Ana səhifə

Abşeronda icra başçısının qardaşı vətəndaşlara divan tutur

    Tarix: 24-04-2018 10:01   



Abşeronda icra başçısının qardaşı vətəndaşlara divan tutur

Prezidentin tapşırıqları Rövşənə şamil edilmir


Bir neçə saat öncə Realliqinfo.org saytında dərc olunan “Abşeronda icra başçısının qardaşı vətəndaşları hədələyir – Rövşənin qoçuluğu etirazlara səbəb olub” başlıqlı məqalədən sonra rayon icra hakimiyyətinin əməkdaşları Xırdalan qəsəbəsi “Köhnə bazar” adlanan ərazidə olublar.

İcra başçısının tapşırığı ilə əraziyə gələn icra nümayəndələrinin qanunsuz tikintilərlə bağlı çəkiliş aparıldığını müşahidə edən əməkdaşımız maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, onların tikintilərə baxış keçirdiyi zaman icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən də bazara gəlib və öz istəklərini ifadə edib. Rövşənin təzyiqləri və tələbləri ilə üzləşən icra əməkdaşları ərazini tərk etmək məcburiyyətində qalıblar. Sonradan məlum olub ki, Rövşənin tələbi ilə İradə xanıma yanlış məlumat verilib. Onu da qeyd edək ki, adıçəkilən məqalədən sonra icra başçısının digər qohumları Rövşənin haqlı olduğunu söyləməkdən çəkinmirlər.

Biz dəfələrlə icra başçılarının qohumlarının şəhər və rayonlarda özbaşınalıq etdiyini qeyd etmişik. Ölkə başçısı da daim məmurlara xəbərdarlıq edərək xalqı incitməməyi tapşırıb. Prezidentin hər dəfə qeyd etdiyi "Vəzifəli şəxslərin qohumları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək..."
Görünən həqiqət isə odur ki, Abşeronda Prezidentin tapşırığına və xəbərdarlığına məhəl qoyulmur. İcra başçısının qardaşı Rövşənin vətəndaşları incitməsi, özünü qanunlardan üst sayması, rayonda qanunsuz tikintilər aparması və yaranmış narazılıqları hədə-qorxu ilə susdurmağa cəhd etməsi rayonda etirazlara səbəb olub.

Abşeronda artan narazılıqların səbəbkarı olan Rövşənin əməllərinə hüquqi qiymət verilmir. Bu şəxsin bacısının icra başçısı olması hamını susmağa məhkum edib. Iradə xanımın qohumlarının özbaşınalığına biganə qalan aidiyyatı qurumlar vətəndaşların müraciətlərini cavabsız qoyurlar. Nəticədə Rövşən kimilərin toxunulmazlığı ciddi problemlərin yaranmasına şərait yaradır.

Biz realliqinfo.org olaraq Abşeronda başçının qohumları tərəfindən həyata keçirilən qanunsuzluğu geniş işıqlandırmağa çalışacağıq. Rayonda qanunsuz ev və obyekt tikilən zaman Rövşənin hadisə yerində peyda olması çox məqamlara aydınlıq gətirir. Rayonda heç bir səlahiyyətli vəzifə daşımayan şəxsin tikintilərə icazə verməsi həm gülünc, həmdə acınacaqlı vəziyyətdən xəbər verir. Köhnə bazar ərazisində baş verənlər buna misal ola bilər.


İcra başçısının toxunulmaz və sevimli qardaşının qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Qısa zamanda bu barədə ətraflı məlumat verəcəyik. Hazırda bir neçə sayt rəhbərinin, İradə xanımın qardaşı Rövşənin qanunsuz əməlləri ilə bağlı Prezidentə müraciəti hazırlanır. Redaktorlar Abşeronda artan narazılığın qarşısının alınması üçün ölkə başçısından tapşırıq verməsini xahiş ediblər.
Biz ümid edirik ki, cənab Prezident icra başçısının qardaşının, eləcədə digər qohumlarının özbaşınalığına hüquqi qiymət verilməsi üçün tapşırıq verəcək.

Realliqinfo.org 
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net