Ana səhifə

Ziya Məmmədovun adı növbəti üşvət qalmaqalında - həbs təhlükəsi

    Tarix: 12-06-2017 09:08   


 Ziya Məmmədovun adı növbəti üşvət qalmaqalında - həbs təhlükəsi
Sabiq məmurların başı böyük dərddə...; Keçmiş nəqliyyat naziri və müavini Arif Əsgərov tenderdə milyonlarla vəsaiti oğurlayıb, dövlətə kələk gəliblər; İsveç Prokurorluğundan sonra Dünya Bankı da imzalanmış müqaviləni yoxlayır...

Fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğvindən sonra həm Ziya Məmmədov, həm onun müavini Arif Əsgərov hakim komandadan uzaqlaşdırıldı. Nəqliyyat nazirinin digər müavini Musa Pənahov birləşdirilmiş Rabitə, İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyində müavin statusunu qoruduğu halda Z.Məmmədovla A.Əsgərovun sıradan bir vəzifəyə təyinat almamalarının səbəbi haqda hər gün yeni məlumatlar üzə çıxır.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri A.Əsgərovun fəaliyyət göstərdiyi 6 il ərzində (2009-2015) ölkəmizin dəmir yolu təsərrüfatını bərbad hala salmasına, külli miqdarda yeyintilərə yol verməsinə baxmayaraq 2015-ci ildə Z.Məmmədov onu özünə müavin təyin etdirərək qorudu. Doğrudur, hələ o zaman belə iddialar da vardı ki, A. Əsgərov naziri şantaj edərək, üzə çıxan 48 milyonluq yeyintini təkbaşına etmədiyini və həbs olunacağı təqdirdə onu da “özü ilə aparacağını” dediyi üçün nazir müavini statusu alıb.
A.Əsgərov o vaxt canını qurtara bilsə də, indi elə bil qalmaqalla üzləşib ki, həm sabiq nazir, həm onun ən yaxın adamı hətta real həbs təhlükəsi ilə üzləşiblər. Üstəlik, sabiq məmurların üzə çıxmış əməlləri ilə ölkəmizin bir neçə milyonluq iri layihələrdən kənarda qala biləcəyi müzakirə mövzusudur.



Belə ki, Dünya Bankı “Azərbaycan Dəmir Yolları” ASC ilə Kanadanın qlobal “Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb. Bu barədə Kanadanın “The Glob and Mail” qəzeti yazır ki, Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır.(virtualaz.orğ). 340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq “otkat” alındığını müəyyən edərək “Bombardier” şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib. Həmin müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” ASC Z.Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-nin sədri vəzifəsini isə A.Əsgərov yerinə yetirirdi.


Xəbərdə bildirilir ki, əgər Dünya Bankı “Bombardier”lə sabiq məmurlar arasında hansısa korrupsiya sövdələşməsini aşkar edərsə, Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.
Dünya Bankı Azərbaycanda dəmir yollarının yenidən qurulması layihəsinin əsas kreditorudur.


Xatırladaq ki, Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen korrupsiya qalmaqallarına görə ötən ay vəzifəsindən istefa verib.




Dünya Bankından əvvəl İsveç hüquq-mühafizə orqanları bu işlə bağlı araşdırmanı iki ay əvvəl başlayıb. Müəyyən edilib ki, əslində sözügedən tenderə bir neçə başqa şirkət də qatılıbmış və onlar siqnalizasiya avadanlıqlarının təchizatı, quraşdırılması üçün daha aşağı qiymət təklif ediblərmiş. Lakin tenderi keçirənlər (yəni A.Əsgərovun rəhbərlik etdiyi QSC) “Bombardier”ə üstünlük verib.




Korrupsiya sövdələşməsi nəticəsində siqnalizasiya avadanlıqları əvvəlcə Londonda qeydiyyatdan keçmiş “Multiserv Overseas” şirkətinə satılıb, sonra həmin şirkət avadanlıqları 5.5 dəfə baha qiymətə “Azərbaycan Dəmir Yolları” ASC-ə satıb. Bu sövdələşmədən 80 milyon dollar “otkat” götürülüb, onun 56 milyon dolları Azərbaycan məmurlarına çatıb. “Multiserv Overseas” şirkəti isə Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Aleksandr Yakuninə bağlıdır və fəaliyyətinə onun oğlu rəhbərlik edir. Sövdələşmənin tərkib hissəsi olaraq siqnalizasiya sistemlərinin quraşdırılmasını “Bombardier”in Rusiya törəmə şirkəti həyata keçirib. Bu korrupsiya qalmaqalı “Panama sənədləri”nin köməyi ilə araşdırmaçı jurnalistlər tərəfindən üzə çıxarılıb. Göründüyü kimi, A.Əsgərov-Z.Məmmədov və rusiyalı məmur “triosu” milyonlarla vəsait qazanaraq əslində dövlətə kələk gəliblər. Prokuror Tomas Forsberqin sözlərinə görə, təyyarə və dəmir yolu avadanlığı istehsal edən “Bombardier”in bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər.


İsveç prokuroru Tomas Forsberg bu qalmaqaldan danışarkən çox ilginc məlumat açıqlayıb. O deyib ki, məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər (yəni Azərbaycan-"YM) əməkdaşlıq etməlidir.


İsveç prokurorluğunun dəlilləri əsasən, “Bombardier”in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir.
Xəbərdə əsas narahatlıq doğuran, əlbəttə ki, Dünya Bankının araşdırması və Azərbaycan hökumətinə sanksiya verə biləcəyi ehtimalıdır. Söhbət korrupsiyaya bulaşmış bir şirkətdən getsə belə, müzakirə mövzusu maliyyədir. Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Dünya Bankı indiyə qədər 55 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3 milyard dollardan artıq kreditin ayrılmasını təsdiqləyib. Hazırda 11 layihə həyata keçirilir. Z.Məmmədov və A.Əsgərovun “korrupsiya layihəsi” isə Azərbaycanın imicini Dünya Bankı kimi iri kreditorun nəzərində ciddi zədələyib.


“Yeni Müsavat”da belə xəbərlər də var ki, beynəlxalq qalmaqalla bağlı A.Əsgərovun QSC-də sədr olduğu illəri əhatə edən yeni təhqiqata start verilib. Nə Z. Məmmədovun, nə də A.Əsgərovun müdaxilə edə bilməyəcəyi bu yoxlamalar isə onların sonunu gətirə bilər.


“YM”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net