Ana səhifə

““Beşinci kolon” keçən seçkilərdə özünü biabır etdi” - Deputatdan ilginc açıqlamalar

    Tarix: 31-08-2017 09:13   
““Beşinci kolon” keçən seçkilərdə özünü biabır etdi” - Deputatdan ilginc açıqlamalar

Deputat Vahid Əhmədovdan ilginc açıqlamalar: “Rusiya ilə ABŞ, Avropa arasında balans siyasətinin aparılması siyasəti hələlik davam etməlidir, çünki...”

Deputatların yay tətili istirahəti bitdi və artıq payız sessiyasına hazırlıq dövrü başlanır. Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədovla ölkədəki bəzi aktual məsələləri müzakirə edərkən əvvəlcə onun yay istirahətini harada keçirməsi ilə maraqlandıq. Bildirdi ki, daha çox ölkəmizdə istirahətə üstünlük verir, Qubada, doğma kəndi Qonaqkənddə olur. Amma bu yay ailə məsələləri ilə əlaqədar ölkə xaricinə də getməli olub:


- Amma əsas vaxtımı Bakıda və Qubada keçirdim. Sentyabrın 1-i Qurban bayramı ilə əlaqədar ola bilsin ki, yenə Qubaya getdim. Mən hər Qurban bayramında qurbanlar kəsdirirəm. Bu dəfə də ənənəni davam etdirmək fikrim var. Yeri gəlmişkən, öncədən bütün xalqımızı bu müqəddəs bayram münasibətilə təbrik edirəm. Onu da deyim ki, harda olmağımdan asılı olmayaraq, həmişə siyasətin içindəyəm, ölkədəki bütün hadisələrdən xəbərdaram.


- Deməli, tətildə də telefonu söndürüb özünüzü informasiyalardan təcrid eləmirsiniz?


- Yox, mən heç vaxt telefonumu söndürmürəm. Mənim telefonum 24 saat açıq olur.


- İstirahətdən söz düşmüşkən, ölkədə və xaricdə istirahət etdiyiniz zaman Azərbaycanın turizm sektoru ilə bağlı müqayisələr apardınızmı, bununla bağlı hansı qənaətiniz var?


- Əvvəlki illərə nisbətən irəliləyiş çoxdur. Turist axınının artması, Azərbaycana marağın çoxalması göz qabağındadır. Ölkəmizdəki quruculuq işləri, infrastruktur layihələrin həyata keçirilməsi, yolların çəkilməsi, iri, dünya səviyyəli hotellərin tikilməsi Azərbaycana turistlərin marağını artırıb. Digər tərəfdən, ölkəmizdə xüsusilə son 10 ildə çox ciddi beynəlxalq tədbirlər həyata keçirilib. Həmin beynəlxalq tədbirlər isə Azərbaycana marağı artırmağa kömək etdi. Azərbaycanın dünyada tanınmasında bu tədbirlərin çox böyük əhəmiyyəti var. Ona görə də turistlərin sayı bu il artıq oldu. Düzdür, turizmdə də qiymət, xidmət problemləri var. Qiyməti də bazar tənzimləyir. Bunun üçün həm hotellərin sayı çox olmalı, həm xidmət yüksək olmalıdır. Bunlar tədricən aradan qaldırılacaq, lakin vaxt lazımdır. Əvvəllər Gürcüstana, Türkiyəyə daha böyük maraq var idi, nəinki Azərbaycana. Amma indi Azərbaycana səfərlərin sayı artıb. Doğrudur, bizim, məsələn, Avropadan görəcəyimiz çox şeylər var. Çünki daha çox inkişaf etmiş demokratik dövlətlər 200 ildir müstəqil dövlət kimi mövcuddurlar. Biz isə cəmi 26 ildir ki, müstəqil dövlətik. Ona görə bizə də müəyyən qədər zaman lazımdır ki, Azərbaycanda demokratiya bərqərar olsun, müəyyən sahələrdə çatışmazlıqlar aradan qaldırılsın, ölkəmiz inkişaf etmiş dövlətlərin sırasına qoşulsun.


- 30 avqust Azərbaycanın dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbul olunmasının 26-cı ildönümü günüdür. Yeri gəlmişkən, bu münasibətlə istiqlalçı deputat olaraq sizi təbrik edirəm. Yəqin ki, o gün yadınızdadır...


- Çox sağ olun. Bəli, yaxşı xatırlayıram. Sovetlərin dağılması dövründə Azərbaycanda müstəqillik uğrunda aparılan mübarizə, Azərbaycan Xalq Cəbhəsinin fəaliyyəti... bütün bunlar hamısı gözümüzün qabağında baş verib, bu, tarixdir. Yadıma gəlir, Müstəqillik Aktının qəbulu ilə əlaqədar Ali Sovetin sessiyasında nə qədər etiraz edənlər, onun əleyhinə çıxanlar var idi. Deyirdilər ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz, Azərbaycanın buna imkanı yoxdur. Düzdür, həmin adamlardan indi vəzifədə olanlar, Azərbaycanın müstəqilliyindən geninə-boluna istifadə edənlər də var, amma mən həmişə bu fikirdə olmuşam ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir. 1991-ci ildən bəri Azərbaycanın dövlət başçıları sübut etdilər ki, Azərbaycan müstəqil dövlət kimi yaşayacaq. Xüsusilə də İlham Əliyevin prezidentliyi dövründə ciddi islahatlar həyata keçirildi, infrastruktur layihələri gerçəkləşdirildi, faktiki olaraq Azərbaycan sovet hökumətindən sonra yenidən qurulmağa başladı. Bütün bunlar hamısı böyük zəhmət tələb edən işlərdir. Düzdür, problemlərimiz var, heç kim bunu inkar etmir. Amma inkişaf olan yerdə problemlər də olacaq.


- Bəzi müşahidəçilər iddia edir ki, ölkəyə, elə iqtidarın siyasətinə ən böyük problemləri bir sıra məmurlar və ya onların övladları yaradır. Bu barədə nə deyə bilərsiniz?


- Məmurları, məmur övladlarını çox qınayırlar. Mən də hesab edirəm ki, məmur övladı daha təvazökar olmalı, xalqa daha yaxın olmalıdır. Övlad özü də fikirləşməlidir ki, mənim atam, ya anam yüksək vəzifədədirsə, mən özümü elə aparmalıyam, onların adına xələl gəlməsin. Düzdür, ata-ana tərbiyəsi birinci məsələdir, amma yetkinlik yaşına çatmış övladın özü də fikirləşməlidir ki, cəmiyyətə faydalı insan olsun. Onlar bilsinlər ki, hər bir mənfi hərəkətləri həm onların ata-analarına ziyan vurur, həm də dövlətimizin adına xələl gətirir. Mən tövsiyə edərdim ki, onlar belə hərəkətlərdən əl çəksinlər. Maşın qovurlar, daha nələr edirlər, bunlar bizə yaraşan hərəkətlər deyil. Millətimizin Qarabağ dərdi var. Bu ağır problemi həll etməliyik ki, gələcək nəsillərə qalmasın. Bir məsələni də deyim: elə məmurlar var ki, övladları da yüksək səviyyədə dövlətinə, millətinə xidmət edir. Elələri də var ki, müəyyən qədər yolunu azır.


- Nazirlər Kabinetində 8 müşavir vəzifəsinin ləğvi nə ilə bağlıdır? Bu, Kabinetin ləğvi istiqamətində atılan addım sayıla bilərmi?

“Cənab prezidentdən xahiş edirəm ki, Mehman Əliyev zaminə buraxılsın”

- Yox, Nazirlər Kabinetinin ləğvindən söhbət gedə bilməz. Çünki burada hər il minlərlə normativ sənədlər işlənib-hazırlanır. Mən orda işləmişəm, bilirəm ki, işin həcmi həddən artıq böyükdür. Bu çevik orqan kimi fəaliyyət göstərməlidir. Yəni konstitusiyada təsbit olunduğu kimi, Nazirlər Kabineti fəaliyyət göstərəcək. Amma Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalma struktur idi. Müstəqil Azərbaycanda iqtisadi sistem tamamilə dəyişib. Ona görə də cənab prezident Nazirlər Kabinetinin strukturunu təsdiq etdi. O struktura uyğun olaraq da Azərbaycan hökuməti yenidən qurulur. Faktiki olaraq müəyyən şöbələr birləşdirildi. Ola bilər yeni kadrlar gəlsin, yaxud yeni kadrlarla əvəzlənmə olsun. Cənab prezidentin sərəncamına uyğun olaraq aparılan işlər yəqin ki, sentyabrın sonunadək yekunlaşacaq, beləliklə, Nazirlər Kabineti tam şəkildə fəaliyyət göstərəcək.


- Vahid bəy, “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbs xəbəri yəqin ki, sizin üçün də gözlənilməz olub. Bu barədə nə deyə bilərsiniz?


- Vallah, Mehman Əliyevin həbsinə görə mən özüm də narahat oldum. Çünki Mehman Əliyevi şəxsən tanıyıram, ona böyük hörmətim var, kifayət qədər tanınmış jurnalistdir, “Turan” agentliyini yaradan şəxslərdən biridir. Nəinki Azərbaycanda, ölkəmizdən kənarda da onun məqalələri dərc olunur. İttihamlar vergi məsələsi ilə əlaqədardır. Yəqin ki, araşdırılacaq... Mən baxdım ki, bəzi jurnalistlər də cənab prezidentə onu zamin götürməklə bağlı müraciət ediblər. İnanıram ki, cənab prezident bununla əlaqədar özünün müsbət qərarını verəcək. Mən hesab edirəm ki, hansısa anlaşılmazlıq olub. Çünki Mehman Əliyev Azərbaycanın müstəqillik tarixində izi olan bir insandır. Jurnalistika sahəsində də kifayət qədər təcrübəlidir. Ona görə də mən hesab edirəm ki, Mehman Əliyevlə bağlı məsələ özünün müsbət həllini tapacaq. Bayaq dedim, Azərbaycanın müstəqillik yaşı cəmi 26 ildir, Amerika, Avropa ölkələri kimi 200 ildir müstəqil deyilik ki, hər şey gəlib öz yerini tapsın. Demokratiyada, söz azadlığında müəyyən mübahisələr, nöqsanlar ola bilər. Bütün bunları yerinə qoymaq üçün bizə müəyyən qədər vaxt lazımdır. Bu yaxınlarda müşahidə elədim, mənzil verilən jurnalistləri tənqid elədilər. Mənim fikrim belədir ki, insanın normal yaşayışı üçün mənzil mühüm əhəmiyyət kəsb edir. Ona görə də mən elə o zaman bir sıra jurnalist dostlarımızı təbrik elədim. İkincisi də, Azərbaycan müstəqil dövlətdir, bu dövlətin öz jurnalistinə mənzil hədiyyə etməsində qeyri-adi bir şey yoxdur. Ona görə də məhz cənab prezidentə təşəkkür düşür ki, bu məsələni diqqət mərkəzində saxlayır, jurnalistləri mənzillə təmin edir.


- Necə bilirsiniz, Mehman Əliyevlə bağlı müraciətlərə müsbət cavab veriləcəkmi?


- Mənə elə gəlir ki, müsbət reaksiya olacaq. Mən özüm də cənab prezidentdən xahiş edirəm ki, Mehman Əliyevlə bağlı həbs-qətimkan tədbiri aradan qaldırılsın və o, zaminə buraxılsın. Ola bilər ki, vergi ilə əlaqədar hansısa mübahisəli məsələlər var. Doğrudan da bu məsələ sübuta yetiriləcəksə, hər kəs öz cəzasını çəkməlidir, bunu hamımız başa düşürük. Amma yenə deyirəm, indiki zamanda biz hamılıqla elə etməliyik ki, bizim bütün diqqətimiz Qarabağ məsələsinin həllinə yönəlsin, diqqətimizi yayındıran digər məsələlər olmasın.


- Vahid bəy, 2018-ci ilin prezident seçkilərinə təxminən 14 ay qalır. Yəqin razılaşarsınız ki, Azərbaycanda keçirilən seçkilər həm də bölgədə maraqları olan güclərin də diqqətindədir. Siz növbəti seçkilərdən nələr gözləyirsiniz?


- Azərbaycan həmişə diqqət mərkəzində olan dövlət olub və bu gün də diqqət mərkəzindədir. Seçkilər ərəfəsində - istər parlament, istər prezident seçkiləri olsun, iri dövlətlər həmişə istəyirlər ki, Azərbaycanda öz maraqlarını təmin etsinlər. Amma Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz prezidentini seçir və seçilən prezident də öz dövlətini idarə edir. Son vaxtlar mətbuatda prezident seçkiləri ilə əlaqədar müəyyən dövlət rəsmilərinin, deputatların çıxışlarını oxuyuram. Hətta deyirlər ki, çox ağır keçəcək, çətin olacaq. Mən elə hesab eləmirəm. Son illərdə Azərbaycandakı prezident seçkiləri həmişə normal şəkildə həyata keçirilib və 2018-ci ildə yenə də seçkilər normal şəraitdə baş tutacaq, mən ciddi problem gözləmirəm. Hazırkı prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanda həyata keçirdiyi quruculuq işləri, infrastruktur layihələri, yaratdığı sabitlik onu deməyə əsas verir ki, 2018-ci ildə də yenə YAP İlham Əliyevin namizədliyini dəstəkləyəcək və İlham Əliyev prezidentliyə namizəd olacaq. Düzdür, başqa adlar da səsləndirilir, mən hamıya hörmətlə yanaşıram. Amma hələlik seçkilərlə bağlı mənim gözləntim belədir.


- 2013-dəki kimi xarici müdaxilənin olması gözləniləndirmi?


- Əlbəttə, kənardan müdaxilənin olması da istisna deyil. Lakin nə qədər müdaxilə olacaqsa, millətimiz yenə də öz sözünü deyəcək və prezidentini seçəcək. Azərbaycana maraq həddindən artıq böyükdür. Son vaxtlar fikir verirsinizsə, Azərbaycan NATO-nun bir sıra tədbirlərində iştirak etmir, bunu da bəziləri qəbul etmir. Amma mənim fikrimcə, Rusiya ilə ABŞ, Avropa arasında balans siyasətinin aparılması siyasəti hələlik davam etməlidir, çünki bizim başqa çıxış yolumuz yoxdur. Rusiya ilə gərgin münasibətlərdən sonra Gürcüstanda, Ukraynada nələrin baş verdiyini hər kəs gördü. Faktiki torpaqlarını itirdilər. Bizim əsas məqsədimizsə torpaqlarımızı geri qaytarmaqdır. Ona görə də bu siyasət hələlik davam etdirilməlidir. Düzdür, müəyyən problemlərimiz var, müstəqilliyimizi yeni qazanmış vətəndaşlarıq. Problemlərimiz davam edəcək, təzə nəsil yetişənə qədər.


- "Beşinci kolon" təhlükəsi barədə deyilənlərə münasibətiniz necədir? Onlar doğrudanmı ciddi təhlükədir, ya mifdir?


- "Beşinci kolon"un üzvləri keçən seçkilərdə də üzə çıxdılar, özlərini biabır elədilər. Bu seçkilərdə də mən inanmıram ki, “beşinci kolon” ortaya çıxıb nə isə fəaliyyət göstərsin. Ola bilər ürəkbulandırıcı hansısa addımlar atsınlar. Amma mən həmişə demişəm: İlham Əliyevi mən niyə müdafiə edirəm? Ona görə müdafiə edirəm ki, İlham Əliyev Azərbaycanın müstəqilliyini həmişə ön plana çıxarıb və bütün çıxışlarında müstəqilliyimizi birinci planda qeyd edir, ondan sonra digər məsələlərə keçir. Mənim üçün bu, xüsusilə önəmlidir. Çünki Azərbaycanın müstəqilliyi bizim üçün çox mühüm məsələdir. Nə qədər çətin, ağır olsa da, millətimizin müəyyən nümayəndələri əziyyət çəksə də, mən əminəm ki, 30, 40, 50 ildən sonra bizim övladlarımız Azərbaycanı doğrudan müstəqil dövlət kimi görəcəklər və inkişaf etmiş dövlətdə yaşayacaqlar. Amma indi bu çətinliklər bizim taleyimizə qismət olub, biz bunların öhdəsindən gəlməliyik.


Elşad PAŞASOY

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net