Ana səhifə

Tarix təkrarlanır: İrəvan qarışır, Ordumuz...

    Tarix: 06-06-2018 09:37   

  


   
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Qarabağdakı aksiyaların hansısa mərkəzdən idarə edildiyi və sifarişlə baş tutduğu barədə versiyaların həqiqət yükü, sizcə, nə qədərdir?
- Həmin hadisələrin başlamasına səbəb olan hadisənin videosuna baxmışam. Birmənalı olaraq demək olar ki, bu aksiya hansısa siyasi dairələrin sifarişi ilə yox, burada yaşayan camaatın qondarma Dağlıq Qarabağda mövcud olan hərbi diktatura rejiminə qarşı nifrətinin və qəzəbinin hiddətindən irəli gəlir. Yəni uzun illərdir, ermənilər bütün dünya arenasında təbliğat aparır ki, guya qondarma rejimdə hansısa demokratik cəmiyyət qurulub, orda seçkilər keçirilir və s. Hamı bilirdi ki, bu yalandır. Sadəcə olaraq, hərbi diktatura olduğuna görə, burada yaşayan xalqın səs çıxarmaq, nəyəsə etiraz etmək imkanı yox idi. Əvvəllər burada nəinki sadə insanların, hətta həmin quruma rəhbərlik edən adamların da terror aktı nəticəsində qətlə yetirilməsi baş verib. Eyni zamanda, öz aralarından olan şəxsləri dövlət çevrilişinə cəhd adı ilə həbs ediblər. Son aylarda İrəvanda baş verən hadisələrdən sonra buradakı xalq bir az ruhlanıb və həmin diktatura rejiminin növbəti bir cinayətinə cavab verib. Yəni bu hadisələrin başlamasına səbəb Xankəndidə mülki vətəndaşlarla separatçı rejimin “milli təhlükəsizlik xidməti”nin əməkdaşları arasında baş vermiş kütləvi davadır. Mülki vətəndaşlar burada döyülmüşdü. Artıq bu son damla oldu ki, camaat bezdiyini bildirdi və bütün rəhbərlərin istefaya getməsini tələb etdi. Yəni burada başqa amil axtarmaq lazım deyil. Çünki xalq hazırda qondarma qurumda mövcud olan durumdan çox narazıdır, hakimiyyətdən bezib.
- Paşinyan Qarabağdakı ermənilərə müraciət edərək, aksiyaların dayandırılmasını istəmişdi. Bundan sonra 4 gündür aksiya keçirən aksiyaçılar mitinqlərə fasilə verəcəklərini açıqladılar. Aksiyalar niyə Paşinyanın müraciətindən sonra dayandı?
- Dağlıq Qarabağda hakimiyyəti zəbt edənlər Serj Sərkisyanın və Robert Köçəryanın adamlarıdır. Təbii ki, Paşinyanın onlara hansısa bir isti münasibəti ola bilməz. Faktiki olaraq, Paşinyan orda etirazçıları dəstəklədi. Paşinyan öz müraciətində qeyd etdi ki, siz tələblərinizdə haqlısınız. Artıq sizin tələblərinizi yerli hakimiyyət qəbul edib və indi məsuliyyət yerli hakimiyyətin çiynindədir. Aksiyaları müvəqqəti dayandırmaq çağırışı ilə o, bütün məsuliyyəti oradakı xuntanın başında olan adamların üzərinə qoydu. Əgər indi onlar xalqın tələblərini yerinə yetirməsə, xalq yenidən küçəyə çıxa bilər.
- Qondarma rejimdə baş verən proseslərin bundan sonrakı inkişafı, sizcə, hansı xətt üzrə davam edəcək?
- İşğal olunmuş ərazilərdə mövcud olan hərbi diktatura, xunta rejimi gec-tez səhnədən gedəcək. Bu zaman əminəm ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa edəcək. Bir məsələni nəzərə almaq lazımdır ki, vaxtı ilə biz o torpaqları Azərbaycanın daxilində sabitliyin olmamasına görə itirdik. Həmin vaxtlarda Azərbaycanda ildə bir dəfə hakimiyyət dəyişirdi. Belə bir şəraitdə nə güclü ordu yaratmaq, nə cəbhədə erməni təcavüzünə layiqli cavab vermək mümkün idi. Ermənilər Azərbaycanda yaranmış bu vəziyyətdən sui-istifadə edib, rusların köməyi ilə o torpaqları zəbt etdilər. İndi isə bütün hadisələr əks istiqamətdə inkişaf edir və bumeranq kimi ermənilərin özlərinə qayıdıb. Hazırda Ermənistanda həmin proseslər başlayıb. Ona görə ki, torpaqlar zəbt olunandan sonra orada qurulan rejimlər hamısı cinayətkar, hərbi xuntadır. Bu sistemlər nə beynəlxalq hüquq normalarına, nə də insanların istəklərinə uyğundur. İndi Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsinə hər zaman hazır olmalıdır. Ermənilər XX əsrdə - 100 il ərzində Azərbaycana iki dəfə xəyanətkarcasına zərbə vurub. Birinci, 1918-20-ci illərdə bizim torpaqlarımızı işğal etməklə, özlərinə dövlət yaratmaq istəyiblər. Ondan sonra da 1980-ci illərdə yenidən Azərbaycan torpaqlarını işğal etməyə çalışıblar. Yəni biz bu tarixi dərslərdən nəticə çıxartmalıyıq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net