Ana səhifə

“YAP-çı deputat Aydın Mirzəzadə özündə cəsarət tapıb xalqın, camaatın içinə çıxsa...“

    Tarix: 11-10-2017 19:39   
“YAP-çı deputat  Aydın Mirzəzadə özündə cəsarət tapıb xalqın, camaatın içinə çıxsa...“

Aydın Mirzəzadə Mingəçevir camaatından niyə qaçır?

Deputat şəhərə seçicilərlə görüşə yox, qohum-əqrəbasına, burda fəaliyyət göstərən şadlıq evinə baş çəkməyə gəlir

Mətbuatda mütəmadi olaraq Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənin Mingəçevirdə seçiciləriylə görüşlər keçirdiyinə dair xəbərlər yer alır. Hətta seçicilərlə təşkil etdiyi görüşlərin sayına görə cənab Mirzəzadəni “rekordsmen” də hesab etmək olar. Bəs əslində vəziyyət necədir?

Deputatın Mingəçevirə nə zamanlar təşrif buyurması, seçicilər adı altında əslində kimlərlə görüşməsini aydınlaşdırmaq üçün qısa bir araşdırma apardıq.


Öncə qeyd edək ki, YAP Mingəçevir şəhər şöbəsində cənab Mirzəzadə üçün “Deputat otağı” yaradılıb. Deputatın köməkçisi şəhər icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Azər Hacıyevdir. Qəbulda iştirak etmək istəyənlərin qeydiyyatı şəhər İH-də, eləcə də YAP-ın yerli şöbəsində aparılır. Ancaq Aydın Mirzəzadənin yolunun şəhərə nə zaman düşməsi sirr kimi qorunduğundan qəbula demək olar ki, hər dəfə eyni adamlar qatılırlar. A.Mirzəzadə hər görüşdən sonra fəxrlə ona müraciət edənlərin sayında azalma müşahidə olunduğunu söyləyir. Əslində isə bu, Aydın Mirzəzadənin uğuru yox, ona olan inamsızlığın göstəricisidir. Problemi aşıb-daşan şikayətçilərin deputatı “gündüzlər əli çıraqlı gəzdikləri” bir vaxtda Aydın Mirzəzadənin bu sözləri söyləməsi həqiqətən çox utancvericidi.

Yeri gəlmişkən, nə sirdirsə deputatın “seçicilərlə görüşü” bir qayda olaraq şənbə günlərinə təsadüf edir. Yerli sakinlərin sözlərinə görə, deputat əslində vətəndaşları qəbul etməyə, onların dərd-sərini dinləməyə deyil, ata ocağına, bir də şəhərdəki obyektinə (“Firəngiz” şadlıq sarayı nəzərdə tutulur, A.Mirzəzadə obyekti mərhum anasının şərəfinə belə adlandırıb – A.) baş çəkməyə gəlir. Sonra da gedib Bakıdakı qəzetlərə, saytlara Mingəçevirdə seçicilərlə görüşdüyünə dair müsahibələr verir. Reallıqda isə deputat həmişə Mingəçevir camaatından qaçıb. Sakinlər deputatla görüşə və problemlərini çatdıra bilmirlər.
Bir sözlə, mingəçevirlilər A.Mirzəzadədən çox narazıdırlar. Əslində deputat hər dəfə onlarla görüşdən qaçmaqla əhaliyə olan münasibətini ortaya qoyur.
Bugünlərdə Aydın Mirzəzadənin Mingəçevirdə YAP-ın qərargahında seçicilərlə görüşəcəyi barədə məlumat aldıq. Şənbə günü olmasına baxmayaraq, deputatın qəbuluna düşmək istəyənlərin sayı elə də çox deyildi. Dəhlizdə qəbula gələnlərdən bir neçəsiylə söhbətləşdik. Bura toplaşanların çoxunun ilk dəfə deyil ki, deputatın qəbuluna gəldiyini öyrəndik. Onu da öyrəndik ki, cənab Mirzəzadə əvvəlki qəbullarda bir qədər yumşaq desək, həmin adamların hərəsinə bir tütək verib yola salıb. Qəbula gələn Zərinə Həbibova həyatının son 20 ildən çoxunu keçmiş əri ilə mülkiyyət çəkişmələrinə həsr edib. Məhkəmə süründürməçiliyindən bezmiş qadının sözlərinə görə, A.Mirzəzadənin qəbuluna bir neçə dəfə düşüb. Lakin bugünədək heç nəyə nail olmadığını deyən Zərinə xanım deputata növbəti dəfə dərdini söyləməklə sanki təsəlli tapdığını gizlətmir. Elşad Həsənov adlı başqa bir şikayətçi ali təhsilini bir neçə il öncə başa vurduğunu, iş tapmaq ümidiylə müraciət etmədiyi ünvan qalmadığını deyir: “Deputatla bu ilin əvvəlində görüşmüşdüm. Adımı, telefon nömrəmi yazıb götürmüşdü. Aradan aylar keçib. İndi iş məsələsinin nə yerdə olduğunu öyrənməyə gəlmişəm”.

Ümumiyyətlə, qəbula gələnlərin arasında işlə təminat, sosial məsələlərlə bağlı müraciətlərin, məmur özbaşınalığından şikayətlərin çoxluq təşkil etməsi diqqətimidzən yayınmadı. Vətəndaşları tez-tələsik qəbul edib günün ikinci yarısında Bakıya qayıtmağının vacib olduğunu söyləyən Aydın Mirzəzadənin “seçicilərlə daha bir görüşü” beləcə başa çatdı. Mingəçevirin və onun sakinlərinin problemləri isə yetərincədir.

Əgər Aydın Mirzəzadə camaatla görüşsəydi, Mingəçevirdə işsizliyin bir nömrəli problem olaraq qaldığından, işsizlikdən gənclərin mənəvi cəhətdən məhv edildiyindən xəbərdar olardı.

Əgər Aydın Mirzəzadə camaatla görüşsəydi, Kür çayından, Qarabağ kanalından götürülən suyun təmizlənmədən içməli su kimi əhaliyə baha qiymətə satılmasından xəbəri olardı.

Əgər Aydın Mirzəzadə camaatla görüşsəydi, vaxtilə özünün də çalışdığı Azərbaycan İES stansiyasında qəsəbənin yollarının bərbad olmağından xəbərdar oladı.

Əgər Aydın Mirzəzadə camaatla görüşsəydi, “nur şəhəri” Mingəçevir əhalisinin yay-qış elektrik enerjisiylə bağlı yaşadıqları problemlərdən xəbəri oladı.

Əgər Aydın Mirzəzadə camaatla görüşsəydi, şəhərin “Günəşli” adlanan ərazisində sakinlərin kanalizasiya sisteminin yoxluğu ilə bağlı üzləşdiyi problemlərdən, yaşayış yeri haqqında adi bir arayışı ala bilmək üçün çəkdikləri zillətdən, buranın adsız küçələrindən xəbəri olardı.
Əgər Aydın Mirzəzadə camaatla görüşsəydi, insanların məmur özbaşınalığından, məhkəmə süründürməçiyindən, bankların əsarətində zülm çəkdiklərindən, adi fəhlə, xadimə işinə düzəlmək üçün vətəndşlardan ağlasığmaz məbləğdə rüşvət tələb edildiyindən xəbərdar olardı. Yoxsulluqdan, işsizlikdən əziyyət çəkən, sosial problemlər məngənəsində boğulan insanların çıxış yolunu intiharda görmələrindən hali olardı. Şəhərdə olub-qalan bir neçə regional idarənin qonşu rayonlara köçürülməsindən, insanların yeganə istirahət yeri olan Kür çayının sahilinin bir neçə oliqarx məmur tərəfindən faktiki olaraq özəlləşdirilərək yerli sakinlərin üzünə qapadılmasından və s. xəbəri olardı.

Təbii, 4-cü çağıışdır Milli Məclisin mandatını daşıyan Aydın Mirzəzadənin bütün bu sadalananlardan xəbərsiz olması inandırıcı deyil. Sadəcə YAP-çı deputatın özündə bir qədər cəsarət tapıb xalqın, camaatın içinə çıxmağın zamanı yetişib.

Azər

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net