Ana səhifə

Bakı Meriyasının “tender kralı” Vidadi Zeynalovla gizli iş birliyində: “Rabitə işi” ilə bağlı ilginc detallar

    Tarix: 25-07-2017 08:49   
  Bakı Meriyasının “tender kralı” Vidadi Zeynalovla gizli iş birliyində: “Rabitə işi” ilə bağlı ilginc detallar
Dövlətin milyonlarını mənimsəyən Vidadi Zeynalov Ramazan Məmmədovun əli ilə azadlığa çıxmaq istəyir
Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun dövlətə vurduğu ziyanın bir hissəsini ödəməsi ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda qeyd edilirdi ki, Vidadi Zeynalov əvvəlcə 2, 2 milyon manat ödəyib və hazırda dövlətə 2 milyon manat borcu var. Bildirək ki, bundan əvvəl də “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən bir neçəsinin dövlətə vurduğu ziyanı ödəmələri barədə məlumat yayılmışdı .
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmaya görə, Vidadi Zeynalovun ödədiyi 2,2 milyon manatı Bakı şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Məmmədovun verdiyi deyilir. Bildirək ki, Vidadi Zeynalovun vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailəsi 2,2 milyon borcu ödəmək üçün yaşadıqları evi satıb. Vidadi Zeynalovun ailəsinə yaxın olan mötəbər mənbənin mediaya ötürdüyü məlumata görə, keçmiş aparat rəhbərinin evini, ortağı Ramazan Məmmədov alıb. Məlumatlı şəxs bildirir ki, Ramazan Məmmədov həmin evə sahiblənmək üçün yox, sadəcə ortağına kömək göstərmək üçün bu addımı atıb. 2 milyon manata “satılan ev” yenə də Vidadi Zeynalovun ailəsinə məxsus olaraq qalacaq. Məlumatlı şəxsin iddiasına görə, Vidadi Zeynalovun ortağı Ramazan Məmmədovun keçmiş aparat rəhbəri ilə çoxlu sayda ortaq biznes obyektləri var. Hətta aparat rəhbəri həbsdə ola-ola Ramazan Məmmədovun paytaxt rayonlarının birində böyük bir ərazini satın alaraq, orada Vidadi Zeynalovla şərikli ticarət obyekti tikəcəyi ilə bağlı məlumatlar dolaşmaqdadır. İddiaya görə, Ramazan Məmmədov ortağının həbsdən qurtulması üçün dəfələrlə hakimiyyətin yuxarı instansiyaları ilə danışıqlar aparsa da sonda istədiyi cavabı ala bilməyib. Zeynalovlar ailəsinə yaxın olan şəxsin bildirdiyinə görə, biznesini Türkiyəyə və Rusiyaya köçürən Ramazan Məmmədovun aparat rəhbəri ilə şərikliyi həmin ölkələrdə də yüksək səviyyədə davam edir.
Bildirək ki, cumhuriyyet.az olaraq məsələ ilə bağlı mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlardan onu da öyrəndik ki, Ramazan Məmmədov uzun müddət Bakı şəhəri icra hakimiyyətinin tenderlərini həyata keçirib. Çoxsaylı tenderləri “udan“ bu şəxsin ləqəbinin “tender kralı” olduğu bildirilir. Hər zaman səxavətli olması ilə öyünən Hacı Ramazan Məmmədov bütün gördüyü işlərdə arxa planda qalmaqla, özünü gizlədə biləcək istedada malik insan təsəvvürü yaradır. Yenicag.az-ı məlumatlandıran şəxsin bildirdiyinə görə, Ramazan Məmmədov Vidadi Zeynalovun azadlığı üçün bəzi dairələrə 30-50 milyon manat arasında pul təklif edib. Bunun “tender kralı” Zeynalovlar ailəsi ilə söhbətində dilinə gətirdiyi deyilir: “Ramazan Məmmədov gecə-gündüz hakimiyyətin müxtəlif kanalları ilə təmasda olur. Hacı Ramazan yaxın adamlarına açıq-aşkar bildirib ki, Vidadi Zeynalovun həbsdən azad olunması üçün lazım olsa, 30 milyon verməyə hazırdır. “Tenderlər kralı”nın eyni təklifi bir neçə vəzifəli şəxsə də müraciət etdiyi qeyd olunur. İnformasiya mənbəmiz iddia edir ki, hazırda hakimiyyət dairələrində Ramazan Məmmədovun əsas çıxış kanalı Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur. Lakin “MTN işi”ndə və “Rabitə işi”ndə Əli Əsədovun adının davamlı olaraq hallanması, bir zamanlar çox qüdrətli olan prezident köməkçisinin nüfuzunu hakimyyət içində xeyli zəiflədib. Mənbə AzFakt.com-a bildirib ki, bundan sonra heç bir qalmaqallı işdə yer almaq istəməyən Ədi Əsədov Ramazan Məmmədovun Vidaid Zeynalovla bağlı təklif və xahişlərini geri çevirib və bu məsələyə qarışa bilməyəcəyini açıq deyib. Patronunun onu geri çevirməsindən sonra isə Ramazan Məmmədovun başqa qapılar döydüyünü, lakin hələ də müsbət cavab ala bilmədiyi bildirilir”.
Məsələ ilə bağlı APA-ya danışan V. Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib. Qeyd edək ki, Dövlət ittihamçısı təqsirləndirilən B.Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
Xatırladaq ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub, yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq, 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq, B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirtdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq, müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq, telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin özünəməxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş, ümumilikdə, 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək, nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətiimkan tədbiri seçilib.
Buradan belə məlum olur ki, Vidadi Zeynalovun adından dövlətə ödənilən 7 milyon 330 min 536 manat ziyanın yarısından çoxunu “tender kralı” Ramazan Məmmədov ödəyib. Beləliklə, 2 milyon manata Vidadi Zeynalovun evini alan “tender kralı” özündən daha 3 milyon manat verərək, Rabitə nazirliyinin keçmiş aparat rəhbərinin dövlətə vurduğu ziyanın 5 miyon manatdan çoxunu ödəyib.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Cumhuriyyet.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net