Ana səhifə

Nazirin nazir oğlu… – Kəmaləddin Heydərov və ailəsi (FOTOLAR)

    Tarix: 13-05-2018 22:16   

 

K.Heydərov ölkə çapında təkcə nazir kimi deyil, bir çox məşhur mahnıların müəllifi kimi tanınır. “Kamal” imzası ilə mahnılar bəstələyən məmur-bəstəkar 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. O, 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra ali təhsilini Bakıya üz tutub.


K.Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. O, ikinci ali təhsilini Azərbaycan Universitetində davam etdirib.

Əmək fəaliyyətinə ilk dəfə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlayıb, orada texnik və geoloq vəzifələrində çalışıb.
İndiyədək müxtəlif vəzifələrdə çalışan K.Heydərov 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Gömrük sistemində böyük uğurlara imza atan K.Heydərov 11 ildən sonra fəaliyyətini başqa istiqamətdə davam etdirməyə başlayıb.
Ölkə başçısının etimadını qazanan Heydərov 2006-ci ilin fevral ayında Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib. 12 ildir nazir postunu tutan K.Heydərov fəaliyəti ilə hər zaman mətbuatın diqqətində olub. O ictimaiyyət arasında kifayət qədər tanınan ailənin nümayəndəsidir. Atası Azərbaycan Ağsaqqallar Şurası sədri, millət vəkili Fəttah Heydərovdur. 

Keçmiş nazir – indiki deputat

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. O, 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Nazir atası əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güznut kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib. F.Heydərov 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

O daha sonra (1976-1978-ci illərdə) Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri postunu tutub. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.

F.Heydərov 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı seçilib. O hazırda Milli Məclisin deputatı, Milli Məclisin reginal məsələlər komitəsinin sədr müavinidir.

“Kamal”ın övladları və həyat yoldaşı

Kəmaləddin Heydərovun iki övladı var. Onlar da ölkə miqyasında kifayət qədər tanınırlar. Nazirin övladları Tale Heydərov və Nicat Heydərovdur.
Tale Heydərov “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədridir. O, aktiv şəkildə Azərbaycanı Avropada təmsil edir. 2007-ci ildə London Universitetinin Birbek kollecini bitirən T.Heydərov bundan əlavə “Qəbələ” futbol klubunun prezidenti və “Sabah P&D International” MMC şirkətin direktorudur.

Fövqəladə hallar nazirnin kiçik oğlu Nicat Heydərov qardaşından fərqli olaraq bir o qədər də tanınmır. Yerli mediada yayılan məlumatlara görə, o da nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb. Digər məlumata görə, o. Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızı ilə ailə həyatı qurub.

Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məliumatlar var. Bildirilir ki, o, «United Enterprises International» şirkətlər qrupunun sədr müavinidir.

Nazirin həyat yoldaşı Ruhəngiz Heydərovadır. O, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) prezidentidir.Təşkilat 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb.

Qeyd etdiyimiz kimi, Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını “Kamal” imza ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi “Nigaranam” mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın “Sənə güvəndiyim dağlar” adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Xalq Heydər söyləyəcək”, “Ayrılığa dözmərəm” mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.

K.Heydərov bundan əlavə Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Xeberler.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net