Ana səhifə

''Qoy Hakimiyyətdəkilər villalarda yaşasınlar, biz sürünsək də olar''

    Tarix: 13-06-2018 09:49   

 

Köçkünlər qəzalı binadan daşınmaq istəyirlər

“2000-ci ildə zəlzələ olanda Abid Şərifovla Əli Həsənov gəlib binaya baxdılar, buranın yaşamaq üçün yararsız olduğunu deyib getdilər. O vaxtdan sonra nə maraqlanan oldu, nə də bizə bir şərait yaradan”.

Bakının Köhnə Suraxanı adlanan ərazisində yerləşən texniki peşə məktəbinə sığınmış məcburi köçkün Saray Əhmədova belə deyir.

Sözügedən bina 1890-cı ildə inşa olunub. Bina 1995-ci ildən qəza vəziyyətdə olduğundan tədris dayandırılıb. Buna baxmayaraq, həmin binalarda Kəlbəcər və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər yaşayır.



Köçkünlər deyir ki, ev deyib sığındıqları zirzəmilər acınacaqlı durumdadır.

Otaqların əksəriyyəti betondur. Soyuq aylarda yaşamağın mümkün olmadığı şəraitin yay aylarında da ürəkaçan olmadığını görürük. Nəmişlik kiçik və dar otaqlarda nəfəs almağı çətinləşdirir.

“Biz özümüz yığışıb bir az təmir eləmişik ki, uçmasın. Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə getdik, söz verdilər ki, bu il Qobuda tikilən evlərə köçürəcəklər bizi. Hara olursa olsun, təki ev olsun. Hər yer bu uçuqdan yaxşıdır. Axşam sakitlikdə silkələnmə daha çox hiss olunur. Neft buruqları isə xəstəlikdir. Ötən il müraciətimizdən sonra Fövqəladə Hallar Nazirliyindən gəlib yoxladılar və rəy verdilər ki, yaşamaq təhlükəlidir. Yenə heç nə olmadı. Mayın 15-i yenə getdik Qaçqınkoma, amma bizi qəbul etmədilər. Başqa rayonlardan olan köçkünlərin hərəsi bir problemlə gəlmişdi”- Saray xanım danışır.



“Neft quyusu işləyəndə gəlsəniz, görərsiz, silkələnmədən durmaq olmur. Demək olar ki, heç kim sosial yardım almır, amma çörəkpulu verirlər. Yoldaşımla qardaşlarım fəhlə işləyirlər. Şükür, dolanırıq, “kimsə bizə çörək versin” demirik ki, haqqımızı istəyirik”.

Saray Əhmədova deyir ki, yağış külək olan kimi binanın damındakı şiferlər yerə tökülür, yağış damır və xeyli xərcləri çıxır.



Binada ümumilikdə 15-ə yaxın ailə yaşayır. Bura neftçıxarma məntəqələrinin ortasındadır. Hər yandan neft qoxusu gəlir. Binanın digər sakini Könül Əhmədova isə üç yaşıında qızının vəziyyətindən danışır:

“Qızım asmadan əziyyət çəkir. Həyatı aparatdan asılıdır. O da dərmanla işləyir. İndi heç 30 manatım yoxdur ki, dərmanını alım. Kartondan otaq düzəltmişik. Burda uşaq yaşayar? Neftin iyi vurur, nəfəs ala bilmir, ürəyi gedir. Yer də betondur, qışda dayanmaq olmur. Gül kimi uşaq idi, şəraitsizlikdən xəstə düşdü. Neçə dəfə Mehriban Əliyevaya məktub yazmışam, heç baxan da olmayıb. Yoldaşım da fəhlədir, ordan-burdan 3-5 manat qazanır. Uşaqların yaşı azdı, böyüklər problem ucbatından dalaşanda pis-pis sözlər öyrənirlər, utanırıq”.

Digər bir sakin isə evinin darısqallığından şikayətlənir. Deyir, yaşadıqları otaq o qədər balacadır ki, sadəcə taxt sığışır:

“Hamiləlik dövründəki problemlərə görə uşaqlarım xəstə doğulub. Birinin gözü çox zəifdir, digəri də qan azlığından əziyyət çəkir. Həkim deyir: “alma yedizdir”. Hansı pulla alım almanı? Taxtın altına paltar düşür, bir-iki saat sonra çıxarıram ki, sudur. Rütubətdən dayanmaq olmur. 28 yaşım var, özümü düşünmürəm. Mənim həyatımdan keçib, uşaqlarım yaşasın deyirəm. İkinci sinifdə oxuyan oğlum bu taxtın üstündə dərs yazır, yeməyimizi də bu taxtın üstündə yeyirik. İki böyük uşağım bizimlə eyni yerdə yatır. Həyatdı bu?”



Elvin adlı sakin isə deyir ki, hökumət neçə ildir bizi süründürür:

“Özləri villalarda yaşayırlar, bizi görən yoxdur. Burda heç kim yaşamaz. Ev deyirik, amma zirzəmidir. Pəncərəsi yoxdur, qapını örtəndə havasızlıqdan durmaq olmur. Qoy İlham Əliyev Mərdəkanda villada yaşasın, biz sürünsək də olar. Amma Allah görür, bu da belə qalmaz”.

Cəbrayıl rayonundan olan məcburi köçkün Məhiyyəddin Əhmədov isə başındakı yaranı göstərib deyir ki, yatdığı yerdə ev silkələnib və tavan ovularaq üzərinə tökülüb:

“Silkələnmə də ayda-ildə bir dəfə olan zəlzələyə görə deyil ha, hər günümüz belədir. Nefti çəkirlər, quyudan nefti yığan avadanlıq gələndə isə yer-göy əsir elə bil. Rahat günümüz-güzəranımız yoxdur. Birində də başımıza aşacaq, öləcəyik”.

Ərazidə yaşayan uşaqların təhsil səviyyəsi də ürəkaçan deyil. 20 müəllim və 110-a yaxın şagirdin təhsil aldığı məktəbin sadəcə sinif 3-4 otağı var. Köçkünlər deyir ki, istilik və havalandırma sistemi zəifdir. Otaqlar iç-içə, arakəsmələri yoxdur.



“Sinifdəki səslər bir-birinə qarışır. Belə olan şəraitdə uşaqların intizamını da qaydaya salmaq çətinləşir, biliyini də” – deyə məktəbin adının açıqlanmasını istəməyən müəlliməsi bildirib.

Onun sözlərinə görə, yerli icra hakimiyyəti 7 il öncə ərazidən bir az uzaqda məktəb üçün yer ayırıb və bina tikiləcəyini vəd edib:

“7 ildir gözləyirik. Belə də iş olar? Bu şəraitdə müəllim kimi şərəfli peşəni necə həyata keçirəsən?”



Şagirdlər gülərək danışırlar ki, sinif yoldaşları otağının sınıq döşəməsindən içəri düşüb, hələ qol-qıçı da yaralanıb. Bundan sonra otağın döşəməsindəki deşiklərin üzəri qapadılıb.

İllərdir bu vəziyyətdə yaşayan köçkünlər artıq səbrlərinin tükəndiyini deyirlər. Ümidlərini yeni evlə bağlı verilmiş vədə bağlayıblar.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən Meydan TV-yə deyiblər ki, bütün köçkünlər növbə ilə evlə təmin ediləcəklər. İlk köçürülən ailələr isə məhz qəzalı binalarda yaşayanlar olacaq.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net