Ana səhifə

Parlament növbədənkənar toplandı

    Tarix: 14-06-2017 09:09   

 Parlament növbədənkənar toplandı

Bir sıra qanun layihələrinə düzəliş olundu; partiyaların maliyyə hesabatı verməməsi yenidən gündəmə gətirildi

Parlament rəhbərliyindən deputatlara sərt xəbərdarlıq: “Kimin özəl söhbəti varsa, çölə çıxsın!”

İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclasa sədrlik edən spiker Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyində 38 məsələ var, ona görə də birbaşa məsələlərin müzakirəsinə keçildi.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov müzakirəyə çıxarılan “Bədən tərbiyəsi və idman haqqında” qanunlara nəzərdə tutulan dəyişiklik barədə məlumat verərək bildirdi ki, dəyişiklik əsasən idmanda dopinqlə bağlı olan məsələdir. Deputat Qüdrət Həsənquliyev qeyd etdi ki, dopinqdən istifadə edən insanların ekranda təbliğ edilməsi normal deyil, dünya təcrübəsində də belədir.


Deputat Fazil Mustafa da bu problemdən bəhs etdi: “Bəzən məlum olur ki, idmançı 3, 5 və 7 il öncə dopinqdən istifadə edib. Ölkə prezidenti isə onlara etimad göstərərək mükafat verilməsini təmin edib. Niyə bu pullar havaya getsin? Həmin idmançılar cəmiyyəti, prezidenti, idman ictimaiyyətini aldadıblar. Bir qisim adamlar var ki, pullar onlara getdi. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır”.
Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik qəbul edildi.


“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. H.Rəcəbli bildirdi ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.


Qüdrət Həsənquliyev bu qanunun qəbuluna ehtiyac olmadığını bildirdi: “Bu qanun sığorta təşkilatlarına pul qazandıracaq. Qanun layihəsində qeyd olunub ki, sığorta ödənişi alan bir şəxs iki dəfə iş təklifindən imtina edəcəksə, o, işsizliyə görə müavinət hüququndan məhrum olacaq. Azərbaycanda əhalinin gəlirlərinin 49%-i vergi və sosial sığrota haqlarının ödənilməsinə yönəldilir. Bu çox yüksəkdir. Məhz buna görə də ”qara mühasibatlıq" var və sahibkarlar işçiləri ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyil. Hesab edirəm ki, onlar işsizliyə görə müavinət ödəməli olsalar, bu halların sayı daha da artacaq".


Qənirə Paşayeva xeyli sayda insanın əmək müqaviləsi olmadan işlədilməsindən narahat olduğunu dedi: “Bundan başqa, insanların əmək haqları azaldılır. Məsələn, 500 manat məvacib alan insanın maaşı dəfələrlə azaldılır. Həm əmək müqaviləsi olmadan işləyənlərin, həm də məvacibləri azaldılan insanların pensiyası necə olacaq? Belə çıxır ki, bu qanun əmək müqaviləsi olan insanların xeyrinə olacaq. Biz əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən şirkətlərin cərimələnməsini görmürük”.


Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsinin məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir. Qanun layihəsi I oxunuşda səsə qoyularaq qəbul edildi.


İclasın növbəti hissəsinə sədrlik edən Milli Məclisin sədr müavini Bahar Muradova müzakirələr zamanı bəzi deputatlara iclasda sakitliyə riayət etməmələrinə görə irad tutub: “Kimin özəl söhbəti varsa, çölə çıxsın! Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”.


Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı söz alan deputat Qüdrət Həsənquliyev Bakıda gedən məhkəmə prosesində bəzi obyektlərin və mülklərin hansı qiymətə alındığının şahidi olmağımız barədə danışdı: “Bu gün bazar dəyərindən dəfələrlə ucuz qiymətə 60-70 min manata alınıb. Ancaq bunun real qiyməti haradasa 10 milyon manat civarında olub. Bu, müsadirə olunmalıdır. Ancaq bununla belə, mülk müsadirə edilən zaman vətəndaşa dəyən ziyan da kompensasiya edilməlidir və qanunda bu da öz əksini tapıb”.




Q.Həsənquliyev əlavə etdi ki, vətəndaşlar da bu məsələdə ayıq olmalıdır: “Bilməlidir ki, haradan və hansı mülkü alır. Baha yerdən ucuz qiymətə mülk alanda sonda hansı problemlərlə üzləşəcək”. Deputat ilginc bir məqamı vurğuladı. Bildirdi ki, bu gün bəzi dövlət obyekti simvolik olaraq 1 dollara da sahibkara satılır: “Bunlar ona görə edilir ki, həmin obyektə sərmayə yatırılacaq. Ona görə də məcəllədə nəzərdə tutulan dəyişiklik tamamilə doğrudur və yerində olan dəyişiklikdir. Bir daha təkrar edirəm ki, vətəndaş mülk alanda aldığı mülkün real qiymətini əvvəlcədən bilməlidir ki, sonda hər hansı problemlə üzləşməsin”.


Daha sonra deputatlar “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklikləri müzakirə etdilər.


Deputat Siyavuş Novruzov dedi ki, terrorizm anlayışının açıqlaması düzgün verilməyib: “Hesab edirəm ki, BMT bununla bağlı ayrıca konvensiya qəbul etməlidir”.

O qeyd etdi ki, Azərbaycan prezidenti bununla bağlı bir neçə il öncə məsələ qaldırıb. Deputat indi terrorizmin hədəflərinin dəyişdiyini bildirdi: “Əvvəllər terrorizm fərdlərə qarşı yönəlirdisə, indi dövlətə, əhaliyə qarşı yönəlib. Məsələn, vaxtilə ASALA Türkiyə diplomatlarını hədəf seçirdisə, indi uşaq bağçaları hədəf seçilir. İranda törədilən son teraktlar göstərdi ki, bu, parlamentə qarşı yönəldilib”.


S.Novruzov iclasda bir sıra siyasi partiyaların maliyyə mənbələrini gizlətməsindən də danışdı. Dedi ki, hər bir məsələnin mərkəzində maliyyə dayanır: “Əgər maliyyə təminatı olursa bu və ya digər şəkildə cinayətə əl atmış olurlar. Biz həm siyasi partiyaların, həm QHT-lərin maliyyələşməsi ilə bağlı bəzi qanunlara baxmalıyıq. Baş Prokurorluq bu yaxınlarda açıqladı ki, bəzi siyasi partiyalar maliyyə mənbələri haqqında məlumat vermirlər. Biz vaxtilə bir sıra qanunlara dəyişiklik etdikdə Avropa strukturları və mətbuat bizim haqqımızda yazılar yazmağa başladı. Bu yaxınlarda bir partiya sədrinin müavininin bir il ərzində neçə dəfələrlə başqa ölkələrə səfərlər etməsi, banklardan pul çıxarması məsələsi gündəmə gəldi. Kim öz nizamnamə tələblərindən çıxırsa, onun haqqında da çox ciddi şəkildə qərar qəbul etməliyik. Partiyalar maliyyə hesabatından ”0" rəqəmi göstərirlər. Amma görürsən ki, aparatında kifayət qədər adam çalışır, cangüdənləri, maşınları var. Ona görə də bəzi qanunlarda sərtləşdirmə aparmalıyıq".


Digər deputat Elman Nəsirov bildirdi ki, BMT “beynəlxalq terrorizm nədir” sualına hələ də cavab tapmayıb: “İran kimi təhlükəsizliyə xüsusi diqqət yetirən dövlətdə baş verən son hadisələr göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb”.


İclasda yaz sessiyasında yenidən işlənmək üçün geri qaytarılan Torpaq Məcəlləsinə dəyişiklik layihəsinə da baxıldı.
Layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir. Layihə səsverməyə çıxarılaraq qəbul olundu.


Deputat Zahid Oruc vətəndaşları narahat edən məsələyə diqqət çəkdi: “Yeni hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki kirayə haqqı ödənilir”. O bildirdi ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: “Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-tikinti kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxır. Bir də 5-7 ildən bir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”. Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz etdilər.


“Təhsil haqqında” Qanuna dəyişiklik məsələsi də ciddi müzakirələrə səbəb oldu. Qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirdi ki, üç dəyişiklik nəzərdə tutulur: “Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta ixtisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyət tərəfindən təşkil olunacaq. Bildiyiniz kimi, ildə 70-80 min abituriyent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul oluna bilmirlər. Onlar müəyyən bal toplasa da bakalavr pilləsinə qəbul oluna bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituriyentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Hazırlıq kursları bitirən şəxslər müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəffəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbul məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək”. B.Əliyev onu da əlavə etdi ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur.


Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituriyentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələyə spiker Oqtay Əsədov reaksiya verdi: “Nə üçün biz istənilən məsələdə hansısa xoşagəlməz məqamlar axtarırıq? İldə 70-80 min abituriyent imtahan verir və onun hardasa 40 mini tələbə adını qazanır. Qalanaları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituryent tələbə adını ala bilməyib. Onların 20 mini xarici ölkəyə üz tutub. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur”.


Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutulan dəyişikliyi təqdir edərək bildirdi ki, bununla da külli miqdarda valyuta ölkədə qalacaq: “Bu gün Azərbaycanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər də elə də reytinqli ali məktəblər deyil. Ora üz tutanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm”. Deputat sonda onu da bildirdi ki, Azərbaycan region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır.


Azərbaycanda məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə də, dövlət tərəfindən müsadirə ediləcək. Bu barədə məsələ Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir. Əlavəyə əsasən, nəzərdə tutulan əmlak məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərinin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Layihədə qeyd olunub ki, 3-cü şəxsə verilmiş əmlakın bağışlandığı və ya bazar dəyərindən aşağı satıldığı halda vicdanlı sahibkarın hüquqları qorunmaqla hər bir halda müsadirə üçün əsaslar müəyyən edir. Dəyişiklik səsə qoyularaq qəbul edildi.


Elşad PAŞASOY

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net