Ana səhifə

PUTİNLƏ TRAMP ARASINDA SÜRPRİZ GÖRÜŞ- Liderlər bir araya gəlir: Kreml "İran kartından" necə xal qazanmaq istəyir?

    Tarix: 29-06-2018 09:54   

K.Eggert,

“Deutsche Welle”(Almaniya)

Birləşmiş Ştatların prezidenti böyük jestlər etməyi sevir. O, özünü istənilən adamı istənilən məsələdə razı salmağa qadir hesab edir. Stereotipləri qıran siyasətçi obrazı yaratmağı da sevir.

Qərarları tək verməyi də xoşlayır ki, onun avoritar liderlərlə ünsiyyətə marağı da buradan qaynaqlanır. Amma etiraf etmək lazımdır ki, Tramp heç də axmaq deyil. O, özü öyrənən istedadlı siyasətçidir.

2020-ci il seçkilərində yenidən seçilmək üçün indidən hazırlıq görür. Və görünən odur ki, bu onda heç də pis alınmayacaq.

Kremldə başa düşüblər ki, Trampla böyük ehtmalla, 6 ildən artıq üz-üzə gəlməli olacaqlar.

Son 18 ayda ABŞ administrasiyası Rusiyadakı rejimə gözlənildiyindən daha böyük təzyiq göstərdi. Onlarla diplomatın ABŞ-dan çıxarılması, Rusiya konsulluğunun qapadılması, bir neçə dəfə sanksiya tətbiq olunması, Ukraynaya silah göndərilməsi, hərbi xərclərin artırılması və kosmik qoşunları yaratmaq planı – bütün bunlar Kremlin mövqelərinə zərbə idi.

Putin özünün ənənəvi “biz heç kimdən heç nə xahiş etmirik” yanaşmasını dəyişməli oldu. ABŞ prezidenti ilə görüşün təşkilinə kömək etməsi üçün Avstriya kansleri Sebastyan Kurtsa məhz Putin ağız açdı. Tramp razılıq verəndən sonra Rusiya prezidenti Moskvada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirini – statusuna görə özündən bir neçə pillə aşağıda olan Con Boltonu qəbul etdi.

Rusiya prezidenti pis psixoloq deyil. Trampa xahişlə müraciət edəndə o, oyun oynayır. Və çox güman ki, bu oyunu sammitdə də “Obamanın, avropalıların və ukraynalıların yaratdıqları problemləri yalnız siz cənab Tramp həll edə bilərsiz” deyərək davam etdirəcək.

Bəlkə də Putin Trampı valeh edə biləcək. Amma o halda ki, ABŞ prezidenti özü bunu istəsin. O, ruslara da, Qərb ölkələrinə də sübut etməlidir ki, Rusiyanın izolyasiyasından söhbət getmir.

ABŞ və Rusiya prezidentlərinin görüşündən nəyi gözləmək lazım olmadığını indidən demək olar. Birincisi, Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Çünki Rusiyaya qarşı məlum addımlar Trampın yox, Konqresin təşəbbüsüdür.

Bundan başqa, Vaşinqtondan aşağıdakıları gözləməyə dəyməz – Krımın ilhaqını tanıyacağını, Mərkəzi Avropa ölkələrində raket əleyhnə müdafiə obyektlərinin yerləşdirilməsi planından vaz keçəcəyini.

Rusiyadan isə bunları gözləmək yersizdir – rus qoşunlarının Ukraynanın şərqindən çıxmasını, Minsk sazişinə əməl etməyə başlayacağını.

Bəs nə gözləmək lazımdır? Məsələn, ABŞ-da və Rusiyada qapadılan konsulluqların fəaliyyətlərinin bərpa olunmasını. Əgər tərəflər razılığa gəlsə, Tramp heç kimi gözləmədən bu qərarı təkbaşına verə bilər.

Putinlə Trampın birgə qəbul edəcəyi deklarasiyada isə böyük ehtimalla, Kremlin ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi məsələsinin birdəfəlk qapadılması əksini tapacaq. Və bundan sonra bununla bağlı heç bir addım atılmaması razılaşdırılacaq.

ABŞ prezidenti çətin ki Putindən Suriya ilə bağlı mövqeyini dəyişməsini istəsin. İndiki vəziyyət onu tamamən qane edir. Bir şərtlə ki İsrailin təhlükəsizliyinə təhdid yaranmasın.

Bəşər Əsədin istefası ilə bağlı tələb sakitcə gündəmdən çıxarılıb.

Putin üçün iki mövzu əsas olacaq. İrana münasibətdə Vaşinqtonun gələcək siyasəti və dünya energetikasının durumu.

Moskvada başa düşüblər ki, Tramp İsrailin və Səudiyyənin yaxından dəstəyi ilə Tehrandakı molla rejimi ilə konfrantasiya kursu tutub.

Putin Səudiyyə ilə münasibətlərini aktiv şəkildə yaxşılaşdırır. Görünən odur ki, Rusiya lideri Vaşinqton-Tehran qarşıdurmasına dair özünün neytral mövqeyini Trampa baha qiymətə satmaq istəyəcək.

Ağ Evin isə Moskvaya təklif edəcək xüsusi nəyisə yoxdur. Tramp və müşaviri bilir ki, Putin iranlıların tərəfində durmayacaq. Çünki bu halda özünü əvvəlkindən də böyük problemin içinə atmış olar.

Donald Tramp hətta istəsə belə, ABŞ-ın Rusiyaya qarşı siyasətini təkbaşına dəyişmək iqtidarında deyil. Putin də öz siyasətini dəyişmək istəmir. Çünki bu siyasət ona ölkəsində siyasi dividendlər qazandırır. Qərblə arqressiv qarşıdurma Rusiya prezidentinin reytinqini yüksəldən əsas vasitədir. Odur ki, qarşıdakı sammitdən sensasion nəticələr gözləməyə dəyməz…

Qeyd edək ki, Trampla Putinin görüşü iyulun 16-da Helsinkidə baş tutacaq. Xəbəri bu gün həm ABŞ, həm də Rusiya prezident administrasiyasından təsdiq ediblər.

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net