Ana səhifə

Ölkəmizin iqtisadi və siyasi həyatında möhtəşəm mərhələ - Kamaləddin Qafarov

    Tarix: 21-09-2017 10:45   
Ölkəmizin iqtisadi və siyasi həyatında möhtəşəm mərhələ - Kamaləddin Qafarov



“2017-ci il sentyabrın 14-də imzalanmış möhtəşəm saziş çağdaş Azərbaycan tarixinin ən önəmli, ən vacib və ən uğurlu səhifələrindən biridir. Azəri-Çıraq –Günəşli bloku üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanması Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının, ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin son illərdə əldə etdiyi ən böyük qələbə kimi dəyərləndiriləcək bir çəkiyə və əhəmiyyətə malik misilsiz bir uğurdur.”
Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləmişdir.

Millət vəkili bildirmişdir ki, saziş Azərbaycanın indiyədək imzaladığı 34 bu tipli saziş arasında icrası davam edən müqavilə üzrə hələlik növbəti yeganə sazişdir. Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də 30 il müddətinə imzalanmış müqavilənin - “Əsrin müqaviləsinin” başa çatmasına hələ 7 il qalır. İştirakçı şirkətlər artıq bu müqavilənin başa çatmasına 10 il qalmış ona investisiya, kapital yatırımı etməkdə maraqlı olmurlar. Bunun obyektiv səbəbləri vardır, çünki neft layihələri iqtisadiyyatın kapitalyönümlü sahələridir. Təkcə bir platformanın tikintisi, quyuların qazılması, infrastrukturların yaradılması və digər ehtiyaclar üçün 10 milyardlarla dollar vəsait tələb edilir.

Hasilatın artırılması üçün daim investisiya tələb olunur. Bu proses baş vermədikdə, hasilat hiss ediləcək dərəcədə azalır. Son beş ilə nəzər salsaq görərik ki, ölkə üzrə neft hasilatı ildə 900 min ton azalmağa doğru meyllənmişdir.

Həm qoyulan vəsaitin çıxarılması, həm mənfəətin götürülməsi, həm banklardan götürülən vəsaitlərin marja ilə qaytarılması və risklərin nəzərə alınması hesabı ilə əcnəbi şirkətlər düşünürdülər ki, artıq “Əsrin müqaviləsi”nə kapital yatırmaq riskli bir işdir və buna görə yatırım etməkdə maraqlı deyildilər. Nəticədə hər iki tərəf, yəni həm Azərbaycan, həm də şirkətlər uduzurdu.

K. Qafarov qeyd etmişdir ki, Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev çox düzgün olaraq müəyyən etmişdir ki, yaranmış vəziyətdə yeganə çıxış yolu köhnə sazişi uzatmaqdan yox, yeni bir sazişin bağlanmasından keçir. Əvvəlki sazişin uzadılması müvafiq şirkətlərin lehinə, Azərbaycanın isə, necə deyərlər, əleyhinə idi. Biz çox şadıq ki, sonda Azərbaycanın iradəsi ilə yeni saziş reallaşdı.

Millət vəkili daha sonra demişdir: “Azəri-Çıraq –Günəşli bloku üzrə yeni hasilatın pay bölgüsü sazişi Azərbaycana nə verəcək? Hər şeydən əvvəl, razılaşmaya görə ölkəmizə 3,6 milyard dollar məbləğində mərhələlərlə bonus veriləcək. Bu məbləğ Azərbaycanın indiki büdcəsinin üçdə birindən də çoxdur. Sazişin reallaşması üçün buraya 40 milyard dollardan artıq vəsait yatırılacaq. Azərbaycanın pay bölgüsü 11, 6 faizdən 25 faizə yüksəlib.Bu isə o deməkdir ki, bundan sonra ARDNŞ-nin gəlirləri 2,4 dəfə artacaqdır.

Azərbaycan 1994-cü ildəki ölkə deyil. Əvvəlki illərdən çoxlu köklü, fərqli dəyişikliklər olub. Azərbaycan “Əsrin müqaviləsindən” 125 milyard dollar gəlir əldə etmişdir. Bu illər ərzində 3 mindən çox məktəb, 600 –dən çox xəstəxana, 100-ə yaxın qaçqın şəhərciyi və məntəqəsi inşa edilmişdir. İndi ölkəmizin 40 milyard dollardan valyuta ehtiyatı vardır.

Kamaləddin Qafarov demişdir ki, sanki təbiət də ölkəmizdən öz səxavətini əsirgəmir. 1994-cü idə Azəri-Çıraq –Günəşli blokunda 500 milyon ton neft olduğu proqnozlaşdırılırdı. Amma keçən 23 illik istismardan, 436 milyon ton neft hasil edildikdən sonra məlum olmuşdur ki, bu blokun hələ 500 milyon tondan artıq xammal ehtiyatı vardır.

Millət vəkili Kamaləddin Qafarov sonda deyib: “Azəri-Çıraq –Günəşli bloku üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanması ölkəmiz qarşısında yeni qlobal inkişaf perspektivləri açır. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyatın diversifikasiyası üçün çox böyük imkanlar və real şərait yaranır. Əslində, bu saziş ölkə iqtisadiyyatının, bütövlükdə bütün Azərbaycanın dinamik inkişafı üçün yeni istiqamətlər, üfüqlər aşır, ölkəmiz yeni tərəqqi dövrünə qədəm qoyur. Bu münasibətlə bütün həmvətənlərimizi ürəkdən təbrik edir və qarşıda duran böyük vəzifələrin yerinə yetirilməsi yolunda hamımıza böyük-böyük uğurlar arzulayıram”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net