Ana səhifə

Əliyevdən sensasion bəyanatlar - mesaj ünvanına çatdı

    Tarix: 27-05-2017 09:06   
Əliyevdən sensasion bəyanatlar - mesaj ünvanına çatdı
“Heç bir avantüraya getməyəcəyik”; İran ətrafında yeni oyunların başlaması, Rusiyanın isə Qərblə münasibətlərində gərginliyin artdığı bir vaxtda “Azərbaycan hansı mövqe tutacaq” sualına İlham Əliyev qəti cavab verdi; dövlət başçısının ABŞ prezidenti Trampın adını çəkərək “başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır” deməsinin arxasındakı səbəb...


Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, eləcə də dünyanın ölkəmizlə münasibətlərinə dair geniş çıxış edib. Dövlət başçısı çıxışında ölkənin həm daxili, həm xarici siyasəti ilə bağlı mühüm açıqlamalar və ipucları verib.

Prezident öncə müsəlman dünyasında ilk dəfə Azərbaycan Demokratik Respublikasının qurulmasını xalqımız və bütün dünya üçün tarixi hadisə adlandırıb: “Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaradıblar. Biz, təbii ki, bununla fəxr edirik. Məhz bizdən sonra demokratik respublikalar digər müsəlman dövlətlərində qurulmağa başlayıb. Azərbaycan xalqı və dövləti Azərbaycan Demokratik Respublikasının qurucularına daim böyük hörmətlə yanaşıb, onların xatirəsini qəlblərində yaşadır. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası qısa müddətdə mövcud olub. İki ildən sonra respublika süqut edib. Bu bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir”.




Dövlət başçısı vurğulayıb ki, 1991-ci ildə bərpa edilmiş müstəqillik böyük tarixi şans, böyük nailiyyət olub.


Prezident qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk iki ili formal xarakter daşıyıb, belə ki, o zaman ölkəni idarə etmiş şəxslər tarixi şansdan istifadə edə bilmədilər. Dövlət başçısı əlavə edib ki, bu qüvvələr ölkəni vətəndaş müharibəsi girdabına sürükləyiblər.


Prezident “xarici təhlükələr” dedikdə nələri nəzərdə tuta bilər?


Ölkədə hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur. Ehtimal ki, prezident “risklər” dedikdə həm hakimiyyətə gəlmək iddiasında olan alternativ qüvvələrin zəifliyini, həm siyasi stabilliyi, həm də sabitliyi təhdid edən radikal qüvvələrin olmamasını nəzərdə tutur.


Dövlət başçısı ölkəmizə əsas risklərin xaricdən qaynaqlandığını bəyan edib. “Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq” deyən prezident əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək.
Bu bəyanat da kifayət qədər diqqət çəkir. Əvvəla, “xarici təhlükələr” dedikdə dövlət başçısı bunların sırasında heç şübhəsiz terror təşkilatlarını da nəzərdə tutur. Amma “xarici təhlükələr” yalnız terror təşkilatlarından da ibarət deyil. Bu ifadə həm də ölkənin daxili və xarici siyasətinə müdaxilələri də özündə ehtiva edir.


Sirr deyil ki, çox mürəkkəb bir regionda yerləşən Azərbaycanı illərdir müxtəlif münaqişələrə cəlb etmək cəhdləri olub və indi də var. Bu, həm İran ətrafında siyasi oyunlarda, həm Rusiya ilə Qərbin gərgin münasibətlərində dəfələrlə özünü büruzə verib. Azərbaycan isə məhz prezidentin balanslı siyasəti sayəsində qonşuları ilə dostluq münasibətlərini qoruyub saxlaya bilib. İndi xüsusilə İran ətrafında yeni oyunların başlaması, Rusiyanın isə Qərblə münasibətlərinin daha da gərginləşməsi müşahidə olunur. Bu səbəbdən “Azərbaycan hansı mövqeyi tutacaq” sualı indi təkcə ölkənin taleyinə biganə olmayan vətəndaşı deyil, bütün maraqlı dövlətləri düşündürür. Prezident İlham Əliyev çıxışında bu sualına aydın və birmənalı cavab verib: “Azərbaycan xarici siyasətdə heç bir avantüraya getməyəcək”. Bu, Azərbaycana ən müxtəlif yollarla beynəlxalq münaqişələrdə tərəf olmaq üçün təzyiq etmək istəyən qüvvələrə “cəhdləriniz əbəsdir” kimi birmənalı cavabdır.


ABŞ prezidenti Trampa açıq dəstəyin səbəbi...




İlham Əliyev çıxışında xarici təzyiqlər mövzunu davam etdirərək ABŞ prezidenti Donald Trampın “başqa ölkələrin daxili işlərinə qarışmayacağıq” bəyanatını xatırladıb: “Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Axı Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır”.


Dövlət başçısı ABŞ prezidenti Trampın adını çəkərək “başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır” deməsi diqqətə layiqdir. Çünki bu siyasət hazırda Ağ Ev rəhbərinə ciddi qınaqlar gətirir, həm Konqresdə, həm Senatda “Amerika qıraqda duracaqsa, heç kim onunla hesablaşmayacaq” kimi bəyanatlar səslənir.




Azərbaycan rəhbərinin isə yüksək tribunadan bu siyasətə dəstək verməsi həm ABŞ-dakı, həm də Qərbdəki anti-Tramp qüvvələrin narazılığına səbəb ola bilər. Bunları dövlət başçısı da hesablamamış deyil. Amma “Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır” deməsi, zənnimizcə, daha çox Azərbaycanın daxili siyasətinə bundan sonra da təsir etmək istəyən qüvvələrə yönəlik mesajdır.


Məlumdur ki, gələn il ölkədə prezident seçkiləri ilidir. Hər seçkilər ərəfəsi xarici qüvvələrdə də fəallaşmalar müşahidə olunur. Prezidentin Tramp nümunəsində həmin qüvvələrə net cavabı daha sonra dediyi sözlərdə var: “Biz özümüz heç kimin işlərinə qarışmırıq və başqalarına da imkan vermirik ki, bizim işlərimizə qarışsınlar. İmkan verməyəcəyik ki, kimlərsə bizə nəyi necə etməli olduğumuz haqda öz mövqelərini qəbul etdirməyə çalışsın” deyə, prezident qeyd edib.


Yeri gəlmişkən, dövlət başçısı ötən il də Respublika günü ilə bağlı çıxışında “heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın” mövqeyini ifadə etmişdi.


Prezidentin təşəbbüskarı olduğu nəhəng layihəni kimlər əngəlləyir?


Tədbirdə xarici təzyiqlər və müdaxilələr barədə səslənən daha bir mühüm məqam Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır. Məlumdur ki, sözügedən qaz xətti Azərbaycanla Avropanı birləşdirəcək daha bir nəhəng enerji layihəsidir. Amma bu layihənin gerçəkləşdirilməsinə Avropa ərazisindən süni əngəllər yaradılır.




Prezident kəmərin tikintisinə mane olmaq üçün törədilən bu təxribatlardan da danışıb. Bildirib ki, bu təxribatların məqsədi Azərbaycan qazının Avropaya çıxarılmasına mane olmaqdır. Prezidentin sözlərinə görə, bu məqsədlə müəyyən qüvvələr böyük pullar buraxırlar, ekoloji qruplar adı altında adamlar hazırlayırlar, məqsəd isə bu layihənin həyata keçirilməsinə mane olmaq, yaxud əngəlləməkdir. “Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb” deyə, İlham Əliyev bildirib.


ABŞ-ın və Avropa Birliyinin ciddi dəstək verdiyi bu layihənin əsas təşəbbüskarı Azərbaycan prezidentidir. Neftin qiymətinin düşməsi ilə qaz kəmərləri üzərində qurulan siyasi intriqalar daha da artıb ki, bu da Cənub Qaz Layihəsinin tikintisinə yaradılan süni maneələrdə özünü göstərir. Bəzi iddialara görə, “ekoloji təmizlik” təşkilatlarının arxasında konkret dövlətlər (məsələn, Rusiyanın adı çəkilir) və erməni lobbisinin ciddi pulu dayanır. Prezident çıxışında bu “təxribatçı” əllərin arxasındakı qüvvələrin adını çəkməsə də, mesaj ünvanlarına çatmış oldu.


“Yeni Müsavat”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net