Ana səhifə

Ermənistanda “narkoz dövrü” – eyforiyanı köhnə ağrılar əvəzləyir

    Tarix: 11-05-2018 09:05   


İşğalçının iki müttəfiqi - İran və Rusiyanı ABŞ-ın hədəf alması, Ağ Evin yeni sanksiya siyasəti və xəbərdarlıqları düşmən ölkədə təlaşı artırıb; erməni şərhçi: “Həqiqətən qəliz durumdur, yeni baş nazir yeni risklər altında hərəkət eləməli olacaq...”

Regionla bağlı Azərbaycanın da maraqlarına toxunan mühüm gəlişmələr baş verməkdədir. Srağagün ABŞ prezidenti Donald Tramp öz ölkəsinin 2015-ci ilə İranla əldə edilmiş “5+1" formatında nüvə anlaşmasından çıxdığını bəyan edib. Bundan 1 gün öncə isə ABŞ Konqresi Rusiya Hərbi Sənaye Kompleksinə dəstək verənlərə qarşı sanksiyalar tətbiq edilməsi haqda layihə hazırlayıb. Layihə mayın 7-də Nümayəndələr Palatasının Silahlanma Komitəsinə təqdim edilib.

“Yeni Müsavat” bildirir ki, qanun layihəsinin müəllifləri Rusiyanın müdafiə sənayesinə dəstək verən şəxslərə qarşı sanksiya tətbiq etmək üçün ABŞ prezidentinə səlahiyyət verilməsini nəzərdə tutur. Bu barədə “Deutsche Welle” alman nəşri yazıb. Sənəddə həmçinin qeyd edilir ki, bu sanksiyalar Rusiya Hərbi Sənaye Kompleksindən hərbi sursat alan dövlətləri də əhatə edə bilər. Orada belə bir məqam da yer alır ki, ayrı-ayrı dövlətlərin Rusiyanın silah asılılığından qurtarmaq üçün konkret addımlar atacağı təqdirdə sanksiyalar təxirə də salına bilər.

*****

Bəllidir ki, Rusiyanın silah alıcıları sırasında Azərbaycan və Ermənistan da yer alır. Ancaq Azərbaycan büsbütün Rusiya hərbi-sənaye kompleksindən asılı olan işğalçı ölkədən fərqli olaraq, bu məsələdə alternativ imkanlara malikdir. Bakı İsrail, Türkiyə, Belarus, Pakistan, Çin, Çexiya kimi dövlətlər hesabına özünün silahlanma siyasətini çoxdan şaxələndirib. Başqa sözlə, Rusiyanın forpostu Ermənistanla müqayisədə Azərbaycanın sanksiyalardan yayınma imkanları qat-qat yüksəkdir.

Sanctions ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bu arada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub. Nazir İzmir şəhərində keçirilən “Efes-2018" beynəlxalq təlimləri çərçivəsində qardaş ölkədədir.

*****

Trampın İranla bağlı son qərarı isə xüsusilə Ermənistan üçün yeni situasiya yaradır - hansı Ermənistan ki, son günlər küçə hərəkatının təzyiqi altında Nikol Paşinyanın baş nazir gətirilməsinin eyforiyasını yaşayır. Amma bu eyforiya çox tez keçəcək. Birinci ona görə ki, hakimiyyət başında kim olur-olsun, Qarabağ problemi, blokada rejimi, Rusiyadan vassal asılılığı dura-dura ölkədəki sosial-iqtisadi durumu köklü şəkildə yaxşılaşdırmaq, dərin islahatlar aparmaq, miqrasiyanı azaltmaq üçün Ermənistanda yetərli resursu yoxdur. Nikol Paşinyan uzağı, “stəkanda fırtına” yarada bilər.     

Məsələ həm də ondadır ki, böyük ehtimalla, “Yusif Sərrac” taleyi yaşayacaq gizli “qərbçi” Paşinyanın daha bir qayğısı elə Amerikanın özü ilə bağlı olacaq. Əsas da bu səbəbdən: İrəvan üçün iki strateji, himayədar ölkə olan Rusiya və İrana qarşı ABŞ-ın eyni vaxtda sərtləşən münasibəti və sanksiyaları üzündən (Tramp artıq İrana qarşı da tezliklə yeni sanksiyalar tətbiq olunacağını anons edib).

paÅinyan yerevan ile ilgili görsel sonucu

Yəni Paşinyan eyni vaxtda iki ciddi dilemma və ya seçimlə qabaq-qənşər qalacağı gün uzaqda deyil: Rusiya-ABŞ və ABŞ-İran dilemması. Yeni baş nazir bu dilemmaları necə çözəcək? Bir şey aydındır: çətin ki, onun “demokratik” imici bu dilemmaların həllində ona yardımçı olsun və Amerika üçün bir növ “yumşaldıcı” faktor rolu oynasın, ABŞ Rusiyanın orbitində qalan Ermənistan üçün hansısa istisnalar eləsin. Bu, elə bir məsələdir ki, ABŞ-ın erməni lobbisinin sözü və paraları da keçərli olmayacaq.      

Kəsəsi, Paşinyan Ermənistanı Kremlin siyasi-hərbi nüfuz dairəsində saxlamağa paralel Qərbin, ABŞ-ın ciddi dəstəyinə, sayğı-hörmətinə nail ola bilməz. Qərbə sarı kosmetik reveranslar isə bu dəfə yetərli olmaya bilər.

*****

paÅinyan yerevan ile ilgili görsel sonucu

Artıq işğalçı ölkəni gözləyən yeni və mürəkkəb dönəmlə bağlı erməni analitikləri SOS siqnalı verməyə başlayıblar. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am nəşrinin analitiki Aram Amatini bu xüsusda yazıb: “Ermənistanda cəmiyyət ümumxalq hərəkatının qələbəsini və yeni baş nazirin təyinatını bayram elədiyi bir vaxtda beynəlxalq miqyasda bilavasitə Ermənistana dəxli olan mühüm hadisələr baş verir. Prezident Tramp Amerikanın İranla nüvə anlaşmasından çıxdığını və bununla bağlı 6 ay ərzində Tehrana qarşı yeni sanksiyaların tətbiq olunacağını bəyan edib. Ağ Evin bu addımı mütləq İran üçün də, ona bitişik regionlar, o cümlədən şəksiz ki, Qafqaz və Ermənistan üçün də ciddi nəticələr doğuracaq”.

paÅinyan yerevan ile ilgili görsel sonucu

Erməni şərhçinin sözlərinə görə, Tehrana qarşı yeni ABŞ sanksiyaları İranın həm Yaxın Şərq, həm də Qafqaz istiqamətində mövqeyini zəiflədəcək: “Burada isə söhbət yalnızca Amerika sanksiyalarının təsiri altında məhdudlaşacaq Ermənistan-İran əlaqələrindən getmir. Məsələ ondadır ki, nüvə anlaşmasından sonra Qafqaz istiqamətində fəallaşmışdı və bu da situasiyanın balanslaşdırılması üçün mühüm faktor idi. Sual yaranır: Amerika sanksiyalarının təsiri altında İranın zəifləməsi balansın pozulmasına gətirməyəcək ki? İstənilən halda risklər ortadadır və Ermənistanın yeni rəhbərliyi bu risklər altında hərəkət eləməli, onlara reaksiya verməli olacaq. Bu, həqiqətən də qəliz durumdur. Eyni zamanda Vaşinqtonla işləmək olduqca vacib görünür. O anlamda ki, ABŞ-ın İranla münasibətlərinin qurulması məsələsində Ermənistanın obyektiv problemləri və maraqları nəzərə alınsın, onlara anlaşıqla yanaşılsın”.

*****

Ermənilərin narahatlığı anlaşılandır. Vaşinqtonun İrəvandan ötrü iki mühüm dövlət - İran və Rusiyaya qarşı xeyli sərtləşən münasibəti fonunda rəsmi İrəvan üçün “iki stulda oturmaq” siyasəti aparmaq mümkün olmayacaq. Artıq Ermənistanda postnarkoz dövrü də bitməkdədir - eyforiyanı köhnə ağrılar əvəzləməyə başlayıb. Paşinyanın işi həqiqətən qəliz olacaq. Bir yandan, daxildə - çiynində hakimiyyətə gəldiyi xalqın tələbləri, digər yandan da Rusiya və İranla bağlı strateji seçim eləmək zərurəti...

“Yeni Müsavat”ın  analitik xidməti


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net