Ana səhifə

Bakı seçimlə üz-üzə - cəbhə xətti sərhədimizə yaxınlaşır

    Tarix: 14-06-2017 09:01   
Bakı seçimlə üz-üzə - cəbhə xətti sərhədimizə yaxınlaşır

Qonşuluqdakı vəziyyətin ölkəmizlə bağlı mümkün inkişaf ssenariləri; Azərbaycan bu böhranlardan uduşla da çıxa bilər; ekspertlər deyir ki...

Cənub qonşumuz İran və Qətər ətrafında təhlükəli və mürəkkəb proseslər davam edir. Baş verənlər qardaş Türkiyə kimi Azərbaycanı da istər-istəməz diqqətli olmağa vadar edir. Xüsusən də İran daxilində yaşananlara Bakının qat-qat həssas yanaşması qaçılmazdır. Əsas da iki səbəbdən.

Birincisi, Güney amilinə və İranda (Cənubi Azərbaycanda) 25 milyonluq soydaşımızın yaşaması faktına görə bu prosesləri izləməliyik. Çünki istisna deyil ki, böyük güclər, ələlxüsus, ABŞ İran rejimini daxildən zəiflətmək və İranı parçalamaq üçün bu amildən yararlanmağa səy eləsin. Hər halda, nəzəri ehtimal kimi olsa da, İranla, Güneylə bağlı ssenarilərə hazır olmağımız vacibdir. Söhbət həm də ölkəmizə böyük sayda qaçqınların gələ biləcəyindən dolayı yeni situasiyadan gedir.


İkincisi, İran bizim böyük qonşumuzdur və son zamanlar iqtisadi müstəvidə (“Şimal-Cənub” nəqliyyat dəhlizi və s.) onunla əməkdaşlığımız yüksələn xətlə gedir. İrandaxili ziddiyyətlər və böhran bu əlaqələrin inkişafını ləngidə və ya ertələyə bilər. O halda Azərbaycan da müəyyən iqtisadi itkilərə tuş gələcək. Güney amilinin gündəmə gəlməsi isə Bakıdan ikiqat-üçqat həssasiyyət tələb edir, nədən ki, bu amil Tehran-Bakı münasibətlərinə birbaşa təsir eləmək gücündədir.


***


Siyasi təhlilçilər də İran və Qətər ətrafında cərəyan edən dramatik hadisələrin Azərbaycandan da yan keçməyəcəyi qənaətindədirlər. O üzdən onlar Bakının xüsusilə diqqətli olmalı və proseslərə çevik reaksiya verməli olduğunu düşünürlər.



“İran daxilində terror aktları ölkəni daxildən qeyri-stabilliyə sürükləməyə cəhdlə bağlı verilən aydın işarədir”.

Bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Politoloqa görə, xarici təzyiqlər Tehranın geosiyasi düşmənlərinə tez və ağrısız qələbə qazandırmır. O, həmçinin teraktların simvolik və müqəddəs yerdə törədilməsinə diqqət çəkib.



“Sonuncu dəfə burada situasiyanı daxildən parçalamaqla bağlı böyük cəhdə 2009-cu ildə cəsarət edilmişdi. Bu gün dünyada çox şey pisə doğru dəyişib. Üstəlik, dünyada Suriya müharibəsi gedir. Əsas məsələ odur ki, ABŞ-ın yeni administrasiyasının İrana qarşı münasibəti gözlənilmədən pisdən ən pis səviyyəsinə düşdü. Ona görə də indi İranı daha sərt şəkildə blokadaya almağa yardım edəcək bütün aksiyalara izn verilib. Dolayısı olaraq, bu, İrandan sonra bütün meydanın məhv edilməsidir. Buraya xüsusi olaraq, İran haqqında öz fikrini söyləyən Qətərin blokadası da aiddir. Hər kəsə aydındır ki, İran üçün situasiya pis tərəfə doğru Ər-Riyaddakı böyük sammitdən sonra dəyişməyə başlayıb. Özbaşına Səudiyyə Ərəbistanı İranın üzərinə düşməyə cəsarət edə bilməzdi”, - deyə o bildirib.


Lakin rusiyalı təhlilçi hələlik İranın parçalanması ssenarisinin aktivləşdirilmədiyini söyləyib: “İranın mümkün parçalanma vasitələrindən biri də millətlərarası faktordur. Hazırda ölkənin daxilində elə də sadə olmayan etnik xəritə mövcuddur. Hələlik bu rıçaq işə salınmayıb. Görünür, bunun üçün şərait yetişməyib. Bu variant ayrı-ayrı teraktlardan yüzlərlə dəfə güclü sayılır. Əgər biz Cənubi Azərbaycandan danışsaq, o zaman ”baza" olan müstəqil Azərbaycan üçün bu, arzulanmaz ssenari olardı. İranın parçalanması Cənubi Qafqaz kimi regionda ağrısız baş tutmayacaq. Çünki İranla müharibə şəraitində bu bölgədəki hər kəsi parçalayacaqlar".


***


“İrandakı teraktlar, Qətər ətrafındakı diplomatik böhran, bu ölkə şeyxinin bütün ərəb və sünni ölkələrinin şiə İranı ilə münasibətləri normallaşdırmaq çağırışı ilə bağlıdır. Bu, Rusiyanın Yaxın Şərqdə terrorla mübarizədəki ən yaxın tərəfdaşı olan rəsmi Tehrana təzyiq göstərmək zəncirinin halqasıdır”. Bunu isə rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov son günlərdə Yaxın Şərqdə baş verən proseslər və onun doğura biləcəyi nəticələr haqda sözügedən sayta danışarkən deyib.




Politoloq bildirib ki, əslində baş verənlər ərəb ölkələrinin qlobal terrora - İŞİD-ə olan dəstəyinin, şiəliyə və türk dünyasına qarşı mübarizəsinin əsas vasitəsidir: “Qətər şeyxinin bəyanatının fonunda ərəb, əslində isə bütün semit dünyası birlik və əməkdaşlıq nümayiş etdirdi. Belə ki, o, bütün Yaxın Şərq regionunda şərtlərini diktə etməkdə özünü haqlı hesab edir. Özü də yalnız Suriyanın qanuni hakimiyyətinə deyil, həm də identikliyinə görə müvafiq gəlməyən digər xalqlara və dövlətlərə, ilk növbədə isə İrana, Türkiyəyə, onların dəstəklədiyi Yaxın Şərq qruplaşmalarına - konkret olaraq söhbətin onlardan hansı haqda getdiyinin əhəmiyyəti yoxdur, istər iranmeylli ”Hizbulla" olsun, istərsə də türkiyəmeylli Azad Suriya ordusuna. Ötən həftə baş verən hadisələr regionda gərginliyin kəskin dərəcədə artırması kimi qiymətləndirilməlidir".


Bununla yanaşı, ekspert dünya neft hasilatının 5 faizə qədərinin hazırda İŞİD-in nəzarətində olduğunu da unutmamağı məsləhət görür: “Bu təşkilat əgər regionun neft hasil edən digər ölkələrinin siyasəti məcrasında davranarsa, ”mülayim" adlandırılan Suriya müxalifəti vasitəsilə açıq-aşkar hərbi-texniki yardım göstərən Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələr kimi, karbohidrogen xammalı bazarında vəziyyətə təsir etməyə qadirdir. Belə olduqda biz Suriya və İraq ərazisində artan mübarizə intensivliyini gözləməliyik. İran və Türkiyə istər-istəməz beynəlxalq terrorizmə qarşı mübarizədə ön planda olacaq. Azərbaycan isə bu prosesdə ən yaxın arxa cəbhəyə çevriləcək, hətta nəinki hərbi-siyasi, ola bilsin, logistik mənada da".


***


Bu arada Qətərdə yaranmış durumdan dolayı qida məhsulları istehsalçılarının xaricdə yeni idxalçılar axtarışına çıxdığı məlum olub. Musavat.com-un məlumatına görə, bu barədə ntdtv.ru telekanalı məlumat yayıb.

“Fars körfəzinin qonşu ölkələri ilə mübahisəli durumu ölkədə xammal qıtlığına səbəb olub. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, digər ölkələr Qətəri terrorizmə dəstəkdə ittiham edir”, - deyə məlumatda qeyd olunur.


“International Projects Development Company”nin başçısı Əhməd Əl-Xələf isə bu xüsusda deyir: “Ötən həftə baş verənlərdən sonra biz istehsalın həcmini ikiqat artırmışıq. Biz həmçinin ixracı dayandırmışıq. İndi bizim bütün məhsullarımız daxili bazara yönəldilir. İndi biz Azərbaycandan, Özbəkistandan, Ukraynadan, Rumıniyadan, Bolqarıstandan xammal idxal etməyə başlamışıq. Növbəti həftədə başqa ölkələrlə anlaşma əldə eləmək üçün səfər edəcəyəm”.



Yada salaq ki, İran az öncə Qətərə ərzaqla dolu təyyarələr göndərib. Tehran bəyan edib ki, əmirliyin ərzağa nə qədər ehtiyacı olsa, o qədər də göndəriləcək. Türkiyə də Qətərə ərzaq yardımı edir. Və belə görünür, Azərbaycan da bu proseslərdən kənarda deyil. Söhbət təkcə xammal tədarükündən dolayı iqtisadi uduşlardan yox, həm də və daha çox Qətər ətrafındakı olayların Azərbaycan üçün siyasi nəticələrindən gedir.
Bu nəticələrin neqativ olmaması üçün Bakı və Ankaranın sinxron hərəkət etməsi və çevik siyasət aparmasına heç vaxt olmadığı qədər lüzum var. Ən azı o səbəbə ki, İranın qatı düşməni və Qətərə qarşı kampaniyanın aparıcı dövləti Səudiyyə Ərəbistanı Azərbaycanla da, Türkiyə ilə də strateji tərəfdaş ölkədir. Ər-Riyad hətta Qarabağ məsələsinə görə indiyədək Ermənistanı dövlət kimi tanımayıb.


İstənilən halda, iki qardaş ölkənin yeni çağırışlar və sınaqlarla üz-üzə gəldiyi dəqiqdir. Bu sınaq-testlərdən isə yalnız birgə uduşla çıxmaq olar.


Siyasət şöbəsi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net