Ana səhifə

İcra başçılarının son payızı – “Əlvida, vəzifə!..”

    Tarix: 14-07-2017 09:10   
İcra başçılarının son payızı – “Əlvida, vəzifə!..”
Prezident İlham Əliyev onlara 4 ay vaxt verərək fəaliyyətlərində dönüş yaratmalarını tələb etdi; büdcə pullarına və rayonlara ayrılmış dotasiyaya göz dikən icra başçıları gedəcək...

Prezident İlham Əliyev iyulun 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində yaxın aylarda komandada ciddi kadr islahatlarının başlayacağı barədə xəbərdarlıq edib. Prezident çıxışında ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb, bu məsələdə təkcə mərkəzi icra orqanlarının deyil, yerli icra orqanlarının da üzərinə məsuliyyətin qoyulduğunu xatırladıb.


Prezident çıxışında deyib: “Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.


İlham Əliyev onu da bildirib ki, bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. “Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq edib.




Prezidentin əksər rayon icra başçılarının fəaliyyətsizliyindən narazı olması barədə bir neçə gün əvvəl “Yeni Müsavat” da yazmışdı. “İcra başçıları təlaşda” sərlövhəli yazıda bildirilirdi ki, iki-üç rayon istisna olmaqla, əksər icra başçıları prezidentin bölgələrə investisiya cəlb edilməsi ilə bağlı tapşırığı yerinə yetirə bilməyib. Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar. Əksər icra başçıları ənənəvi “kabinet siyasətindən” əl çəkməyiblər.


Mərkəzi hakimiyyətin ümidini doğrultmayanlar əsasən aran və sərhəd rayonlarıdır. Onlar rayonların iqtisadi potensialına baxmayaraq, ötən aylar ərzində heç bir irəliləyişə nail ola bilməyiblər. Rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda əksinə, narazılıqlar da artıb. Bu isə iqtidarın yaxınlaşmaqda olan seçki ilində qarşıya qoyduğu siyasi və iqtisadi strategiyaya ziddir.




Aydındır ki, prezidentin konkret vaxt qoyaraq icra başçılarına maksimum 4 ay vaxt verərək fəaliyyətlərində dönüş yaratmalarını tələb etməsi düşünülmüş xətdir. Dövlət başçısı hakimiyyət üçün çox mühüm olan 2018-ci ilə dövlətə heç bir xeyir gətirməyən, əksinə, yenə də büdcə pullarına və rayonlara ayrılmış dotasiyaya göz dikən icra başçıları ilə yola davam etməyəcəyini açıq şəkildə ifadə edib. Bildirilir ki, Yevlax, Balakən, Ağcabədi, Beyləqan, Ağdam, Ağstafa, Bərdə, Biləsuvar, Göyçay, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir və Astara rayonlarının icra başçılarının adları “qara siyahı”da ilk sıradadır. İndi prezidentin açıq mətnlə dediyi müddətdə ya rayonlarda əsaslı dönüş yaradılmalı, ya da “əlvida vəzifə” barədə düşünülməlidir.
4 ay isə o qədər də uzun müddət deyil...


“YM”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net