Ana səhifə

Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin “dərisini soyurlar” – videofakt

    Tarix: 16-07-2018 10:24   

 

Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin dərisinə sözün pis mənasında “saman təpirlər”. Dispanseri sallaqxanaya çevirənlər pasientlərin “dərisini soyurlar”.

Reportyor.İnfo-nun məlumatına görə, bunu təsdiqləyən video fakt “youtube” sosial şəbəkəsinə yerləşdirilib.

Kadrlardan görünür ki, həkim Emin adlı biri ilə əlaqə saxlayaraq analizlərin məbləğini dəqiqləşdirir. O, taksplozmaz, steklovirus və digər analizlərin qiymətinin neçəyə olduğunu soruşur.

Kadrda görünən qadın əlavə edir ki, xəstəni həkim göndərib və onun heç bir kontaktı olmayıb. Bir az sonra telefonda asılı qalan Emin adlı şəxs hər analizin 19 manat olduğunu bildirir. Yəni, bir neçə analiz verəcək xəstənin azı 100 manat pulu çıxacaq.

Amma dispanserin dərisinə rüşvət epidemiyasının yoluxması nə baş həkimi, nə işçilərini, nə də Səhiyyə Nazirliyini narahat edir.Ona görə də bu dövlət tibb müəssisəsi açıq bazar prinsiplərini əldə bayraq edərək, dəri-zöhrəvi xəstəliyi olanlardan dərisindən pul qoparmamış əl çəkmir.

Burada rüşvətin yoluxuculuğu piramida şəklində inkişaf edib: subardinasiya qaydalarına uyğun olaraq, baş həkimdən start görtürərək aşağılara qədər yayılıb.

Odur ki, qapıya girəndən əlin cibində olmalıdır. Bu da kadrlardan görünür. Vətəndaşlara pulsuz xidmət göstərməli olan dispanser hər analizə 19 manat tələb edir.

Hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Amma səhiyyə naziri Oqtay Şirəliyevin bu vəsaitlərin şəffaf xərclənməsini araşdırmağa vaxtı olmur.

İşdən hər axşam saat 5-dən sonra gedən nazirin işçiləri də çox gözləməyib, aradan çıxırlar. Belə olan halda nazirlik hansı dövlət xəstəxanaları yoxlayacaq?

Bu fürsətdən sui-istifadə edənlərdən biri də həmin Respublika Dəri-Zöhrəvi Dispanseridir.

Bir müddət əvvəl Bakı şəhər sakini F.Rüstəmov mediatv.az-a Respublika Dəri-Zöhrəvi Dispanserində başına gələnləri danışmışdı.

Onun sözlərinə görə, müəyyən analizlər götürüldükdən sonra cavabın 20 dəqiqəyə hazır olacağını bildirirlər.

Cavabı götürməyə gələn Rüstəmova analizin “təmiz” çıxdığını, ancaq analiz üçün 15 manat və həkim baxışı üçün 20 manat ödəniş etməli olduğunu bildiriblər.

Rüstəmov cibində cəmi 10 manat olduğunu bildirəndə qalan pulu da tapıb gətirməyi tələb edirlər.

O çıxaraq 5 manat pul tapıb gətirir. Rüstəmov 20 manat Dispanserə borclu qalır. Bax, budur baş həkimin qurduğu sistem…

Reportyor.İnfo yada salır ki, bir neçə il qabaq prezident İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş vermişdi.

 

Ancaq prezidentin bu göstərişinə Respublika Dəri-Zöhrəvi Dispanserində məhəl qoyulmur. Baş həkim Şahnaz Baxşəliyeva 10 ildən çoxdur ki, dispanserə rəhbərlik edir.

Onun rəhbərliyi altında 10 ildə dövlətin ayırdığı vəsaitlər talan edilib, xəstələrdən alınan rüşvət günbəgün çiçək açıb, pulsuz müayinə ləğv olunub. Siflis, qotur, digər dəri-zöhrəvi xəstəliklər məhz sözügedən dispanserdə həyata keçirilir.

Mediada gedən xəbərlərə görə, dispanserdə müayinədən keçən cütlüklərdən yoxlanılan hər xəstəlik üçün pul tələb edilir. Nikah üçün dispanserdən verilən arayış vacibdir.

Müayinələr vaxtı pul vermədinsə, arayışı vermirlər. Toya az qaldığı üçün məcbur qalıb pul verirlər ki, arayışı götürə bilsinlər.

Toy araya düşdüyü üçün nazirliyə şikayət etməyə fürsət də olmur. Bu da yeni rüşvət yuvalarından biridir.

Pul verməyəndə deyirlər ki, özəl klinikaya getsəydiniz bir analiz üçün 70 manat ödəyəcəkdiniz, bizə 20 manat verməyə pulunuz yoxdur? Rüşvət istəyən onlardır, utanan biz…

Mətbuatda yazılanlara görə, Ş.Baxşəliyeva qəbul olunmuş yaş senzinə görə, dispanserə rəhbərlik edə bilməz. Lakin Səhiyyə Nazirliyindəki himayədarları sayəsində baş həkim indiyədək öz postunda qalmağı bacarıb.

O da bildirilir k, Ş.Baxşəliyeva yaxın qohumu, «İSR» Şirkətlər Qrupunun sahibi, «İSR Plaza İsgəndər» kimi tanınan iş adamı İsgəndər Xəlilova arxalanır.

Deyilənə görə, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkiminin həyat yoldaşı və oğlu hazırda İsgəndər Xəlilovun yanında çalışır.

Onun hələ Əli İnsanovun zamanında karyerasında xeyli irəliləyiş olub. Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi sabiq səhiyyə nazirinin ən etibarlı kadrı, sağ əli kimi xarakterizə olunur. Bütün bu iddialar və video ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


 


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net