Ana səhifə

Paşinyanın qərar: Qarabağda müharibəyə aparacaq

    Tarix: 15-05-2018 21:51   





“Məxməri inqilab”dan sonra Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağ danışıqlarında sərt mövqedən çıxış edəcəyi gözlənilir.

Baxmayaraq ki, ekspertlər Paşinyanı qərbyönümlü siyasətçi adlandırır və münaqişənin həllində daha mülayim siyasət aparacağını deyirlər. Ancaq görünən odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi ilə bu ölkənin işğalçı siyasəti dəyişməyəcək.

Qarabağ məsələsində əsas söz sahibi olan, Ermənistanın strateji müttəfiqi Rusiyanın mövqeyini açıqlaması diqqəti başqa tərəfə istiqamətləndirdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistanda siyasi rəhbərlik formalaşana qədər bu proses aparıla bilməz. 

Ermənistanda siyasi sabitlik yoxdur. Nikol Paşinyan baş nazir seçilsə də, hökumətin formalaşması prosesi davam edir. Nəzərə alsaq ki, parlamentdə Sarkisyan rejiminin dəstəkçiləri üstünlük təşkil edir və maliyyə, struktur baxımından hazırkı hakimiyyətdən daha güclüdür. Proseslərin yekunu ilə bağlı konkret fikir demək çətindir. Ancaq analitiklər Ermənistanın yeni hakimiyyətinin Qarabağla bağlı mövqeyini şərh edərkən, müxtəlif ehtimallar səsləndirirlər. Ehtimallardan biri də Paşinyanın ümumiyyətlə, danışıqlardan imtina etməsidir. Maraqlıdır, Paşinyan danışıqlardan imtina edərsə, bu Qarabağda müharibə riskini artırarmı?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində Qarabağda müharibə riskinin hər zaman olduğunu deyib: “Azərbaycan Silahlı Qüvvələri Ali Baş komandanının mövqeyi bundan ibarətdir ki, danışıqlar prosesi nəticə verməsə, müharibə variantı da onun nəzər diqqətindədir. 

Proseslərdə əlbəttə ki, Paşinyanın şəxsi mövqeyi rol oynamayacaq. Çünki o, bilavasitə onu hakimiyyətə gətirən qüvvələrin mövqeyindən çıxış etməli olacaq. Oyunun qaydaları belədir. Ancaq hələlik görünən odur ki, o da Sarkisyanın müharibə ritorikasını davam etdirir. Bunu Qarabağa səfər etməklə də göstərdi. Xaricdəki diaspora və daşnaksütyun kimi terrorçu keçmişi olan qüvvə onu dəstəkləyib, bu da onun həmin radikal şovinist-terrorçu qüvvələrin təsiri altında olduğundan xəbər verir”.

Politoloq Paşinyanı hakimiyyətə gətirən qüvvələrin Qarabağ probleminin həllində maraqlı olmadığını deyib: “İndiyədək cərəyan edən proseslərin gedişatına nəzər saldıqda görünən odur ki, Paşinyan Qarabağ məsələsində əsaslı bir dönüş etmək vədi verməyib, nə də bu onun qısamüddətli fəaliyyətindən hiss olunmur. Üstəlik, onu hakimiyyətə gətirən qüvvələr arasında ATƏT-in Minsk Qrupunun üzvlərinin - ABŞ və Fransanın olduğu da istisna olunmur. Bu ölkələr Rusiya da daxil olmaqla indiyədək Qarabağ məsələsi ilə bağlı hansı irəliləyişlər etdilər ki, bundan sonra da etsinlər?!”

Nəzakət Məmmədova hesab edir ki, Paşinyan müstəqil düşüncəli siyasətçi deyil. Ona görə də nəyisə öz şəxsi iradəsi əsasında dəyişə bilməz: “Onun bağlı olduğu dairələr nə təlimat verəcəklərsə, o da onu icra etməyə çalışacaq. Üstəlik, burada Rusiya amili də nəzərdən qaçmamalıdır. Onu hakimiyyətə gətirən qüvvələrin məqsədi Qarabağ münaqişəsində dönüş yaratmaq üçün yox, Rusiyanı və İranı bölgədə sıxışdırmaqdır. Əgər Qarabağa dair danışıqlar pozularsa, bu, Paşinyanın şəxsi iradəsi ilə deyil, onun tabe olduğu dairələrin bu münaqişəni də Rusiyanın monopoliyasından alıb yeni formaya keçirmək məqsədi ilə ola bilər. Bunun isə Azərbaycan üçün faydalı yaxud zərərli olacağına o vaxt qərar verilə bilər”.

Vilayət Muxtar

Cebhe.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net