayaraq əmin ediblər ki, prokurorluğun çıxardığı qərarlara heç bir təsir edə bilmərik. Bu səbəbdən də prokurorluqda sənədləri saxtalaşdıraraq, çox rahatlıqla 14.06.2017-ci il tarixdə saxta faktlar əsasında işə xitam verildi.

elmira suleymanova azpolitika info ombudsman

Mən, bununla razılaşmayaraq, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət etdim. Onun prokurorluğa təsiri nəticəsində 21.07.2017-ci il tarixdə xitam qərarı ləğv olundu. Bir həftə sonra bizə ibtidai istintaq zamanı toplanmış materiallarla taniş olmağa icazə verildi. Bu materiallarla tanış olmağı və bərpa olunmuş istintaq işinde yaxından iştirak etməyi mən huquqi varis kimi verdiyim etibarnamə əsasında nümayəndəm Abdullayev Tahir Əli oğluna həvalə etdim.

Materiallarla tanış olan zaman sənədlərin dəyişdirilərək adların, imzaların və sənədlərin saxtalaşdırılması halları ilə rastlaşdıq. Bunlar haqda istintaq işinə rəhbərlik edən şəhər prokurorunun müavini, kiçik ədliyyə müşaviri Balahuseyin Şabanova məlumat verdik. Bərpa olunmuş istintaqda ölümün səbəbini araşdırmaq üçün əhəmiyyət kəsb edən faktların yoxlanılması haqda Balahuseyin Şabanova əlavə vəsatət verildi. O cümlədən:

1. T.Abdullayev müstəntiq E.Cəbrayılovun iştirakı ilə hadisə yerindən götürülmüş mələfənin halqa hissəsinə baş keçirib. O halqanı başına keçirərkən halqanın diametri böyuk olduğundan başdan rahat çıxması səbəbindən bu halqadan adamın asılmasının mümkün olmadığını sübuta yetirib. Halqanın bıçaqla yox, balta və ya başqa kəsici alətlə bir zərbə ilə hansısa bərk əşya üzərinə qoyularaq kəsildiyini sübut etmiş və mələfənin halqa hissəsinin ekspertizaya göndərilməsi haqda vəsatət verilmişdir. Amma nədənsə prokurorluq mələfənin halqa hissəsinin yox, işdə bu suala aydınlıq gətirilməsi üçün heç bir əhəmiyyət kəsb etməyə hansısa başqa hissəsini ekspertizaya göndərib. Bununla da müstəntiq vəsatətin təmin olunduğunu göstərmək istəyib.

2. Daha sonra hadisə yerində çəkilən boruya bağlanmış mələfənin şəkillərində ziddiyyətləri müstəntiqə göstərmiş, uzaqdan çəkilmiş şəkildə mələfənin bir ucunun borunun üst tərəfində, bir ucunun aşağıya sallandığına, yaxından çəkilmiş şəkildə isə başqa cür göründüyünə diqqət çəkilmişdir. Bu da fotoların fərqli günlərdə çəkildiyi haqda qərara gəlməyə əsas yaradır. Görünür ozünü asma planının inandırıcı olması üçün mələfənin ikinci üzü aşağı düşən şəkil sonradan çəkilib. Əgər 29.03.2017-ci il tarixində tərtib olunmuş hadisə yerinə əlavə baxış protokoluna nəzər salsaq, orada müstəntiqlər tərəfindən belə bir qeydin olduğunu oxuya bilərik: “Mətbəx otağında eyvanın qapısının sol tərəfində bir ədəd stul, onun üzərində isə qaz trubasına bağlanmış mərhumun özünü asdığı ip vardır”. Çox maraqlıdır, hadisə günü hadisə yerindən dəlil qismində müstəntiqlər tərəfindən götürülmüş mələfə, 12 gün sonra yenə də hadisə yerində “aşkar olunur”. Bu isə bir daha işin intihar kimi qələmə verilməsi üçün planlı şəkildə saxtalaşdırıldığını sübut edir.

Nədənsə prokurorluğun xitam qərarını ləğv edən qərarında Mingəçevir prokurorluğuna protokolda yazılan başqa faklarla birgə, işdə böyük əhəmiyyət kəsb edən bu faktı yoxlayaraq aydınlıq gətirilməsi haqda göstəriş verilmir.

3. Mərhumun həyat yoldaşı Pərvanənin sözlərinə görə, Zahirin üstündən müəllifi məlum olmayam məktub tapılmışdır. Məktubda Zahirin iş tapmaq məqsədilə hara müraciət edibsə, onun məhkumluq yaşadığının üzə çıxdığı, bu səbəbdən də ona iş vermədikləri bildirilir. Ona görə də həyatdan bezdiyi yazılır. Bu isə tamamilə yalandır. Heç bir müəssisənin kadrlar şöbəsində belə məlumat yoxdur. Belə məxfi məlumat ancaq dövlət orqanlarında ola bilər. Zahir isə bu orqanlara iş üçün təbii ki, müraciət edə bilməzdi. Bu məktub kimsə tərəfindən məqsədli şəkildə tərtib olunub. Əlavə olaraq bildirirəm ki, Zahir məktəbdə rus sektorunda oxuduğu üçün ancaq kiril əlifbası ilə oxuyub-yaza bilirdi. Haqqında danışılan məktub isə latın əlifbası ilə yazılıb.

Bu səbəbdən ilkin istintaq zamanı ekspertizanın bu məktubun Zahirə məxsus olması haqda rəyi inandırıcı deyil. Ona görə də, həmin məktubun mənim prokurorluğa təqdim etdiyim Zahirin kiril əlifbası ilə həbsxanadan mənə yazdığı məktubla müqayisə edilmesi üçün təkrar ekspertizaya göndərilməsini tələb etdim. Prokurorluqda Zahirin yatdığı cəzaçəkmə müəssisələrindən onun imzası ilə təsdiq olunmuş bir neçə sənəi onun üstündən çıxan məktubla müqayisə etmək üçün məhkəmə ekspert mərkəzinə təqdim etdiklərini bildirdilər və Abdullayevin bu ekspertizada iştirak edə biləcəyini dedilər. 12.09.2017-ci il tarixində ekspertiza mərkəzinə gəldikdə, ona Zahirin imzası ilə təsdiqlənən hər biri fərqli xətlərlə – kiril ve latın əlifbaları ilə yazılan sənədlər təqdim olunmuşdur. Bu sənədlər arasında mənim prokurorluğa verdiyim Zahirin məktubu, Zahirin həyat yoldaşı Pərvanənin, oğlu İsgəndərin və qızı Çinarənin, baxmayaraq ki, bu haqda prokurorluğa vəsatət verilmişdir, xətt nümunələri yox idi. Bu səbəbdən də Abdullayev bu ekspertizada onun iştirakı formal xarakter daşıdığını başa düşüb, iştirak etməkdən imtina etmişdir.

4. Cinayət işində əsas rol oynayan tibbi ekspertlərin rəyi saxtalaşdırdıqları göz qabağındadır. Müstəntiq N.Məmmədov işi Bakıda uzun müddət ezamiyətdə olduğu üçün aprelin 10-dan sonra aparmağa başlamışdır. Amma materiallarda 29.93.2017-ci il tarixdə məhkəmə tibbi ekspertizanın təyin edilməsi haqda MTE və PA birliyinin direktoru Ə.Həsənova göndərilən qərar və ekspertizanın Gəncə və Şəmkir şöbələrinə həvalə olunması haqda qərar onun tərəfindən tərtib olunaraq imzalanmışdır. Ekspertizanın Gəncə və Şəmkir şöbələrinə həvalə olunması haqda qərarda N.Məmmədovun imzasının acıq-aydın saxtalaşdırıldığı görünür və iki vərəqdən ibarət olan bu qərarın, birinci və ikinci vərəqlərinə diqqetlə baxdıqda birinin o birisindən solğun rəngdə yazıldığı gözə çarpır.

Rəyi, ekspertizada 3 ekspert iştirak etməsinə baxmayaraq, iki ekspert imzalamişdı.

Daha sonra biz mərhumun boynunun qırıq olması və ayağında 4 iynə izi olması faktlarının rəydə öz əksini tapmaması səbəbindən hər 3 ekspertin prokurorluğa çağırılıb, bizim iştirakımızla onlardan izahat alınmasını tələb etdik. B.Şabanov qəti etirazını bildirərək, bunun prokurorluğun səlahiyyətində olmadığını bildirdi və bu faktı öz gücümüzlə araşdırmağı təklif etdi. Beləliklə, Baş Prokurorluğun əlavə istintaq üçün ayırdığı vaxt ərzində prokurorluq ancaq ölümün səbəbini üzə çıx

armaq üçün elə də ciddi əhəmiyyət kəsb etməyən faktların

yoxlanılması ilə məşğul oldu.




Gördüyünüz kimi vaxt gedir, amma işin açılması istiqamətində lazımi addımlar atılmır. Buda sonda yənə də işə obyektiv baxılmaması səbəbindən, ölümdə heç kimin günahının olmaması haqda qərarın verilməsinə, yəni işə xitam verilməsinə gətirib çıxara bilər. Xahiş edirəm mənim bu müraciətimi işıqlandırasınız ki, dövlət qurumları xəbərdar olub, mənə kömək etsinlər.

Hörmətlə: Rzayeva Olqa Pavlovna”

P.S.Olqa Rzayevanın müraciətində adı keçən şəxslərin, o cümlədən Mingəçevir şəhər Prokurorluğunun mövqeyini işıqlandırmağa hazırıq.

Reportyor.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net