Ana səhifə

Eldar Namazovdan Rusiyadakı mart seçkisi ilə bağlı ilginc açıqlamalar

    Tarix: 17-01-2018 08:26   
Eldar Namazovdan Rusiyadakı mart seçkisi ilə bağlı ilginc açıqlamalar
“Rusiyada hər an fors-major hadisələr gözləmək olar”
ABŞ-ın iqtisadi durumu heç də yaxşı olmayan Rusiyaya qarşı növbəti sanksiyaları gözlənilir. Belə bir durumda hesab olunur ki, birinci şəxsin başqası ilə əvəzlənməsi dünyanın Rusiyaya münasibətini dəyişə və həm də şimal qonşumuzu ciddi kataklizmlərdən sığortalaya bilər. Seçkilər ərəfəsində olan Rusiya ilə bağlı Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazovla danışdıq. Həmsöhbətimizin şimal qonşumuzdakı mövcud durum və perspektivlərlə bağlı “Yeni Müsavat”a geniş müsahibəsini təqdim edirik:


- Eldar bəy, Rusiyadakı seçkidə yeni prezidentin seçilməsi nə dərəcədə gözləniləndir?

- Həqiqətən builki seçki Rusiya üçün də, dünya üçün də çox böyük önəm daşıyır. Onun nəticələrini hamı çox maraqla gözləyir. Bunun da bir neçə səbəbləri var. Birincisi, sanksiyalarla üzləşən Rusiyada əhalinin sosial durumu ildən-ilə pisləşir. Ekspertlər güman edirlər ki, nə vaxtsa bu, öz siyasi nəticələrini göstərməlidir, bu sosial narazılıq da özünü açıq müstəvidə büruzə verməlidir.

Rusiya hakimiyyəti də bundan çox narahatdır. Ona görə də məhz bu istiqamətdə ən effektli bir hazırlıq işləri aparan və kifayət qədər Rusiyada sosial baza yığa bilən, son dövrlərdə Rusiyanın 100 şəhərində mitinqlər təşkil edən Aleksey Navalnını, ümumiyyətlə, bu seçkiyə buraxmadılar. Rusiya prezidenti Vladimir Putin bir müddət öncə jurnalistlər üçün böyük bir mətbuat konfransı keçirdi. Orada Navalnının seçkiyə nə səbəbə buraxılmadığı barədə sualın cavabında Putin çox açıq şəkildə dedi ki, Rusiyada meydan hərəkatı təşkil etmək istəyən insanlara siyasətində yer yoxdur. Yəni bu, hüquqi, qanun çərçivəsində yanaşma deyil, sırf siyasi rəqibdən çəkinmək, qorxmaq əlaməti idi. Putin açıq şəkildə əsas səbəb kimi Navalnının bütün Rusiya boyu əhalinin böyük etiraz mitinqlərini təşkil etməyə qadir olduğunu göstərdi. Bundan başqa, digər bir vacib amil də odur ki, əhalinin böyük bir qismi artıq bu seçkiyə inanmır. Seçki yolu ilə Rusiyada nəyinsə dəyişə biləcəyinə inam azalıb. Bu da ona gətirib çıxarıb ki, ola bilsin builki seçkidə seçicilərin heç 50 faizi seçki məntəqələrinə gəlməsin. Məhz bu da Putinin gələcək qələbəsinin legitimliyini sual altına qoya bilər. Rus sosioloqların proqnozlarına görə, təqribən 52 faiz seçici seçkiyə gəlmək haqqında düşünür. Ancaq bu rəqəm ondan da az ola bilər. Nəzərə almaq lazımdır ki, Navalnı seçkiyə buraxılmayandan sonra “Seçkiləri boykot” şüarı ilə böyük kampaniya başlayır. Yaxın zamanlarda da bu kampaniyaya start veriləcək.

- Bu, nəticəyə həlledici təsir edəcəkmi?

“Seçki günü Rusiya Putindən sonrakı dövr haqqında düşünməyə və hərəkət etməyə başlayacaq”
- Əgər seçkiyə 50 faizdən aşağı seçici gəlsə, onların hətta 70-80 faizini Putin qazansa, yenə də deyiləcək ki, o, Rusiya seçicilərinin əksəriyyətinin iradəsini ifadə etməyib. Ona görə ki, ona verilən səslər heç Rusiya əhalisinin yarısını təşkil etmir. Bu perspektiv Kremli çox qorxudur. İndi onlar çıxış yolu axtarırlar ki, müxtəlif regionlarda, xüsusilə seçkiyə az maraq göstərən Moskvada, Sank-Peterburqda, Sibirdəki böyük şəhərlərdə inzibati üsullarla seçicilərin sayını artırsınlar. İndi dəb halını alıb, yerli hakimiyyət yerli məsələlərlə bağlı seçki günündə referendumlar təşkil edir. Məsələn, Moskva vilayətində qərar veriblər ki, həmin gün məktəblərdə 5 günlük, yoxsa 6 günlük iş rejiminin olması ilə bağlı referendum keçirsinlər. Bu yolla da onlar həmin məsələdə maraqlı olan valideynləri seçki dairələrinə seçki günü gətirmək istəyirlər ki, prezident seçkisinə də paralel səs versinlər və bu yolla seçkiyə gələnlərin sayı artsın. Moskvanın özündə də iki rayonun birləşdirilməsi barədə həmin gün referendum keçirmək qərarına gəliblər. Bu yolla da seçiciləri referendum xatirinə səsvermə məntəqələrinə gətirmək istəyirlər. Bütün bunlar göstərir ki, Kreml administrasiyasını bu amil çox ciddi narahat edir. Onlar istəyirlər ki, Putinə səs verənlərin sayı əhalinin sayından çox olsun, az olmasın.

Bu seçki ilə bağlı digər vacib amil odur ki, solçuların arasında çox maraqlı proseslər başlayıb. Adətən Rusiyadakı bütün seçkilərdə hakim partiyadan sonrakı yeri Kommunist Partiyası tuturdu. Bu dəfə Kommunist Partiyası seçkidə prezidentliyə namizəd kimi partiyanın üzvü olmayan, ancaq sol qüvvələr birliyinin üzvü olan tanınmış bir iş adamı Pavel Qrudininin namizədliyini irəli sürüb. Təsəvvür edin ki, kommunistlərin namizədi faktiki olaraq kapitalistlərdən biridir. Ona görə ki, onun Lenin adına sovxoz olmağına baxmayaraq, orada yalnız sovxoz onun adındadır. Əslinə qalsa, bu, səhmdar cəmiyyət, sırf kapitalist müəssisəsidir, bazar iqtisadiyyatı qanunları ilə işləyir. Həmçinin özləri üçün örnək model kimi Skandinaviya ölkələrində sosial-demokratların və sol partiyaların qurduğu sistemdir. Bu, o deməkdir ki, Rusiyanın Kommunist Partiyası da sosial-demokrat ideyası istiqamətində hərəkət etməyə başlayıb və Avropada solçular modelini əsas götürərək bu istiqamətdə transformasiya olmaq istəyir. Bu da qarşıdakı seçkinin maraqlı cəhətlərindən biridir. Rus kommunistləri kommunist sözündən imtina edib sosial-demokrat modelinə keçsələr, ola bilsin sol cinahda böyük bir qüvvə yaransın və gələcəkdə Putin hakimiyyətinə əsas siyasi opponent kimi məhz solçular birliyi çıxış etsin.

- Rusiyadakı hansısa fors-major situasiyada Putinin hakimiyyətdən uzaqlaşdırılması gözləniləndirmi? Doğrudanmı Putinsiz Rusiya dünya üçün daha cəlbedici və daha təhlükəsizdir?

- Rusiyada hər an fors-major hadisələr gözləmək olar. Xüsusən də bu ayın sonunda ABŞ Konqresinin hələ payızda qəbul etdiyi qərar əsasında Putin hakimiyyətinə yaxın olan oliqarxların, iş adamlarının siyahıları və onlara məxsus olan bank hesablarının, aktivlərinin, müəssisələrinin siyahısı Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən təqdim olunmalı, onun əsasında da həmin insanlara qarşı müəyyən sanksiyalar tətbiq olunacaq.

Bu, Rusiyanın biznes elitasını həddindən artıq narahat edən bir məqamdır. Rus oliqarxları artıq neçə həftədir öz lobbiçilərini ABŞ-da işə salıblar ki, özlərinin də adının həmin siyahıda olub-olmayacağını öyrənsinlər. Rusiyanın yüzlərlə, minlərlə imkanlı iş adamları xarici ölkələrdə vətəndaşlıq almağa başlayıb. Yalnız bir ölkədə, Maltada təqribən son bir ilin ərzində Rusiyanın 800-ə yaxın imkanlı iş adamı, milyonerləri 1 milyon avro miqdarında yatırım qoyub özləri və ailə üzvləri üçün vətəndaşlıq alıb.

Bir neçə həftə bundan əvvəl Malta hökuməti bununla bağlı hesabat yaydı və onların adı da açıqlandı. Ancaq Maltadan başqa belə siyasət yürüdən ölkələr kifayət qədər çoxdur. Söhbət Yunan Kiprindən, Avropa və Latın Amerikasındakı ölkələrdən də gedir. Onlarla belə ölkələr var ki, minlərlə rus milyonerləri oraya yatırım qoymalarının əvəzinə ailə üzvlərinə vətəndaşlıq haqqında sənədlər və pasportlar alıblar, beləliklə də özlərini sanksiyalardan sığortalamağa çalışırlar.

- Prezident Putin xalqını və ölkəsini daha fəlakətli vəziyyətlə üz-üzə qoymamaq üçün hakimiyyəti təhvil verə bilərmi?

- Yox, bu tipli liderlər heç vaxt könüllü surətdə hakimiyyətdən imtina etmirlər. Bu, gözlənilən bir hal deyil. Ancaq hamı başa düşür ki, seçki günü Putin qalib elan olunandan sonra artıq bütün Rusiya ondan sonrakı Rusiya haqqında düşünməyə və hərəkət etməyə başlayacaq. Ona görə ki, bu, artıq Putinin son seçki müddəti olacaq. Vaxtilə Putinə görə qanunvericilikdə dəyişikliklər etdilər və faktiki olaraq o, 18 ildir hakimiyyətdədir. Ancaq bütün bu dəyişikliklərə rəğmən artıq bu, onun rəsmən sonuncu seçkiləridir. Putin də başa düşür ki, bu, Rusiyanı düşdüyü bu ağır həm geopolitik, həm iqtisadi durumdan çıxartmaq üçün onun son şansıdır.

“Rusiyanın minlərlə imkanlı iş adamları xarici ölkələrdə vətəndaşlıq almağa başlayıb”
- "Rusiya baharı", yaxud yeni oktyabr inqilabı gözləniləndirmi? Yoxsa xarici basqılar, sanksiyalar, “xarici düşmən” amili əslində xalqı öz ətrafında birləşdirmək üçün Putinin faydasına işləyəcək?

- Biz Rusiyanın tarixini yaxşı bilirik. Bu tarixdə həmişə iki vacib amil bir-biri ilə uzlaşırdı. Rusiyada həmişə güclü, mərkəzləşmiş hakimiyyət olub. Demokratiya dövrünü Rusiya heç zaman, heç bir hakimiyyət dövründə yaşamayıb. Həmişə möhkəm əl - bu, ya imperator olub, ya çar, ya Mərkəzi Komitənin baş katibi olub, ya da indi onun adını prezident qoyurlar. Ancaq Rusiya həmişə möhkəm əlin ətrafında birləşib, hər zaman avtoritar üsul-idarə olub. İkincisi, daim Rusiyada üsyanlar olub, Puqaçovdan, Stepan Razindən tutmuş, bu günə kimi. Elə son dövrə baxsaq, 20-ci əsrdə Rusiyada 1905-ci ildə inqilab hərəkatı olub və çar hakimiyyəti güclə onun qarşısını ala bilib. 1917-ci ildə burjua-demokratik inqilabı olub, Çar hakimiyyətdən gedib. Onun dalınca bolşeviklər inqilab ediblər və təqribən 70 illik hakimiyyət qurublar. Ondan sonra növbəti dəfə imperiya dağılıb və yenə də hakimiyyət dəyişib. Yəni möhkəm əl, sərt hakimiyyət quruluşu Rusiyaya xas bir ənənədir. Ancaq eyni zamanda ona qarşı üsyanlar və belə quruluşların süqutu da Rusiya üçün bir ənənəyə çevrilib. Məhz ona görə də Aleksey Navalnı yeni hərəkata başlayanda, açıq şəkildə bu hakimiyyəti dəyişmək zərurətini elan edəndən və eyni vaxtda Rusiyanın 100 şəhərində mitinqlər təşkil edəndən sonra Kreml qəti qərara gəldi ki, onu seçkilərə buraxmasın. Putin də açıq-aşkar mətbuat işçiləri ilə görüşdə bu addımı məhz Navalnının Rusiyada yeni bir meydan yaratması və inqilab etməsi təhlükəsi ilə izah etdi.

“Bu tipli liderlər heç vaxt könüllü surətdə hakimiyyətdən imtina etmirlər”
- Rusiyadakı seçkilərin Azərbaycana təsirləri barədə nə deyə bilərsiniz?

- Əgər Rusiyadakı seçkilər dünyanın diqqət mərkəzindədir və o seçkilərin nəticəsi həm ABŞ-da, həm Avropada izləyirlərsə, nəticəsini gözləyirlərsə, təbii ki, Rusiya ilə qonşu ölkə olaraq onun təsiri bizə də çox güclüdür. Bu, məlum bir faktdır ki, Qafqaza gələndən sonra Rusiya imperiyasının hansı siyasət yürütdüyünü və Azərbaycan üçün bunun hansı nəticələr gətirdiyini biz Qarabağ münaqişəsində də, torpaqlarımızda erməni dövlətinin yaranmasında da, bu günə kimi də bu konfliktin həll olunmasında heç bir ciddi bir addım atılmamasında da görürük. Ona görə də bunlar hamısı Azərbaycan ictimaiyyəti üçün çox bəlli və məlum həqiqətlərdir.

Elşad PAŞASOY,
“Yeni Müsavat”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net