Ana səhifə

YAP-çı deputatın mandatı alına bilər - korrupsiya ittihamı ciddiləşir

    Tarix: 26-10-2017 08:53   
YAP-çı deputatın mandatı alına bilər - korrupsiya ittihamı ciddiləşir

Antikorrupsiya idarəsinin rəisi sabiq rektor Şəmsəddin Hacıyevin istintaqı və ifadəsinin alınması barədə nələr dedi?

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru, YAP-çı deputat Şəmsəddin Hacıyevin ali məktəbə rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı istintaqa çağırılması barədə xəbərlər təsdiqlənir. Yada salaq ki, ötən həftə “Yeni Müsavat” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Ş.Hacıyevin prokurorluqda ifadəsi alındığını yazmışdı.

“Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir”. Bunu oktyabrın 25-də jurnalistlərə Baş Prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, konkret olaraq kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək: “Bu barədə mətbuata da məlumat verilib. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir”.

Universitetin sabiq rektoru Ş.Hacıyevin dindirilməsi ilə bağlı suala cavab verən K.Əliyev bunları deyib: “Bununla bağlı bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adıçəkilən və digər şəxslərlə bağlı məlumat verə bilmərəm”.

İdarə rəisinin açıqlaması Ş.Hacıyevin bir neçə gün əvvəl “mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki?” deyərək, korrupsiya ilə bağlı istintaqa aidiyyəti olmadığının faktiki təkzibidir. Çünki K.Əliyev deputatla bağlı suala birmənalı yox deyə bilərdi. İdarə rəisinin konkret ad çəkməməsi və ya deputatın ifadəsinin alınmamamasını təkzib etməməsi Ş.Hacıyevin arxayınçılığının əsassız olduğunu sübut edir.



İdarə rəisinin Ş.Hacıyevin dindirilməsi ilə bağlı suala verdiyi cavab da sabiq rektorun vəziyyətinin yaxşı olmadığı barədə iddiaları doğrulayır. Yada salaq ki, bizə xəbər verən mənbə Ş.Hacıyevin deputat toxunulmazlığı səbəbindən istintaqa “qeyri- rəsmi” çağırıldığını iddia etmişdi.

K.Əliyev də dindirilmələrin aparıldığını təsdiq edib. İstintaqa digər şəxslərin də artıq cəlb edilməsi faktının təsdiqlənməsi də sabiq rektorun işini ağırlaşdıra bilər. Onun müavinləri, dekanlar və tikinti işləri ilə məşğul olan yaxınları və digər şəxslərin ifadələri YAP-çı deputatın sonrakı taleyi üçün həlledici ola bilər. Çünki bundan sonra sabiq rektorun məsuliyyətə cəlb olunma məsələsi gündəmə gələ bilər.


Əgər istintaq nəticəsində mənimsəmələrin sabiq rektorun dövründə baş verdiyi, Ş.Hacıyevin bu işdə məsuliyyəti olduğu təsdiqlənərsə, o halda Baş Prokurorluq təqdimatla Milli Məclisə müraciət etməlidir. Təqdimat Milli Məclisdə razılaşdırılarsa, onun mandatı ləğv olunmalıdır.

Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 179.3.2-ci maddə üzrə 7 ildən 12 ilədək, 308.2 maddə ilə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulur.

“YM”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net